525.Az

Məcburi köçkünlər üçün ilk dəfə əmək yarmarkası təşkil edildi - Fotolar


 

Məcburi köçkünlər üçün ilk dəfə əmək yarmarkası təşkil edildi - <b style="color:red">Fotolar</b>

İyunun 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün ilk dəfə əmək yarmarkası keçirib.

Dövlət Məşğulluq Xidmətinin yarmarkaya cəlb etdiyi 73 müəssisədən məcburi köçkünlərə 532 iş yeri təklif edilib. Təklif olunan iş yerlərində əməkhaqqının məbləği 200-600 manat arasında dəyişib.

Tədbirin açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məcburi köçkünlər üçün ilk dəfə təşkil edilən yarmarkanın əhəmiyyətindən danışıb.

O qeyd edib ki, gələcəkdə bu cür tədbirlərlə yanaşı, yurd-yuvasını itirmiş vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində də işlə təmin olunması sahəsində layihələr həyata keçiriləcək.

Təşkil olunan ilk yarmarkaya xidmət, qulluqçu və fəhlə ixtisasları üzrə boş iş yerləri çıxarılıb. İş təklif edən müəssisələrdən 60-dan çoxu özəl sektoru əhatə edir.

Qeyd olunub ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin məşğulluğunun təmin olunması dövlət məşğulluq orqanlarının fəaliyyətində mühüm yer tutur. İşğal edilmiş bölgələrdən olan 206 məcburi köçkün ailəsi keçən il həmin proqram vasitəsilə ailə təsərrüfatları yaradıb. Gələn il isə onların sayının 1100 nəfərə çatdırılması nəzərə tutulub. Nazir müavini bu ilin beş ayında dövlət məşğulluq orqanları tərəfindən məşğulluğu təmin olunanların 1,9 min nəfərini, peşə hazırlığına cəlb edilənlərin 91 nəfərini məcburi köçkünlər təşkil etdiyini söyləyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ötən dövrdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edərək deyib ki, məcburi köçkünlər üçün 98 yeni qəsəbə salınıb, 265 min qaçqın ailəsi mənzillərlə təmin olunub. Həmin işlərin həyata keçirilməsi üçün dövlət 6,6 milyard manat vəsait sərf edib. O, əmək yarmarkasının Müşfiqabad qəsəbəsində yaşayan məcburi köçkünlərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına yönəldiyini bildirib.

Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmək üçün qeydiyyata alınıblar.

 





22.06.2018    çap et  çap et