525.Az

Yaponiyanın Kumamoto Universitetinin professoru BDU-da


 

Yaponiyanın Kumamoto Universitetinin professoru BDU-da<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara ilə görüşüb.

Qonağı yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor Azərbaycan-Yaponiya əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, universitetlərarası əməkdaşlığın genişləndirilməsinin önəmindən bəhs edib. Görüş zamanı birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universiteti və BDU arasında tələbə, magistr və doktorantların mübadilə məsələləri müzakirə edilib.

Sonra Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara Nanoaraşdırmalar Mərkəzində olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov son illər əldə olunan elmi nailiyyətlər barədə ətraflı məlumat verdikdən sonra mərkəzin əməkdaşı, doktorant Almara Rəhimlinin Yaponiyaya səfəri zamanı aparacağı tədqiqat işlərinin konturları müzakirə edilib. Doktorantın Silisium Dioksid nanohissəciklərinin səthinin monomerin polimerləşməsi nəticəsində polimer örtüklə örtülməsi və daha sonra termik işlənmə nəticəsində karbonlaşması məsələləri ilə məşğul olacağı qeyd edilib, gələcəkdə bu tip maddələrin səthində dərman maddələrinin yerləşdirilməsi və dərman maddələrinin ünvanlı daşınmasında tətbiqinin mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə bu cür polimerlərin lüminessensiya materialı kimi tətbiqinin geniş olduğu bildirilib, gələcəkdə xərçəng hüceyrələrinə dərman maddələrinin daşınması məqsədilə bu texnologiyadan istifadə edərək dəmir-oksidin səthinin də karbonlaşdırılması və dərman maddələrinin nanohissəciklərin səthinə tikilməsi barədə diskussiya aparılıb, müəyyən razılığa gəlinib.

S.QARAYEVA

 





17.06.2018    çap et  çap et