525.Az

Gənc bəstəkarların plenumu keçirilib


 

Gənc bəstəkarların plenumu keçirilib<b style="color:red"></b>

Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) gənc bəstəkarların plenumunu təşkil edib. Plenum çərçivəsində iki konsert və müzakirə keçirilib.

Bununla bağlı mətbuat konfransında çıxış edən ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə il ərzində keçirilmiş konfranslar, yubileylər və beynəlxalq səviyyəli festivallar haqqında danışıb: “Belə tədbirlərdə gənc bəstəkarlara böyük imkanlar verilir, onların əsərləri klassik bəstəkarın əsərləri ilə bir yerdə səsləndirilir. Mövsümün son tədbiri olan plenum hər il keçirilir. Gənc bəstəkarların il ərzində yazdıqları yeni əsərlər haqqında rəy formalaşdırmaq üçün plenum bir növ sınaqdır. Həmçinin əsərin səviyyəsi onun ilk dəfə ifa edilməsindən də asılıdır”.

Daha çox kamera əsərlərinin təqdim edildiyi plenumda ölkədə və xaricdə təhsil alan tələbələr də iştirak ediblər. Bunların sırasında Ülkər Məmmədli, Kəmalə Əlizadə, Kamran Nəsirov, Fərid Fətullayev, Aliyə Məmmədova, Sevinc Əliyeva, Əli Geranmehr və digər gənc və orta nəslin nümayəndələri bəstəkarlar da olub.

Plenum çərçivəsində Üzeyir Hacıbəyli adına salonda konsert keçirilib. Konsertdən öncə  ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə gənc bəstəkarlara öz bacarıqlarını nümayiş etdirmək üçün həmişə şərait yaratdıqlarını söyləyib: “Sizlər  Azərbaycan musiqisinin nümayəndələrisiniz və gələcək musiqimizin taleyini bu gənc bəstəkarların əsərləri müəyyən edir. Konsertlər plenuma təqdim edilmiş əsərlərə baxış məqsədilə keçirilir”.

Sonra əsərləri səslənən gənc bəstəkarlar haqqında məlumat verilib və onların musiqiləri ifa olunub.

Konsert proqramında Ülkər Məmmədlinin piano üçün “Polifonik məcmuə”, əslən Təbrizdən olan Əli Geranmehrin klarnet, violin və violonçel üçün “Pyes”, Kəmalə Əlizadənin piano üçün “Brezza musicale di Venezia”, Kamran Nəsirovun qaboy və piano üçün “Elegiya”, Fərid Fətullayevin piano üçün “3 Prelüd” və Orxan Haşimovun klarnet və piano üçün “Sonata” əsərləri təqdim edilib.

Bu musiqi əsərlərini Pərvin Rüstəmova, Əziz Qarayusifli, Elgün Ağazadə, Eyyub Əliyev, Rza Abbasquliyev, Leyla Əliyeva və müəlliflər ifa ediblər.

S.ABDULLAYEVA

 





16.07.2013    çap et  çap et