525.Az

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirildi


 

ELMİRA SÜLEYMANOVA: "AZƏRBAYCAN BEYNƏLXALQ TƏŞKİLATLAR QARŞISINDA GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRİ LAYİQİNCƏ YERİNƏ YETİRİR"

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirildi <b style="color:red"></b>

İyunun 20-də Bakıda "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilib.

Konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr edilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak ediblər.

İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Elmira Süleymanova deyib ki, Azərbaycanda insan hüquqları hərtərəfli şəkildə təmin olunub. E. Süleymanovanın  sözlərinə görə, Azərbaycan sürətli inkişafına görə dünyada qabaqçıl yerlərdən birini tutur: "Azərbaycan ikinci dəfə müstəqilliyini 1991-ci il 18 oktyabrda elan edib. Ölkəmiz qısa müddətdə böyük inkişaf yolu keçib. Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələri var. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir". E.Süleymanova əlavə edib ki, bir çox ölkələrdə ölüm cəzası tətbiq edilsə də, Azərbaycanda ölüm cəzasına 1993-cü ildə veto qoyulub. Ombudsman qeyd edib ki, 30 ildən çox davam edən erməni təcavüzü nəticəsində hazırda Azərbaycanda 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olub.

"Beynəlxalq ictimaiyyət hər bir insan, xalq, millət üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər bir insan, millət bundan bəhrələnməlidir. Bizim bundan başqa yolumuz qalmayıb". Bunu da Milli Məclisin (MM) sədr müavini Bahar Muradova  çıxışı zamanı deyib. B. Muradova deyib ki, 18 iyun bütün ölkələrdə insan hüquqları günü kimi qeyd edilir. Onun sözlərinə görə, çox təəssüf ki, insan hüquq və bərabərliyinin təmin olunmasını nəzərdə tutan beynəlxalq sənədin müddəalarını yerinə yetirməli olan ayrı-ayrı təşkilatlar, beynəlxalq ictimaiyyət bunu etmir: "Çox təəssüf ki ki, biz getdikcə belə hallarla daha çox qarşılaşırıq. Bu gün dünyada milyonlarla qaçqın bu günü qeyd etməyə məcbur olur". B. Muradovanın dediyinə görə, bu günün qeyd olunmasının vacibliyi beynəlxalq təşkilatlara bir daha onu göstərir ki, insanlar öz ölkələrində, yaxud da sərbəst şəkildə seçdikləri ölkələrdə heç bir dini, irqi fərq qoyulmadan öz hüquqlarını reallaşdıra bilməli, bir ölkədə qəbul olunmuş qaydalar digər ölkədə keçərli olmalıdır.

"Konstitusiyaya edilən dəyişikliklərdən sonra Ombudsmana Azərbaycan Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan çox səmərəli istifadə edir". Bunu isə çıxışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. Onun bildirdiyinə görə, Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun mütləq qüvvəsi olan 30-a yaxın qərarı ilə bağlı müraciətlər daxil olub: "Bu müraciətlər hüququn müxtəlif sahələrinə aiddir. Ümumiyyətlə, hər bir dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu da Azərbaycan Konstitusiyasında əksini tapıb". F. Abdullayev sonra deyib ki, hər bir dövlətin öz çətinlikləri var və Azərbaycan da bu baxımdan istisna deyil: "Biz çalışırıq ki, Konstitusiyanın müddəaları daha anlaşıqlı başa düşülsün. İnsan hüquq və azadlıqlarının təmin edilməsində Ombudsman təsisatının rolu böyükdür".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai öz növbəsində bildirib ki, Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları əsas olaraq götürülüb. Onun sözlərinə görə, BMT-nin insan hüquqları ilə bağlı 9 sənədindən 8-i Azərbaycanda ratifikasiya olunub: "BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlıq qurulub. Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı silsilə tədbirlər keçirilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçsə də, bu gün də bu istiqamətdə səmərəli işlər görərək maarifləndirmə işləri aparıla bilər. 70 illik dövrdə insan ləyaqətinin möhkəmlənməsi istiqamətində mühüm işlər görülüb. Biz Azərbaycanda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm işlər görəcəyik". Azərbaycanda Cümhuriyyətin 100 illiyinin qeyd olunduğunu deyən Q.İshaqzai söyləyib ki, Şərqdə qadınlara ilk seçki hüququ Azərbaycanda verilib.

Kamil HƏMZƏOĞLU

 





21.06.2018    çap et  çap et