525.Az

“Ömür qısa, incəsənət isə əbədidir”


 

SƏNƏTŞÜNAS LEYLA AXUNDZADƏ ANILIB

“Ömür qısa, incəsənət isə əbədidir” <b style="color:red"></b>

İyunun 21-də Muzey Mərkəzində tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuş “Ömür qısa, incəsənət isə əbədidir” adlı tədbir keçirilib.

Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov sənətkarın yaradıcılığından danışıb, Azərbaycanda müasir incəsənətin inkişafı və təbliğində L.Axundzadənin müstəsna xidmətlərindən bəhs edib. O deyib ki, L.Axundzadənin təşkilatçılığı ilə keçirilən sərgilər heç də hamı tərəfindən birmənalı qarşılanmayan, bəzən tənqid doğuran, bəzən sonradan anlaşılan əsərlərin nümayişi üçün bir məkana çevrilib.

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sənətkarla bağlı xatirələrini bölüşüb, onu öz sənətinə sadiq ziyalı kimi səciyyələndirib: “Leyla Axundzadə haqqında keçmiş zamanda danışmaq olduqca çətindir. O, sözün əsl mənasında, ziyalı, eləcə də sənəti və şəxsiyyəti bir-birini tamamlayan insan idi. Daim yaradıcılıq axtarışında olan Leyla xanım fikir və ideyalarını asanlıqla izah edə bilirdi. Onun ömrü qısa olsa da, sənəti əbədi yaşayacaq”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov və digərləri sənətkarın yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, onun fəaliyyətinin əsas istiqamətlərindən biri elmi araşdırmaları olub. Müasir incəsənətin problemlərindən bəhs edən, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Fransa, Almaniya, İtaliya və digər ölkələrdə çap olunan 40-dan çox məqalənin müəllifi kimi tanınan L.Axundzadənin milli incəsənətimizdə mənzərə janrının inkişafı barədə yazdığı namizədlik dissertasiyası (1984) Azərbaycan sənətşünaslığında hadisə kimi dəyərləndirilir. O, pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yaxşı təşkilatçı idi. L.Axundzadə bir sıra sərgilər, o cümlədən, “Azərbaycan rəngkarlığı” (Vaşinqton, 1998), “Oriyentalizm daxildən və xaricdən” (Bakı, 2002), “Alüminium” I, II, III, IV beynəlxalq müasir incəsənət biennalelərini (Bakı, 2003, 2005, 2007, 2009), Moskva rəssamlarının “Metabəstəkarlar birliyi” (Bakı, 2005), “Simalar” - XX əsr fotoqrafiyası (Bakı, 2005), “Azərbaycan rəssamlarının sərgisi”ni (Moskva, 2006), “Qadın. Müharibə. Sülh” beynəlxalq təsviri sənət (Bakı, 2005), “5+” (Bakı, 2006), “Steps of time” (Drezden, 2009) və digər sərgiləri təşkil edib.

Sonra qonaqlar sənətkarın əsərlərindən ibarət sərgi ilə tanış olublar.

ŞAHANƏ

 





25.06.2018    çap et  çap et