525.Az

Paşinyanın son davranışları müharibəyə çağırış kimi qiymətləndirilir


 

ERMƏNİSTANIN YENİ BAŞ NAZİRİ TƏXRİBAT XARAKTERLİ ADDIMLARI İLƏ DAĞLIQ QARABAĞ DANIŞIQLARININ BƏRPA OLUNMASINA ƏNGƏL YARADIR

Paşinyanın son davranışları müharibəyə çağırış kimi qiymətləndirilir<b style="color:red"></b>

Ötən ay Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanla Ermənistan sərhəddi istiqamətində həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində düşmən tapdağında olan bir sıra əraziləri geri qaytarmasını ölkə ictimaiyyəti böyük sevinclə qarşılayıb.
 
2016-cı ilin Aprel döyüşlərinin ardınca, bu il, Azərbaycan Xalq Cümhuriyyəti, Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyinin qeyd olunduğu dövrdə əldə olunan bu qələbə ölkəmizin hərbi gücünün daha da artdığını, cəmiyyətdə, o cümlədən, orduda vətənpərvərlik ruhunun daha da yüksəldiyini əyani şəkildə sübut edir, Dağlıq Qarabağın işğalı ilə pozulan ərazi bütövlüyümüzü hər an təmin etməyə hazır olan gənc, peşəkar əsgər, gizir və zabit heyətinin formalaşdığını bir daha təsdiq edir. Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun həyata keçirdiyi Günnüt əməliyyatı nəticəsində 11 min hektar ərazisinin işğaldan təmizlənməsi, o cümlədən, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağın azad olunması, Dərələyəz mahalının Arpa kəndinin isə Azərbaycan ordusunun nəzarəti altına keçməsi 2016-cı ilin aprel ayından baş verən dördgünlük müharibədə əldə etdiyimiz böyük qələbənin təsadüfi olmadığından xəbər verir.

İyunun 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bakı Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə bildirdiyi kimi, Azərbaycan dövləti və xalqı Silahlı Qüvvələrin 100 illiyinə yüksək göstəricilərlə qədəm qoyur, cəbhədəki nailiyyətlərlə gəlir.

Ermənistan mətbuatının ordumuzun qazandığı son nailiyyətləri kiçiltmək, “neytral torpaq” anlayışını ortaya atmaq cəhdləri isə yalnız erməni cəmiyyətində təskinlik yaratmaq məqsədi daşıyır.

Bu mənada, Z.Həsənov bildirib ki, düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır: “Lakin onlar bunda da bizə uduzurlar... Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, ali baş komandan İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi”.

General hesab edir ki, bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq: “Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir. Mətbuat işçilərindən xahişim odur ki, diqqətli olsunlar. KİV böyük qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır”.

Müxtəlif növ silah-sursat, müasir hərbi texnikalarla təmin olunan Azərbaycan Ordusunun əldə etdiyi son nailiyyətlər dünya ictimaiyyətinin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olunan vasitəçi dövlətlərin də diqqətindən kənarda qalmayıb. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına hesablanmış addımları, Dağlıq Qarabağa həyata keçirilən qanunsuz səfərləri, törədilən erməni təxribatları fonunda Azərbaycanın düşmənə endirdiyi sarsıdıcı zərbələr ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, xüsusilə, Rusiyanı narahat edir.

Təsadüfi deyil ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağa ikinci dəfə etdiyi qanunsuz səfərinə reaksiya verən rəsmi Bakı bunu müharibəyə çağırış kimi qiymətləndirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin işğal olunmuş ərazilərə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır: “Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq, işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyil. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kvounu saxlamaqdır”.

Bu mənada, vasitəçi dövlətlər anlayır ki, Ermənistan-Azərbaycan münaqişəsi zəminində regionda baş verə biləcək istənilən hərbi vəziyyətin bilavasitə səbəbkarı və məsuliyyət daşıyıcısı işğalçı dövlət və onun qeyri-konstruktiv, işğalçı siyasətini davam etdirən yeni rəhbərliyidir.

Cəbhədə Azərbaycana uduzan işğalçı Ermənistanın davam etdirdiyi terror siyasətinin acı nəticələri - Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatları düşmən ölkə cəmiyyətində də mənfi təsirlərlə yadda qalır. Dağlıq Qarabağın işğalından sonra Azərbaycan və Türkiyənin siyasi-iqtisadi blokadasına məruz qalan Ermənistanda dünən olduğu kimi, bu gün də sosial-iqtisadi problemlər, bütün sahələrdə, o cümlədən, orduda korrupsiya və rüşvətxorluq faktları baş alıb gedir. Cinayətkar Serj Sarkisyan rejiminə qarşı çıxan erməni xalqının həyata keçirdiyi kütləvi etiraz aksiyaları nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın məntiqsiz davranışları ona göstərilən etimadı doğrultmayacağını proqnozlaşdırmağa əsas verir. O, baş nazir postunda fəaliyyət göstərdiyi iki ay ərzində yürütdüyü yarıtmaz siyasətlə uzun illərdən bəri Ermənistanda yığılıb qalan problemləri həll etmək iqtidarında olmadığını nümayiş etdirir.

