525.Az

Günnüt əməliyyatı: Azərbaycanın Ermənistana son xəbərdarlığı


 

"NİKOL PAŞİNYANIN BAŞ NAZİR SEÇİLDİYİ ANDAN DAĞLIQ QARABAĞ DANIŞIQLARI BARƏDƏ TUTDUĞU MÖVQE ONUN "UŞAQ CIĞALLIĞI”NIN SÜBUTUDUR"

Günnüt əməliyyatı: <b style="color:red">Azərbaycanın Ermənistana son xəbərdarlığı</b>

Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 100 illiyi ərəfəsində ordumuzun Naxçıvanla Ermənistan sərhəddi istiqamətində əldə etdiyi parlaq qələbə ölkəmizin hərbi gücünün günü-gündən artmasından, Dağlıq Qarabağın işğalı ilə pozulan ərazi bütövlüyümüzün hər an təmin olunmasına hazırlıqlı gənc, peşəkar əsgər-gizir-zabit heyətinin formalaşmasından xəbər verir.

Əlahiddə Ümumqoşun Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində 11 min hektar ərazisinin işğaldan təmizlənməsi, o cümlədən, Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağınin azad olunması, Dərələyəz mahalının Arpa kəndinin isə Azərbaycan ordusunun nəzarəti altına keçməsi 2016-cı ilin aprel ayından baş verən dördgünlük müharibədə əldə etdiyimiz böyük qələbənin təsadüfi olmadığını bir daha təsdiqləyib.

İyunun 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bakı Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə  bildirdiyi kimi, qarşıdan çox tarixi bir gün - Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi gəlir: "Biz bu 100 illiyə yüksək göstəricilərlə qədəm qoyuruq, cəbhədəki uğurlarımızla gəlirik. 2016-cı ilin aprelində düşmənə, onun təxribatına layiqli cavab verdik. Bir neçə gün bundan əvvəl isə Naxçıvan istiqamətində əməliyyat aparıldı, 11 min hektar ərazi azad edilib".

Uğurlu Günnüt əməliyyatı ilə Laçına gedən yola da artıq Silahlı Qüvvələrimiz nəzarət edir. Ermənistan mətbuatının ordumuzun qazandığı son nailiyyətləri kiçiltmək, "neytral torpaq" anlayışını ortaya atmaq cəhdləri isə yalnız erməni cəmiyyətində təskinlik yaratmaq cəhdidir.

Bu mənada, Z.Həsənov mətbuata bəyanatında qeyd edib ki, "neytral torpaq" anlayışı yoxdur, sahibsiz torpaq da yoxdur: "Bu ərazilər bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edilib... Bu, bizim növbəti uğurumuzdur".

Nazir vurğulayıb ki, Azərbaycan ən müasir silahlar alır və bundan sonra da alacaq: "Azərbaycan Ordusunun silahlanmasında yer alan "Polonez" uzaq mənzilli yaylım atəşli reaktiv sistemləri, LORA (Long Range Attack) operativ-taktiki raket kompleksi, T-90 tankı və s. ən yeni silah və hərbi texnikalardır. Ermənistanın xüsusi xidmət orqanları Silahlı Qüvvələrimizə qarşı inamsızlıq hissi yaratmaq istəyərək iddia edirlər ki, guya ordumuzun istismarında olan silahlar köhnədir. Təbii ki, savadlı insanlar buna reaksiya vermirlər. Qoy, birinin adını çəksinlər, hansı silahımız köhnədir?! Azərbaycana BMP-3 piyada döyüş maşını və ya BTR-82A zirehli transportyoru gəlirsə, bütün dünya bilir ki, bunlar ən yeni silahlardır. Ordumuzun formalaşma dövründə belə problemlər var idi. Həm dövlətin o qədər imkanı yox idi, həm də çox silahı satmırdılar. Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti nəticəsində hətta Ermənistanın müttəfiqləri belə bizə silah satır. İndi Belarusun üstünə düşüblər. Çalışırdılar İsrail ilə bizim aramızı vursunlar, ancaq Ali Baş Komandanın siyasəti nəticəsində ermənilərin bu fəaliyyəti hədəfinə nail olmadı və biz bu ölkələrdən ən müasir silahlar alırıq. Bu silahları almaq üçün pul lazımdır. Ermənistanın isə pulu yoxdur, bu ölkə dilənir. Lakin Azərbaycan Ordusu öz gücünə ən müasir silahlar alır və bundan sonra da alacaq".

