525.Az

"Qəm pəncərəsinin o üzündə" təqdim edildi


 

"Qəm pəncərəsinin o üzündə" təqdim edildi<b style="color:red"></b>

İyunun 20-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, aktrisa Zülfiyyə Eldarqızının Xalq yazıçısı Anarın kino yaradıcılığına, kinodramaturgiyasına həsr etdiyi "Qəm pəncərəsinin o üzündə" (monoqrafiya) və əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadənin) Z.Eldarqızının səhnə fəaliyyətindən, ömür yolundan bəhs edən "Bütün gözəlliyi Tanrım o sərvinaza verib" kitablarının təqdimat mərasimi keçirilib.

Mərasimdə tanınmış elm, mədəniyyət xadimləri, ictimai-siyasi sferada tanınan şəxsiyyətlər, qələm adamları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan professor Asif  Rüstəmli, Z.Eldarqızı ilə uzun 20 il eyni ali məktəbdə çalışdıqlarını deyib: "Z.Eldarqızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səviyyəli, savadlı, tələbkar müəllimlərindən biri olub. O, hazırda pedaqoji fəaliyyətini davam etdirmir, özünü çox yüksək səviyyədə səhnədə və bədii qiraət sənətində ifadə edir. İyunun 20-si gözəl pedaqoq, səhnə danışığının mahir bilicisi, ustadı Z.Eldarqızının doğum günüdür. O, öz sənəti, öz istedadı, öz təfəkkürü və öz sənəti ilə bu dünyanı gözəlləşdirib. Hikmət müəllimin Zülfiyyə xanıma həsr etdiyi kitabı kitab-albom da adlandırmaq olar. Bu kitabda Z.Eldarqızının səhnə fəaliyyətinin müxtəlif məqamları gözəl şəkildə öz əksini tapıb. Nəşrdə zəmanəmizin çox adlı-sanlı ziyalılarının, fikir adamlarının ürək sözləri də yer alıb".

Z.Eldarqızının gözəl alim, təfəkkür sahibi olduğunu vurğulayan A.Rüstəmli qeyd edib ki, bu özünü Anarın kino yaradıcılığına həsr etdiyi monoqrafiyada da göstərir. Z.Eldarqızının Anarın yaradıcılığına təsadüfən müraciət etmədiyini qeyd edən A.Rüstəmlinin sözlərinə görə, monoqrafiyada yazıçının kino yaradıcılığının əsas məqamlarının, "qəm pəncərə"sinin o üzündə, pərdə arxasında qalan məqamların araşdırlması, incələnməsi baxımından çox əhəmiyyətlidir.

Monoqrafiyanın elmi redaktoru, akademik Teymur Kərimli çıxışında Z.Eldarqızı ilə yaradıcılıq əlaqələrindən məmnun olduğunu deyib, onun bir kinoşünas, aktrisa, bədii qiraətçi kimi gördüyü işlərlə insanlara zövq verdiyini vurğulayıb.

Sonra tədbirin rejissoru Kənan Musayevin Zülfiyyə Eldarqızının ifasında lentə aldığı klip təqdim edilib.

"Qəm pəncərəsinin o üzündə" kitabının rəyçilərindən biri olan professor Qulu Məhərrəmli də çıxışında Z.Eldarqızının yaradıcılığından söz açıb: "Bir yox, iki kitabın təqdimatı əslində fövqəladə bir hadisədir. Bir kitabı sən yazmısan, o birini isə sənin haqqında yazırlar. Amma bu kitabları birləşdirən bir cəhət var ki, onların hər ikisi eyni adamla bağlıdır. Zülfiyyə xanım illərdir  obyektivdədir, göz önündədir. O, çoxşaxəli yaradıcılığa malikdir. Anar müəllim haqqında kitab yazmaq, onun kino yaradıcılığını tədqiq etmək elə də asan məsələ deyil, ancaq bunu müəllif bacarıb".

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid çıxışında bildirib ki, Z.Eldarqızının müəllifi olduğu kitab AYB sədri və ümumən Birliyin rəhbərliyi tərəfindən yüksək qarşılanıb. O vurğulayıb ki, müəllif bu monoqrafiyanı 2008-ci ildə elmi iş kimi müdafiə edib. Onun Anarın kino yaradıcılığına özünəməxsus şəkildə yanaşdığını deyən R.Məcidin sözlərinə görə, Z.Eldarqızı səhnə fəaliyyəti ilə yanaşı, elmi və pedaqoji fəaliyyətini də davam etdirməlidir. Katib çıxışında Z.Eldarqızının Azərbaycanı dəfələrlə xarici ölkələrdə, xüsusən də Türkiyədə təmsil etdiyini və  aktrisa fəaliyyətinə görə TÜRKSOY-un da mükafatlarına layiq görüldüyünü də xatırlayıb.

Tədbirdə çıxış edən kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə də Z.Eldarqızını çoxdan tanıdığını və elmi fəaliyyətinin şahidi olduğunu deyib: "Zülfiyyə xanım elmi-pedaqoji fəaliyyətə mənim gözlərim qarşısında  başlayıb. O, çox qoçaq, çalışqan, istedadlı bir insan kimi özünü göstərib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev də çıxışında Z.Eldarqızını illər boyu tanıdığını və onun bir ziyalı, şəxsiyyət, alim, sənətkar kimi yüksək keyfiyyətlərə malik olduğunu vurğulayıb.

Daha sonra şair Vahid Əziz, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Z.Eldarqızının səhnə və sənət dostları çıxış edərək onu həm ad günü, həm də müəllifi olduğu və barəsində yazılan kitabların təqdim edilməsi münasibətilə təbrik ediblər.

Şahanə MÜŞFİQ

 





22.06.2018    çap et  çap et