525.Az

UNESCO-da Azərbaycanın İKT sahəsində uğurlarına dair təqdimat


 

UNESCO-da Azərbaycanın İKT sahəsində uğurlarına dair təqdimat <b style="color:red"></b>

Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (IFAP) üzrə Hökumətlərarası Şuranın 10-cu sessiyası keçirilib.

Sessiya çərçivəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti IFAP proqramının prioritet sahələrinə uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlər, uğurlu təcrübələr və mövcud vəziyyətin inkişafı ilə bağlı aparılan işlər barədə geniş təqdimat keçirib.

Nazirlikdən verilən məlumata görə, sessiyada çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov IFAP-ın prioritetləri sahəsində ən yaxşı təcrübəsini və nailiyyətlərini bölüşmək üçün Azərbaycana yaradılan imkana görə hökumətlərarası şuranın “İnformasiya hamı üçün” proqramının bürosuna və katibliyinə təşəkkür edib. O, informasiya və kommunikasiya texnologiyalarının sülhün və mədəniyyətlərarası dialoqun təşviqində roluna toxunaraq, ölkəmizin IFAP proqramını dəstəklədiyini bildirib.

A.Kərimov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda IFAP-ın “Kiberməkanda ekstremizmə qarşı mübarizənin mədəniyyət ölçüləri: zorakılığa yol açan gənclərin radikallaşması” adlı panelini xatırladaraq, İKT-nin davamlı inkişafı sahəsində ölkəmizin siyasətindən söhbət açıb.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizovun ölkəmizdə informasiya cəmiyyətinin qurulması sahəsində əldə olunmuş nailiyyətlərə dair təqdimatı dinlənilib.

Təqdimatda son illər sözügedən nazirliyin informasiya cəmiyyətinin inkişafına xidmət edən layihələri, eləcə də elektron hökumət, elektron imza, yeni nəsil şəxsiyyət vəsiqələri haqqında geniş məlumat verilib. Ölkə əhalisinin internetə çıxışı, genişzolaqlı şəbəkənin inkişafı və kosmik sənaye kimi vacib infrastruktur layihələrdən bəhs edilib.

R.Əzizov bildirib ki, ölkəmizdə innovativ iqtisadiyyatın prioritet istiqamətləri və İKT sahəsində startap layihələri, kibertəhlükəsizlik, kiberməkanda çoxdillilik, fiziki məhdudiyyətli insanlar üçün İT-ə dair layihələr həyata keçirilib.

Tədbirdə iştirak edən IFAP üzrə Hökumətlərarası Şuranın yeni seçilmiş sədri Anna Bossman, UNESCO-nun IFAP layihəsi üzrə əlaqələndiricisi Boyan Radoykov, UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşouk və üzv ölkələrin nümayəndələri ilə görüşlər keçirilib.

Sessiya çərçivəsində Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri əks etdirən fotosərgi nümayiş olunub.

C.ABASOV

 





24.06.2018    çap et  çap et