525.Az

Uşaq və planşet


 

Uşaq və planşet<b style="color:red"></b>

"Uşaq olanda anam "yerdə çörək görsən, qaldır yuxarı qoy, quşlar yeyər" deyərdi. Sevdiklərimizi həmişə uca tutduq. Görəsən, quşlarmı yedi?"

Can Yücel illər öncə bu misraları yazanda sanki bugünləri çox əvvəl görüb deyə, düşündüm.

Sevgi... Yaşamınızı çevrələyən ailənizə, dostlarınıza, bağçanızdakı güllərə, evinizdə saxladığınız itə və ya pişiyə deyil, ac olduqlarına baxmayaraq, verdiyin yeməyi yeməzdən əvvəl əzizlənmək istəyən küçədəki heyvanlara duyduğunuz sevgi... Qarşılıqsız sevgilər elə dəyərlidir ki, insan düşündükcə qəlbi isinir. Heç unuda bilməzsiniz!

Əsl sevgilər əsla dəyərini itirməyən anlardan yaranır. Çox illər sonra itirdiyiniz valideynlərinizi düşünəndə paylaşılmış anların əlçatmaz uzaqlıqda olmasına baxmayaraq, gözünüzdən yaş axmasına mane ola bilərsinizmi? Hansı sevgi bu cür dərin, qəlb isidən, əngəl ola bilmədiyiniz yaşlar bu cür içaçıcı ola bilər?

Hər səhər uşaqlıqdan qazandığım vərdişlə çörək qırıntılarını mütləq pəncərənin kənarına qoyuram... Çünki onları gözləyən quşların olduğunu bilirəm... Axşamüstü evə qayıdanda pəncərənin kənarındakı mərmərin təmiz olduğunu görmək məni sonsuz dərəcədə xoşbəxt edir. Səssiz, sakit paylaşılan sevgi!

Sizin əkməyiniz şərt deyil, amma üstəlik, siz əkmisinizsə böyümüş ağac həyatınıza bambaşqa duyğusallıq qatar. Ağaclar, çiçəklər də insan kimi diqqət istəyir. Amma dəyişən dünyamızda nəinki çiçəklərə, böcəklərə, ağaclara, insanlara belə, sevgi, hörmət göstərilmir.

Çöldə yeməyə çıxanda ətrafınıza baxın. Yemək masalarında qarşısında əyləşən insanların əlində son model telefonlar, planşetlər var. Hamı ya oyun oynayır, ya (özünə görə vacib!) nəsə oxuyur. Müasir insan paylaşmanın istiliyindən bixəbərdir. Masalarda qorxunc səssizlik hakimdir.

Bu yaxınlarda həyat yoldaşım və uşaqlarımın "Qarışma!" deməsinə rəğmən restoranda gənc ata-anaya müdaxilə etdim. Özləri azmış kimi, körpə uşağın da əlinə planşet vermişdilər. Uşaq ya cizgi filminə baxır, ya da oyun oynayırdı. "Gələcəyin gənci belə yetişməməlidir!" dedim. Valideynləri utandılar. Mən də tanımadığım insanlara müdaxilə etdiyim üçün bir az utandım. Amma uzun illər boyu ölkəmdə, xaricdə müəllimlik etmiş şəxs kimi içimdəki pedaqoq ruhunu hələ itirmədiyim üçün özümü haqlı hesab etdim. Çünki öncə sevgi paylaşılmalıdır.

Sait Faiq Abasıyanıkın dediyi kimi, "Hər şey bir insanı sevməklə başlayır!"

Tərcümə: Cavid QƏDİR

 





25.06.2018    çap et  çap et