Z.Həsənovun sözlərinə görə, prezident, ali baş komandan İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrində həyata keçirdiyi islahatlar çox uğurla davam etdirilir: "Əsas istiqamətlərdən biri də ordunu tam müasir, yüksək dağıdıcı gücə malik və düşməni dəqiqliklə məhv edə bilən silahlarla təchiz etməkdir. Azərbaycan Ordusuna ən müasir silahlar alınıb və bu proses davam edir. Yaxın illərdə bu istiqamətdə görülən işlər yekunlaşacaq. Bütün döyüş maşınları yeniləndi və qalan hissəsi də yüksək səviyyədə modernizasiya edilib. Bilirsiniz ki, ordumuza yeni tanklar alınıb. Digər tanklarımız da hərtərəfli modernizasiyadan keçirilib. Bu tanklar öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Ordumuza yeni piyada döyüş maşınları, zirehli transportyorlar, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Yeni alınan texnikalarımızı paradda görə biləcəksiniz. Xeyli sayda yeni artilleriya sistemləri alınıb. Onlar ən müasir atəş idarəetmə sistemləri ilə təchiz olunub. Bu sistemlər uzaq məsafədən dəqiqliyi ilə hədəfi məhv etməyə qadirdirlər".

Nazir bildirib ki, bu islahatların əsas istiqamətlərindən biri də ordunun idarə olunmasıdır: "Dünyada nadir ordular var ki, avtomatlaşdırılmış komanda sistemi ilə təchiz olunub. Bizim bütün qoşun növlərində və mərkəzi idarəetmə sistemində bu iş 90 faiz səviyyəsində qurulub. Planlaşdırırıq ki, yaxın vaxtlarda bu işi yekunlaşdıraq. Biz artıq bu sistemdən istifadə edirik. Nazirliyin rəhbər heyəti, əsas, ehtiyat idarəetmə məntəqəsi, qoşun növləri, Hava Hücumundan Müdafiə Qoşunları, artilleriyanın avtomatlaşdırılmış idarəetmə sistemi artıq istifadə olunur və bu iş yekunlaşır. Biz bütün bunları ümumi idarəetmə məntəqəsinə yerləşdirmişik və ordunu bu ən müasir sistemlə tam şəkildə idarə edirik. Bu, çox böyük islahatdır".

Z.Həsənov əlavə edib ki, düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır: "Lakin onlar bunda da bizə uduzurlar... Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, ali baş komandan İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi".

General hesab edir ki, bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq: "Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir. Mətbuat işçilərindən xahişim odur ki, diqqətli olsunlar. KİV böyük qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır".

Bu gün Azərbaycandan fərqli olaraq düşmən ölkə - Ermənistanda sosial-iqtisadi ədalətsizlik, bütün sahələrdə, o cümlədən, orduda korrupsiya və rüşvətxorluq faktlarının tüğyan etməsi işğalçı ölkədə daxili gərginliyi kəskin şəkildə artırıb. Cinayətkar Serj Sarkisyan rejiminin zülmündən xilas olmağa çalışan erməni xalqının həyata keçirdiyi kütləvi etiraz aksiyaları nəticəsində hakimiyyətə gələn təcrübəsiz Nikol Paşinyanın baş nazir postunda fəaliyyət göstərdiyi iki ay ərzində yürütdüyü yarıtmaz siyasət isə onun uzun illərdən bəri yığılıb qalan problemləri həll etmək iqtidarında olmadığını ortaya qoyub. Xüsusilə, Koçaryan-Sarkisyan cütlüyünün hakimiyyətdə olduğu dövrdə hərbi sahədə məsul vəzifələr tutan şəxslərin ard-arda ifşa olunaraq istintaqa cəlb edilməsi, barələrində həbs qətimkan tədbirinin seçilməsi Ermənistan dövlətinin başında duranların öz xalqına, dövlətinə qarşı da nə qədər amansız, qəddar mövqe tutduqlarını göstərir. Dağlıq Qarabağın işğalı ilə hakimiyyəti ələ keçirən, bu vasitədən dövləti talamaq üçün istifadə edən Serj Sarkisyan kimilər Ermənistanın regiondan təcrid olunmasının, tənəzzülə doğru getmələrinin əsas səbəbkarlarıdır. Ərazi bütövlüyü pozulan Azərbaycan dövlətinin haqlı olaraq düşmən ölkəyə qarşı yürütdüyü siyasət məntiqi nəticəsini verməklə yanaşı, həm də erməni xalqını ayıltmağa, onların kimin əsarəti altında olmalarını göstərməyə hesablanmış məqsədyönlü addımlardır. Nəhayət, kriminal rejimin girovluğundan azad olmaq üçün üsyan qaldıran ermənilər Azərbaycana məxsus olan torpaqları zəbt etməklə özlərinə qəbir qazdıqlarının fərqinə varıblar. Son olaraq orduda küllu miqdarda mənimsəmə faktı ilə həbs olunan Qarabağ klanının aparıcı üzvlərindən general Manvel Qriqoryanın nümunəsində işğal siyasətinin arxasında kimlərin və hansı məqsədlərin dayandığını bir daha təsdiqləyib: terrorçu-qəsbkarlar üçün din, dil, milliyyət anlayışı yoxdur. Belələri öz xalqına qarşı da amansız və qəddar olurlar.

