525.Az

Lavrov BMT qətnamələrini əsas saymır?


 

“TƏŞKİLATA ÜZV DÖVLƏTLƏR TƏHLÜKƏSİZLİK ŞURASININ QƏRARLARINA HÖRMƏT ETMƏKLƏ KİFAYƏTLƏNMƏMƏLİ, ONLARI YERİNƏ YETİRMƏLİDİRLƏR”

<b style="color:red">Lavrov BMT qətnamələrini əsas saymır?</b>

”BMT-nin baş katibi Antonio Quterrişin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə keçirdikləri mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin niyə yerinə yetirilmədiyinə dair sualına verdikləri cavablarda sətiraltı ifadələrini aydınlaşdırmağa çalışdım. BMT-nin baş katibi suala sanki konkret cavab verib: “BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir”. Ancaq bu cavabda da qüsur var. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməklə kifayətlənməməli, onları yerinə yetirməlidirlər. Qərarlar icra olunmadıqda isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir”.
 
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Sergey Lavrov isə verilən suala ikibaşlı cavab verib: “Birincisi, o deyib ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edir. Necə işlədiyini 20 ildən çoxdur görürük. Cavabın sonrakı hissəsi daha maraqlıdır: “Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni bir kəlmə də qətnamələrin məğzinə toxunulmayıb”.

Politoloqun fikrincə, Lavrovun sözlərində belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi: “Bəs həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu?

Sonra da şikayət edirik ki, Ermənistan niyə BMT-nin 4 qətnaməsini yerinə yetirmir? Yerinə yetirməz də. Qətnaməni qəbul edən təşkilatın və qətnaməyə səs verən əsas ölkənin təmsilçiləri qətnaməni yerinə yetirməyən ölkənin adını çəkmədikləri bir yana, qətnamənin yerinə yetirilməsini də vacib saymırlar”.

Qeyd edək ki, iyunun 21-də BMT baş katibi Antonio Quttereş Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında BMT TŞ-nin qətnamələrinin uzun illər yerinə yetirilməməsi və BMT-də aparılan islahatların bu qərarlara nə dərəcədə kömək edə biləcəyi ilə bağlı suala cavabında deyib ki, islahatlar katibliklə bağlı olacaq və bunun BMT orqanlarının işi ilə əlaqəsi yoxdur.

Eyni zamanda, Sergey Lavrov BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hərbi əməliyyatlar dövründə qəbul olunduğunu və bu qətnamələrin qanlı hadisələri dayandırmağa, onu siyasi dialoq məcrasına daşımağa imkan verdiyini bildirib.

O qeyd edib ki, daha sonra Minsk qrupu yaradılıb və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə siyasi nizamlama kimi qalan məsələlərin həllinə dair razılığa gəlinib.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





23.06.2018    çap et  çap et