525.Az

Hesablama Palatası ilə bağlı qanun layihəsi gərginlik yaratdı


 

ZİYAD SƏMƏDZADƏ: “PALATANIN MALİYYƏ TƏMİNATI YALNIZ DÖVLƏT MALİYYƏLƏŞMƏSİDİR”

Hesablama Palatası ilə bağlı qanun layihəsi gərginlik yaratdı<b style="color:red"></b>

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi keçirilib. 

Layihə barədə adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə məlumat verib. O, ötən müddət ərzində sənəd üzərində xeyli təkmilləşdirilmə işlərinin aparıldığını bildirib: “Eyni zamanda, hesab edirəm ki, burada bəzi maddələr var ki, onlar bölünməlidir. Bölünməlidir ki, onların izahı asan, anlaşılan olsun. Fikrimcə, Hesablama Palatası bunu nəzərə almalıdır”.

Z.Səmədzadə həmçinin deyib ki, layihədəki “Hesablama Palatasının Aparatı və regional qurumları” ifadəsi düzgün deyil: “Çünki bu qurum vahid bir orqandır. Regional qurumlar dedikdə isə mahiyyət pozulur. Bununla bağlı Maliyyə Nazirliyinin də öz mövqeyi var və həmin mövqe də haqlı mövqedir”. Z.Səmədzadə eyni zamanda, qanun layihəsində Palatanın maliyyələşdirilməsi ilə bağlı müddəanın tam, dolğun əks etdirilməsini vacib sayıb: “Çünki bu qurumun maliyyə təminatı dövlət maliyyələşdirilməsidir. Dünyanın heç bir yerində də Hesablama Palatası digər gəlirlər hesabına maliyyələşdirilmir, onların maliyyə təminatı yalnız dövlətə aid olur. Əgər belə olmasa, onda başqa məsələlər yarana, şəffaflıq pozula bilər. Odur ki, maliyyə təminatı məsələsi qanun layihəsinin ən azı iki-üç maddəsində öz əksini tapmalıdır”.

Millət vəkili Vahid Əhmədov isə deyib ki, Hesablama Palatasının əsas vəzifəsi dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirməkdir: “Ancaq qanun layihəsindəki “dövlət vəsaiti anlayışı” ifadəsi bu məsələnin üzərinə kölgə salır”.

Millət vəkili Əli Məsimli də öz növbəsində deyib ki, sənəd “bişmiş” olmalıdır: “O, tam təkmilləşdirilməlidir. Eyni zamanda, Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır”.

Maliyyə naziri Samir Şərifov da Hesablama Palatasının səlahiyyətlərinin artırılmasının Maliyyə Nazirliyi tərəfindən müsbət qarşılandığını deyib. O, eyni zamanda, audit yoxlamaları məsələsi ətrafında ajiotajın yaradılmasının düzgün olmadığını deyib. Bildirib ki, audit yoxlaması deyərkən, çoxları belə düşünür ki, burada ancaq və ancaq qalmaqaldan söhbət gedir. Nazirin dediyinə görə, bu, düzgün yanaşma deyil, adi bir prosedur qaydadır.

Yenidən söz alan V.Əhmədov  qanun layihəsinin parlamentin iyunun 29-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə-müzakirəyə salınmamasını təklif edib: “Burada anlaşılmaz məsələlər çoxdur... Çünki bizim dediyimiz iradlar nəzərə alınmayacaqsa, onu  29-da keçiriləcək iclasın müzakirəsinə çıxarmağa nə ehtiyac var? Çünki çox ciddi məsələlər var və bu məsələlər bir daha dəqiqləşdirilməli, təkmilləşdirilməlidir. Yoxsa bunu bu formada müzakirələrin çıxarmağın nə mənası var?”

Müzakirələrin sonunda qanun layihəsi ilə bağlı bir daha təkmilləşdirmələrin aparılması qərara alınıb.

Kamil HƏMZƏOĞLU

 





23.06.2018    çap et  çap et