525.Az

Soros Fondunun çirkin fəaliyyətinin növbəti ifşası


 

"ANTİAZƏRBAYCAN QÜVVƏLƏRİN ÖLKƏMİZƏ QARŞI HƏYATA KEÇİRMƏYƏ ÇALIŞDIĞI KAMPANİYALAR HEÇ VAXT REAL NƏTİCƏLƏR VERMƏYƏCƏK"

Soros Fondunun çirkin fəaliyyətinin növbəti ifşası<b style="color:red"></b>

İsveçrədə yaşayan yazıçı Əli Əkbər Azərbaycanda vaxtilə "liberalizm" pərdəsi altında müəyyən xarici dairələrin sifarişi ilə həyata keçirilən siyasətdən danışıb.
 
O, "Youtube" hesabında yerləşdirdiyi çıxışında xarici maliyyə institutları, o cümlədən, Soros Fondunun himayəsi altında reallaşdırılan ideya ixracının mahiyyəti barədə fikirlərini bildirib.

Ə.Əkbər qeyd edib ki, Azərbaycanda xaricdən maliyyələşmənin qarşısı qanunla alındıqdan sonra liberal ictimaiyyətə yaxın halqalar dağılmağa başlayıb: "Onlar hərif olmadıqları üçün müftə dəyər təbliğ etmək fikrində olmadıqlarını bildiriblər. Qalanları da hələ ətalətlə nəsə özləri üçün donquldanırlar".

O, Soros Fondunu "liberalizmin Kəbəsi" adlandırıb, liberalizmin imana çevrildiyi gün onun üçün öldüyünü bildirib. Ə.Əkbər bu fikrini sözügedən qurumda dini-ideoloji amillərin ön planda olması - inanclı insanların orada fəaliyyət göstərməsi, onların rəhbərliklə qohumluq əlaqələrinin mövcudluğuyla əsaslandırmağa, sırf mədəniyyət müstəvisində həyata keçirilən layihələrə qeyri-ciddi, əhəmiyyətsiz yanaşılmasıyla haqq qazandırmağa çalışıb: "Kultura.az" saytı ilə bağlı layihə yazaraq fonda təqdim etdik. Qapıda məni vəhhabi qarşıladı. Gəlişimin səbəbi ilə maraqlandı, zəng edib adam çağırdı. Mənim ilk reaksiyam belə olmuşdu: şəxsi inancıdır, mənə qarışmaq düşməz. Məni qəbul eləyən şəxs də hicablı idi. "Kultura.az" layihəsini izah etməyə çalışdım... Zəng edib çağırdığı üçüncü adam da otağa daxil oldu. O da vəhhabi idi, ər-arvad imiş. Liberalizm mənim üçün həmin an öldü. Sonradan öyrəndim ki, rəhbərlikdə olanlardan birinin qohumları imiş... Başda İlqar Məmmədov olmaqla liberal bandanın üzvü olan bütün simaları bu fondun idarə heyətində təmsil olunurdular".

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, müəyyən xarici dairələr ayrı-ayrı ölkələrdə, o cümlədən, Azərbaycanda öz maraqlarını təmin etmək üçün dövlətə təzyiq etmək yolunu tutublar: "Həmin dairələr ölkələrin daxili işlərinə qarışaraq, idarə olunan xaos yaratmağa çalışırlar. Bu müstəvidə Soros Fondunun fəaliyyəti həmişə ön planda olub. Bu qurum Azərbaycanda dövlət əleyhinə şəbəkə formalaşdıraraq, eləcə də ölkədəki "Beşinci kolon" vasitəsilə yalnız çirkin kampaniyalar aparmaqla məşğul olub".

E.Nəsirov bildirib ki, Azərbaycanda xaricdən maliyyələşmənin qanunla qarşısı alındıqdan sonra müəyyən xarici dairələrin məkrli planları alt-üst olmağa başlayıb: "Yaxın və Orta Şərqdə həyata keçirilən rəngli inqilabların Azərbaycanda həyata keçirilməsinə imkan verilməyib".

Deputat vurğulayıb ki, Soros Fondu kimi maliyyə institutlarının məqsədi Azərbaycanı Suriyaya çevirmək idi: "Lakin onlar vaxtında zərərsizləşdirildikləri üçün məqsədlərinə nail ola bilməyiblər. Təsadüfi deyil ki, Soros Fondunun əsl məqsədi bütün dünyaya məlum olandan sonra Rusiyada da bu qurumun fəaliyyətinin qarşısı alınıb".

E.Nəsirov qeyd edib ki, Azərbaycan xalqı yaxşını pisdən seçməyi yaxşı bacarır: "Ölkə ictimaiyyəti bu gün prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu sosial-iqtisadi siyasət həyata keçirildiyini, ölkəmizin günü-gündən daha da inkişaf etdiyini görür, xarici fondların, o cümlədən, Soros Fondunun təsirinə düşən cəmiyyətlərdə isə baş verən təlatümlü proseslərdən, ayrı-ayrı ölkələrin qan gölünə çevrilməsindən də xəbər tutur, bütün bunları analiz edib doğru-düzgün nəticə çıxara bilir. Ona görə də, antiazərbaycan qüvvələrin ölkəmizə qarşı vaxtaşırı olaraq həyata keçirməyə çalışdığı kampaniyalar heç vaxt real nəticələr verməyəcək, onlar Azərbaycanın inkişafına mane ola bilməyəcəklər".

C.ABASOV

 





22.06.2018    çap et  çap et