525.Az

Budapeştdə gənc rəssam Çingiz Mehbalıyevin əsərləri sərgilənib


 

Budapeştdə gənc rəssam Çingiz Mehbalıyevin əsərləri sərgilənib <b style="color:red"></b>

Macarıstanın paytaxtı Budapeştdə gənc azərbaycanlı rəssam Çingiz Mehbalıyevin “Həyatınızı rəngləyərək” adlı fərdi rəsm sərgisi açılıb.

“Baku Creative Center”dən verilən məlumata görə, “YBL” sarayında təşkil edilmiş sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev istedadlı rəssam Çingiz Mehbalıyevin rəsmlərindən aldığı təəssüratları sərgiyə toplaşanlarla bölüşüb, bu cür tədbirlərin müasir Azərbaycan mədəniyyətinin tanıdılmasındakı xüsusi rolunu qeyd edib.

 Macarıstan Milli Assambleyasının (parlamentinin) və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tamaş Hegedüş Azərbaycan mədəniyyəti və istedadlı rəssam haqqında fikirlərini söyləyərək ölkəmiz və Macarıstan arasında getdikcə genişlənən ictimai və mədəni əlaqələrdən məmnun olduğunu deyib. Tədbirdə, həmçinin Azərbaycandakı Macarıstan Ticarət Evinin rəhbəri Ceyhun Abdullayev, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva, Macarıstan-Azərbaycan Gənclər Təşkilatının təsisçiləri və üzvləri, bu ölkənin ictimai xadimləri, aparıcı siyasi partiyalarının gənclər təşkilatlarının liderləri, eləcə də yerli və əcnəbi iş adamları və digər şəxslər iştirak ediblər.  Sərgidə Çingiz Mehbalıyev yaradıcılığı barədə macar mətbuatı nümayəndələrinin suallarını cavablandırıb.

Mərasimin sonunda Vilayət Quliyev, Tamaş Hegedüş və digər qonaqlar sərginin qonaq kitabına öz ürək sözlərini və rəssamın əsərlərindən aldıqları təəssüratları yazıblar.

Sərgidə rəssamın 30-dək rəngkarlıq və qrafika işləri nümayiş etdirilib.

Bu, Çingiz Mehbalıyevin beynəlxalq miqyasda ilk uğuru deyil. O, 2007-ci ilin noyabrında UNESCO tərəfindən keçirilən və Mövlanə Cəlaləddin Ruminin anadan olmasının 800 illiyinə həsr olunan beynəlxalq sərgidə iştirak edən ən gənc rəssam olub.

Rəssam 2008-ci ildə “Molla Nəsrəddin – Azərbaycan” Beynəlxalq karikatura müsabiqəsində iştirak etmiş və Azərbaycan Karikaturaçılar Birliyinə üzv olub. 2010-cu ilin martında Türkiyənin Bartın şəhərində keçirilən sərgidə iştirakından sonra isə SESAN (Serbest Sanatçılar) Beynəlxalq Rəssamlar İttifaqına üzv qəbul edilib.  Çingiz Mehbalıyevin çəkdiyi “İmadəddin Nəsimiyə həsr olunmuş rənglər” rəsmi 2011-ci ildə MDB ölkələri arasında keçirilən beynəlxalq müsabiqədə münsiflər heyəti tərəfindən müsabiqənin beynəlxalq kataloquna daxil edilib.

S.ABDULLAYEVA

 





16.07.2013    çap et  çap et