Məsələ ilə bağlı fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, konstitusiya dəyişikliyi və bundan sonra baş verən "məxməri inqilab" Ermənistanın xarici məsələlərdə dövlət təmsilçiliyini dəyişib və hakimiyyətə tamamilə yeni adamlar gətirib. O, SİA-ya bildirib ki, Ermənistanı beynəlxalq danışıqlarda kimin təmsil edəcəyi rəsmən mübahisəli məsələdir: "Nikol Paşinyan baş nazir seçildikdən dərhal sonra Avrasiya İqtisadi İttifaqının Soçi iclasında iştirak etməli idi. Bu iştirak əlavə təsdiq tələb edirdi. Ona görə, Ermənistan hökumətinin iclasından sonra Ermənistan Xarici İşlər Nazirliyi o zamankı nazir Edvard Nalbandyanın imzası ilə ittifaq rəhbərliyinə rəsmən müraciət göndərdi. Müraciətə görə, Ermənistanı baş nazir Nikol Paşinyan təmsil edəcəkdi. Bundan bir neçə gün sonra MDB hökumət başçılarının Özbəkistan iclasında Ermənistanı baş nazir deyil, onun birinci müavini Ararat Mirzoyan təmsil etdi".

Politoloq hesab edir ki, bu, Ermənistan dövlətinin xarici ölkələrdə, beynəlxalq təşkilatlarda təmsilçilik probleminin olduğunu göstərir: "Erməni materiyasının və kimyasının özünə məxsusluğunu nəzərə alsaq onlar Dağlıq Qarabağ danışıqlarında Ermənistanın təmsilçiliyinə daha fərqli münasibət göstərəcəkləri sirr deyil. Nikol Paşinyanın baş nazir seçildiyi andan Dağlıq Qarabağ danışıqları barədə tutduğu mövqe onun "uşaq cığallığı”nın sübutudur. Levon Ter-Petrosyanın dövründən Ermənistan rəhbərliyi Dağlıq Qarabağ danışıqlarını aparır. Nikol Paşinyan presedent yaratmayıb. Presedenti qeyri-qarabağlı, Suriya ermənisi Levon Ter-Petrosyan yaradıb".

M.Əhmədoğlu qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur: "Ermənistanı danışıqlarda kim təmsil edəcək və buna uyğun Azərbaycanın təmsilçisi kim olacaq?! Həmsədrlər yaydığı bəyanatda danışıqların statusunu ilk məsələ kimi qoymuşdular. Görünür, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə ilk razılaşdırılan məsələ bu olacaq".

Mərkəz rəhbərinin fikrincə, Ermənistanın Dağlıq Qarabağ danışıqlarında ən yaxşı təmsilçisi indiki halda prezident Armen Sarkisyandır: "Konstitusiyaya görə, o, dövlətin başçısıdır. Amma onun səlahiyyətlərində məhdudiyyətlər var. Ona görə, Ermənistan hökuməti danışıqları aparmaq üçün lazım olan bütün səlahiyyətlərin prezident Armen Sarkisyana verilməsi ilə bağlı qərar qəbul edir və bu qərarı parlament təsdiq edir. Bundan sonra Ermənistan prezidenti Azərbaycanla danışıqlar aparmaq hüququ əldə edir".

Politoloqun sözlərinə görə, digər variant baş nazirlər arasında danışıqların aparılmasıdır: "Nikol Paşinyanın konstitusiyaya görə belə səlahiyyəti var. Azərbaycan Respublikasının baş nazirinin də belə hüququ var. Prezident İlham Əliyev əlavə qərar qəbul etməklə baş nazirin səlahiyyətlərini daha da təkmilləşdirə bilər".

M.Əhmədoğlu qeyd edib ki, üçüncü format çoxsaylı dəyişikliklərə daha bir dəyişiklik əlavə edilməklə yaradıla bilər: "Ermənistan-Azərbaycan dövlət sərhədinin Gorus-Laçın hissəsində yarısı Ermənistan Respublikasının, qalan yarısı Azərbaycan Respublikasının ərazisində olmaqla "Sülh evi" tikilir. Hər iki tərəfdən tənzimlənməyə məsul şəxslər təyin olunur. Bu rəsmilər vaxtaşırı işçi qrupunun iclasını təşkil edir".

Politoloq bildirib ki, dördüncü variant da mümkündür: "Ermənistanın baş nazirinin danışıqlar formatına yeni iddiaları və prezident Armen Sarkisyanın danışıqlardan imtinası fonunda Azərbaycan və Ermənistan rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna şərait yaradırlar. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə may ayındakı görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyəti təmsilçilərinin danışıqlar prosesinə cəlb olunmasında maraqlı olduğunu bildirmişdi. Belə danışıqlarda Dağlıq Qarabağ ermənilərinin tərəf müqabili yalnız Dağlıq Qarabağ azərbaycanlıları ola bilər".

Ceyhun ABASOV

 





22.06.2018    çap et  çap et