525.Az

Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinə dair müşavirə


 

Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinə dair müşavirə <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının təzahürü kimi, ötən dövrdə ölkədə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi əhəmiyyətli şəkildə genişləndirilib, bölgələrdə əlilliyi olan insanlar üçün yeni reabilitasiya mərkəzləri, habelə son illər Bakıda müəyyən yaşayış yeri olmayan şəxslər və baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial müəssisələr yaradılıb. Nazir bildirib ki, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanist təşəbbüslərinin nəticəsi olaraq, Abşeron rayonunda iki yaşayış evi inşa olunaraq, 243 mənzil dövlət uşaq müəssisələrinin məzunlarına təqdim olunub: “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən həmin müəssisədə bu təbəqədən olan gənclər üçün daha bir yaşayış binasının inşası da yekunlaşır. Eləcə də fondun dəstəyi ilə son illərdə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb”.

S.Babayev qeyd edib ki, hazırda sosial xidmət müəssisələrində 1300-dək şəxs, o cümlədən, 290 nəfər sağlamlıq imkanları məhdud uşaq dövlət təminatında yaşayır: “Bu müəssisələr müvafiq kateqoriyalardan olan şəxslərə stasionar şəraitdə sosial xidmətlərin göstərillməsi üçün nəzərdə tutulub. Göstərilən xidmətlər yeni, müasir, reabilitasiya məqsədli yanaşmalar əsasında təkmilləşməli, xidmət göstərilən şəxslərin yaşayış tərzində, həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə, fəal həyata dönüşünə zəmanət verə bilən istiqamətdə qurulmalıdır. Onlardan əmək qabiliyyətli şəxslərin məşğulluğuna, o cümlədən, özünüməşğulluğuna yönəlik tədbirlər də görülməlidir. Ümumilikdə, sosial xidmətlərin keyfiyyəti artırılmalı, bu sahədə şəffaflıq tam təmin edilməli, beynəlxalq standartlara uyğun yeni sosial xidmət modelinin tətbiqi yönündə ciddi addımlar atılmalıdır. Sosial işçi personalının bilik və bacarıq səviyyələri artırılmalı, onların fəaliyyəti ilə bağlı təkmil monitorinq-qiymətləndirmə sistemi formalaşdırılmalıdır”.

Nazir reabilitasiya müəssisələrində tətbiq olunan bərpa müalicəsi prosedurlarının təkmilləşdirilməsinin, həkim-reabilitoloqların peşəkarlığının artırılmasının, ümumilikdə, bu müəssisələrin konkret səmərəli nəticələrə yönələn fəaliyyət mexanizminin qurulmasının vacibliyini qeyd edib.

S.Babayev diqqətə çatdırıb ki, həm sosial, həm də reabilitasiya xidmətləri sahəsində işlərin əsas məqsədi həmin insanların həyata dönüşünə, onların cəmiyyətə qazandırılmasına nail olmaqdır: “Bu müəssisələrdə hər bir şəxslə bağlı fərdi reabilitasiya planı hazırlanmaqla iş aparılmalıdır. Eyni zamanda, xidmət göstərilən insanlar özlərini daim qayğı mühitində hiss etməlidirlər, onlara mehriban münasibət göstərilməlidir, etik davranış qaydalarına ciddi riayət olunmalıdır”.

Müşavirədə sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ətraflı müzakirə olunub, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün strateji yanaşmaları əks etdirən təkliflər əsasında tədbirlər proqramının hazırlanması qərara alınıb, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.

CEYHUN

 





15.06.2018    çap et  çap et