525.Az

Ermənistanda hakimiyyətdə 25 il kriminal-quldur rejim olub


 

Ermənistanda hakimiyyətdə 25 il kriminal-quldur rejim olub<b style="color:red"></b>

”Ermənistanın hazırkı rəhbərliyi bugünkü ifşalarla bağlı özünə imic qazanmağa çalışır. Orada 25 il hakimiyyətdə kriminal-quldur rejim olub. İndi isə yeni hakimiyyəti quldurları ifşa etdiklərinə görə alqışlayaq?!”

Bu barədə politoloq və deputat Rasim Musabəyov Ermənistanda baş verən son hadisələrə, ordudakı qanunsuz əməllər, oğurluq faktları ilə bağlı aparılan araşdırmalar münasibət bildirərkən deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Qarabağ klanının hərbi cinayətkarlarından biri - general,  müdafiə nazirinin sabiq müavini, deputat Manvel Qriqoryanın həbs edilib. O, Eçmiədzindəki evində çoxlu sayda silah-sursat saxlamaqda ittiham olunur.  Silahlarla yanaşı, həyət evindən bahalı retro maşınlar, qar motosikletləri, qəfəslərdə vəhşi heyvanlar da aşkar edilib. Həmçinin, əsgərlər üçün nəzərdə tutulmuş ərzaqları da mənimsəyib.

R.Musabəyov vurğulayıb ki, Qriqoryan Azərbaycan ərazisində törətdiyi cinayətləri tək etməyib, birbaşa Serj Sarkisyanın himayədarlığı ilə edib: “Ermənistanda uzun müddət hakimiyyətdə cinayətkar rejim olub, bu rejim təkcə öz xalqını talamayıb, həm də Azərbaycana qarşı cinayətlər törədib. Dinc insanlarımızı ağır işgəncələrə məruz  qoyublar, torpaqlarımızı işğal ediblər, Qriqoryan işğal edilmiş ərazilərdə insanlarımızın əmlakının qarət edilməsində birbaşa iştirak edib”.

Politoloq əlavə edib ki, hər zaman ermənilərə yumşaq davranılıb, onların terrorçu əməllərinə göz yumulub, məhkəmədə bəraət verilib, həbsdən azad edilib: “Beynəlxalq miqyasda cinayət törədən ermənilərin əməllərinə göz yumulub. İndi Paşinyanın hara qədər gedəcəyini qarşıdakı zaman göstərəcək”.

Azərbaycan Milli Elmlər Akademiyasını Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri Aytən Mustafazadə isə bildirib ki, Ermənistanda hərbi cinayətkarların qəhrəmanlaşdırılması erməni xalqı üçün təhlükə mənbəyinə çevrilib: “Sabiq prezident Serj Sarkisyanın hakimiyyəti illərində Ermənistanda bir sıra cinayətkarlar qəhrəmanlaşdırılıb. Nümunə üçün, Yerevanda heykəli qoyulmuş Qareqin Ndje”.

A.Mustafazadə qeyd edib ki, bu gün Ermənistanda qondarma “qəhrəmanlardan” çəkinməyə başlanılıb: “Həbs edilmiş general Qriqoryanın evində çoxlu sayda silah-sursat saxlanılması faktı onun müəyyən planları olduğunu göstərir. Ola bilsin ki, onun tabeliyində olan bir sıra insanlar ölkədə müəyyən hadisələr törətmək üçün əmr gözləyib. Beləliklə də, cinayətkarların qəhrəmanlaşdırılması ölkə sakinləri üçün təhlükə mənbəyinə çevrilməyə başlayır”.

Xatırladaq ki, Ermənistan parlamentinin üzvü olan Manvel Qriqoryan müharibə illərində dinc azərbaycanlı sakinlərin öldürülməsi və işgəncələrə məruz qalmasında iştirak edib. Həmçinin, o, Dağlıq Qarabağda evlərin qarət və talan edilməsini həyata keçirib.

90-cı illərdə Qriqoryan Eçmiədzində və Armavir vilayətində ən nüfuzlu şəxslərdən biri olub. Buradan o, Ermənistanın Respublika Partiyası və sabiq prezident Serj Sarkisyan üçün səslər toplayıb. Qriqoryan etiraf edir ki, Qarabağ müharibəsindən sonra Ermənistana minlərlə azərbaycanlı əsirlərlə qayıdıb. Onlardan birini öz evində əsir saxlayıb. Bu haqda o, Ermənistanın “Azadlıq Radiosu”nda müsahibəsi zamanı bildirib: “Bəli. Minlərlə əsir saxlamışam. Simon (bu adı əsirə Qriqoryan verib) adlı yeniyetməni 4 il evimdə saxlamışam”.

Qriqoryanın həbsinə Azərbaycanın Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib ki,   Ermənistan müdafiə nazirinin sabiq müavini, Ermənistanın milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

PƏRVANƏ

 





23.06.2018    çap et  çap et