Bugünlərdə Koçaryan-Sarkisyan cütlüyünün hakimiyyətdə olduğu dövrdə hərbi sahədə məsul vəzifələr tutmuş şəxslərin ard-arda ifşa olunaraq istintaqa təhvil verilməsi, barələrində həbs qətiimkan tədbirinin seçilməsi düşmən ölkənin başında duranların öz xalqına, dövlətinə qarşı da qədər qəddar amansız, mövqe tutduqlarını göstərir. Ona gərə də Dağlıq Qarabağın işğalı ilə hakimiyyəti ələ keçirən, bu vasitədən dövləti talamaq üçün istifadə edən Serj Sarkisyanın yaxın ətrafı Ermənistanın regiondan təcrid olunmasının, tənəzzülə doğru getmələrinin əsas səbəbkarlarıdır. Ərazi bütövlüyü pozulan Azərbaycan dövlətinin haqlı olaraq düşmən ölkəyə qarşı yürütdüyü siyasət isə məntiqi nəticəsini verməklə yanaşı, həm də erməni xalqını terrorçuların əsarətindən xilas edib. Bu, mənfur rejimin girovluğundan azad olmaq üçün üsyan qaldıran ermənilər Azərbaycana məxsus olan torpaqları zəbt etməklə özlərinə qəbr qazdıqlarının da fərqinə varmaqdadırlar.

Məsələ ilə bağlı fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, Ermənistan prezidenti Nikol Paşinyanın Dağlıq Qarabağa ikinci səfəri, faktiki olaraq beynəlxalq hüquq normalarına zidd davranışdır. O, SİA-ya bildirib ki, Paşinyan hansı məqsədi güdürsə-güdsün, bu işğal edilmiş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərdir: “Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, bu, ölkəmizi müharibəyə çağırış xarakteri daşıyır. Çünki Paşinyan əgər sülh prosesinə sadiq olsaydı, belə qıcıqlandırıcı səfərlər etməzdi. Həmin səfərlər isə Ermənistanın güclənən Azərbaycan Ordusu qarşısında ciddi narahatçılıq keçirməsi ilə sıx bağlıdır. Bu baxımdan, Ermənistanın Dağlıq Qarabağdakı qoşun kontingentindən bir növ xəbərdar olmaq və orada olan boşluqları doldurmaq üçün edilən səfərdir. Paşinyan ordumuzun Naxçıvan bölgəsində apardığı uğurlu əməliyyatdan ciddi sürətdə narahat olduğunu bir daha nümayiş etdirib”.

Bütöv Azərbaycan Xalq cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə bildirib ki, bu gün Azərbaycan ordusunun əldə etdiyi uğurlar yüksək qiymətləndirilməlidir: “Silahlı Qüvvələrimiz böyük inkişaf yolu keçib. Ordumuzun döyüş qabiliyyəti artırılıb, hərbçilərimiz müxtəlif növ silah-sursat, hərbi texnika ilə təmin olunub, milli müdafiə sənayesi yaradılıb”.

100 il bundan öncə siyasi şəraitin tamam fərqli olduğunu deyən politoloq söyləyib ki, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə ordu yaratmaq, torpaqları işğaldan azad etmək, Bakını bolşevik-erməni quldur dəstələrindən təmizləmək böyük hadisə idi.

E.Mirzəbəyli bildirib ki, bu gün 100 il əvvəlki tarixə nəzərə saldıqda babalarımızın göstərdikləri şücaət, qəhrəmanlıqla yalnız qürur duymaq olar: “Biz öz dövləti ilə qürur duyan, Şərqdə ilk cümhuriyyəti quran, ilk demokratik cəmiyyət formalaşdıran, qadınlara ilk səsvermə hüququ verən və bütün demokratik dəyərləri bir sıra Avropa ölkələrindən daha öncə mənimsəyən xalqın övladlarıyıq. Bu gün qurduğumuz dövlət və onun inkişafı Azərbaycan xalqının potensialının nə qədər yüksək olduğunu sübuta yetirir. Şübhəsiz ki, belə bir millətin və xalqın ordusu güclü olmalıdır”.

Azərbaycan prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına ən yüksək səviyyədə dəstək verdiyini xüsusi vurğulayan E.Mirzəbəyli dövlət başçısının rəhbərliyi ilə yürüdülən bu siyasətin Azərbaycanda vətənpərvərliyin ən gözəl nümunələrindən biri olduğunu deyib: “Bu, həm vətəndaşlarımıza, həm Silahlı Qüvvələrimizin şərəfli əsgər və zabitlərinə müsbət təsir göstərir, onların döyüş ruhunu yüksəldir. Mən şübhə etmirəm ki, Azərbaycanda ordumuzun 100 illiyi ilə əlaqədar keçiriləcək parad ölkəmizi sevməyən dairələrə və qüvvələrə, işğalçılara çox ciddi mesaj olacaq. Bu möhtəşəm tədbirin yaxın dövrlərdə Azərbaycanın işğal altında olan ərazilərində qələbə paradı ilə davam edəcəyinə əminəm”.

Ceyhun ABASOV

 





23.06.2018    çap et  çap et