525.Az

“Qarabağ” muğam qrupu Tacikistanda dostluq konserti verib


 

“Qarabağ” muğam qrupu Tacikistanda dostluq konserti verib<b style="color:red"></b>

“Qarabağ” muğam qrupu Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Şuqnan rayonunun inzibati mərkəzi olan Porşinev şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Azərbaycan-Tacikistan dostluq konserti ilə yerli əhalinin qonağı olub. Ölkəmizin Tacikistandakı səfirliyinin və Dağlıq Bədəxşan Muxtar Vilayətinin rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilən konsert 2 saata yaxın davam edib. Tacikistandakı səfirliyimizdən qəzetimizə verilən məlumata görə, görkəmli muğam ifaçısı, Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında Pamirə yollanan “Qarabağ” muğam qrupu üzvlərinin – xanəndənin özünün və ikinci Beynəlxalq muğam festivalının qalibi Aytən Məhərrəmovanın çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Xanəndələri Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), həmçinin Sultan Əliyev (nağara) müşayiət edib.

Konsertin əvvəlində Dağlıq Bədəxşan Muxtar Vilayətinin Şuqnan rayonunun rəhbəri Şodixon Camşedov çıxış edərək Bakıdan gələn qonaqları salamlayıb, Azərbaycan və tacik xalqlarının çoxəsrlik dostluq və qardaşlıq əlaqələrindən danışıb: “Bu əlaqələr Tacikistan Respublikasının Prezidenti Emomali Rahmonun Azərbaycana rəsmi səfərindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündən sonra yeni keyfiyyət kəsb edib”.

Ş.Camşedov azərbaycanlı musiqiçilərə Pamirə gəldiklərinə və konsert verdiklərinə görə təşəkkürünü bildirib: “Son iki ayda Azərbaycanın Tacikistandakı səfirliyi ölkənin müxtəlif regionlarında ayrı-ayrı musiqi qruplarının ifasında 13 konsert təşkil edib.Azərbaycan musiqiçilərinin buraya gəlişi sıx mədəni əlaqələrimizin bir daha bariz nümunəsidir”.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov çıxışında bildirib ki, “Qarabağ” muğam qrupu Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında Dağlıq Bədəxşan Muxtar Vilayətində keçirilən festivalda iştirak edib və ilk dəfə olaraq bu gün Pamirdə konsert verir: “ Mənsum İbrahimov artıq 20 ildir Azərbaycan səhnəsində “Leyli və Məcnun” operasında Məcnun rolunda oynayır və bütün dünyada məşhur olan sənətkardır”.

Səfir Tacikistan musiqiçilərinin də gələcəkdə Azərbaycana gələcəklərinə əminliyini ifadə edib: “Bu il ərzində səfirliyin təşəbbüsü ilə Tacikistanın Xatlon, Soqd vilayətlərində, Kurqan-Tube, Düşənbə, Xucənd şəhərlərində konsertlər təşkil olunub. Bu il mayın 19-da S.Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operası ilk dəfə olaraq Tacikistan xoru, orkestri və aktyorlarının iştirakı ilə Azərbaycan dilində tamaşaya qoyulub. Şərqin ilk operası olan “Leyli və Məcnun” operası 1907-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılıb.

 Bundan əvvəl 2012-ci ildə “Rast” muğam simfonik orkestri Düşənbə şəhərində Niyazinin 100 illiyinə həsr olunan konsert proqramı ilə çıxış edib. Həmin vaxt M.İbrahimovun rəhbərliyi ilə bu musiqi qrupu Düşənbədə olub, tamaşaçılara şirin Azərbaycan musiqisi dinləmək imkanı yaradıb. Bizim qədim və bir-birinə bağlı musiqimiz vardır. Muğam və şaşmakom eyni kökdən qidalanan musiqilərdir”.

Səfir A.Həsənov sonda Tacikistan hökumətinə, Dağlıq Bədəxşan Muxtar Vilayətinin rəhbərliyinə, ölkənin Xarici İşlər və Mədəniyyət nazirliklərinə, bütün təşkilatçılara indiyədək həyata keçirilmiş musiqi tədbirlərində iştiraka yaratdıqları şəraitə və bu konsertin təşkil olunmasında göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





16.07.2013    çap et  çap et