525.Az

Kreml İrəvan üzərində nəzarəti azaltmayacaq


 

"PUTİN AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA TƏMAS XƏTTİNDƏ HEÇ OLMAZSA, 1 AY ATƏŞKƏSƏ RİAYƏT EDİLMƏSİNİ ARZULAYIR"

<b style="color:red">Kreml İrəvan üzərində nəzarəti azaltmayacaq</b>

"Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu uçaqları havaya qaldırıblar. Bu da azmış kimi, Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Cu-30 CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiyanın informasiya agentliyində yazısı yayımlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: "Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir".

"Bizim hərbi təyyarələrin Qarabağ məkanında uçuş etmələrinin zamanı çatmayıbmı? Qarabağ səması bizim hava məkanı deyilmi? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğunu tanıyır. Belədirsə, təyyarələrimiz oralarda niyə uçmur? Bizim təyyarələr Qarabağın hava sahəsində uçmadıqca separatçılar zaman-zaman işğal altında olan Xocalıdakı hava limanını addım-addım hərəkətə gətirməyə çalışacaqlar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə rus saytında yayımlanan həmin erməninin "neft və qaz infrastrukturunuzu bombalayarıq" sözlərinə dərhal reaksiya verməlidir. Neft və qaz infrastrukturlarımıza olan hədə tək bizə aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var. Onlar da erməni təxribatına qarşı öz sözlərini deməlidirlər. Bunu da bizim Xarici İşlər Nazirliyi təşkil etməlidir", - deyə E.Şahinoğlu qeyd edib.

Rusiya prezidenti Vladimir Putinin futbol üzrə dünya çempionatına milyardlarla dollar pul xərclədiyini, yeni stadionlar tikdiyini, milyondan çox azarkeşin Rusiyaya səfər etdiyini, üstəgəl, dünyanın aparıcı televiziya kanallarının Rusiyadan 1 ay ərzində verilişlər yayımlayacaqlarını deyən politoloq hesab edir ki, Putini ən çox narahat edən çempionat boyu yaxın ətrafda sakitliyin pozula biləcəyidir: "Yəni dünyada 1 ay hamı Rusiyadan və rusların qonaqpərvərliyindən danışacaq. Ona görə də Putin bu yarışa xüsusi önəm verir, həm özünün, həm də Rusiyanın müsbət imicinin formalaşdırılmasına çalışır".

Mərkəz sədrinin sözlərinə görə, Putin çox ehtiyat edir ki, Ukrayna ordusu məqamdan istifadə edərək Donbass separatçılarına qarşı hücum əməliyyatları həyata keçirə bilər: "Bu baş versə, çempionata ciddi zərər dəyəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti ötən həftə bununla bağlı suala cavab verərkən əvvəlcədən hazırladığı cümləni işlədib: "Ukrayna futbol çempionatı dövründə təxribat törətsə, başına elə oyun açarıq ki..."

E.Şahinoğlu bildirib ki, Putin Azərbaycanla Ermənistan arasında təmas xəttində də heç olmazsa, 1 ay atəşkəsə riayət edilməsini arzulayır: "Təsadüfi deyil ki, Putin çempionatın açılışı sırasında Nikol Paşinyanı İlham Əliyevlə tanış edib və liderlər bir-birlərinin əllərini sıxıblar. Atəşkəsin kövrək olduğunu bilirik. Ancaq hər halda Moskvada çempionatın açılışına qatılan liderlər Putinin xahişini də yerə salmayacaqlar".

Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə görüşdən bir gün sonra Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib: "O da digər dövlət başçıları kimi futbol üzrə dünya çempionatının açılış mərasiminə gəlib. Putin Azərbaycan prezidenti ilə görüşdə belə bir cümlə işlətmişdi: "İqtisadi əlaqələrimiz yüksək templə inkişaf edir. Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir". Yəni "problem yoxdur" demək istəyib".

Mərkəz sədri əlavə edib ki, Putin Ermənistanla da iqtisadi əlaqələrin artım tempindən məmnundur: "Kreml sahibi Paşinyanla görüşdə də diqqəti cəlb edən cümlə işlədib: "Münasibətlərimizin strateji xarakterini və əməkdaşlığımızın müxtəlif istiqamətlərini nəzərə alaraq görüşlərimizə hər zaman ehtiyac var". Bu cümləni belə də oxumaq olar: "Birincisi, Rusiyadan asılı olduğunuzu unutmayın. İkincisi, tez-tez görüşməliyik ki, sizin atacağınız addımlardan əvvəlcədən xəbər tutum". Başqa sözlə, Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Kreml İrəvan üzərindəki nəzarətini azaltmayacaq".

Ceyhun ABASOV

 





21.06.2018    çap et  çap et