525.Az

Nazir təhsildə fərqlənən məzunlarla görüşdü


 

Nazir təhsildə fərqlənən məzunlarla görüşdü<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.

Tədbirdə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqələrin qalibləri iştirak ediblər.

Görüş zamanı çıxış edən C.Bayramov deyib ki, 2017-2018-ci tədris ili Azərbaycan üçün uğurlu olub. Nazirin sözlərinə görə, məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi - bütün pillələrdə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir başa çatan tədris ilinin uğurlarla yadda qaldığını bildirib. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və müvafiq sahədə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bu olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsinin, diqqət mərkəzində saxlanılmasının şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olduğunu deyib.

Təhsil nazirinin dediyinə görə, 2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib: “2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub. Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan Muxtar Respublikası daxil olmaqla isə 298 nəfər qalib elan edilib”.

C.Bayramov qeyd edib ki, Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının   pilot mərhələsinin keçirilməsinə başlanılıb. Tədqiqatın pilot mərhələsində 7-si paytaxt, 18-i region məktəbləri olmaqla,  ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub.

Nazir əlavə edib ki, 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçibsə, 2017-ci ildə bu rəqəm 1370 olub.

C.Bayramov məzunların növbəti təhsil pilləsində də uğur qazanacaqlarına və əldə etdikləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlər üçün onlara imkanlar yaradacağına əminliyini ifadə edib.

Sonra nazir məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Görüşün sonunda şagirdlərə diplomlar təqdim edilib, xatirə şəkli çəkilib.

S.QARAYEVA

 





17.06.2018    çap et  çap et