Əməkdar mədəniyyət işçisi, şair Zəminə Xınalının Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə iki kitablıq töhfəsi var.
"Şəhid pilotlar" adlanan ilk kitabda şairin eyniadlı poeması yer alıb. "Araz" nəşriyyatında işıq üzü görən kitab müəllifin oxucularla növbəti görüşüdür. Müəllif poemada Azərbaycanın ilk hərbi pilotu Fərrux Qayıbovun və Qarabağ uğrunda canlarını fəda etmiş hərbi pilotlar Vaqif Qurbanov, Təbriz Musazadə, Urfan Vəlizadə, Əbubəkir İsmayılov, Yaşar Əhmədov, Yusif Vəliyev, Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun keçdikləri şərəfli döyüş yolundan bəhs edərək, dolğun bir əsər yaradıb. Dilbər Sultanovanın redaktorluğunu etdiyi kitaba ön sözü akademik Nizami Cəfərov yazıb. O qeyd edir: "Şəhid pilotlar" igid Vətən oğullarına onların haqq işi uğrundakı mübarizələrinə həsr olunmuş mənzum dastandır. Və ürək ağrısı, həm də qürurla yaradılmış bu dastanın müəllifi yalnız özünün yox, bütöv bir xalqın hisslərini, duyğularını bütün təbii enerjisi ilə əks etdirir.
"Şəhid pilotlar", eləcə də Zəminə Xınalının ümumən zəngin, kəsərli və mərdanə poeziyası bir daha göstərir ki, neçə ki Azərbaycan torpağına göz dikənlər var Azərbaycan əsgəri yerdə də, göydə də düşmənə layiqincə cavab verəcək... Həyatı bahasına olsa belə..."
Z.Xınalının yenicə işıq üzü görmüş ikinci kitabı "Ordu marşları" adlanır. Bu kitabda şairin vətənə, müxtəlif hərbi məktəblərə və zabitlərə, həsr olunmuş və ayrı-ayrı bəstəkarlar tərəfindən musiqiləri yazılmış marşları yer alıb. Kitabın redaktoru akademik Vəli Əliyev, ön sözün müəllifi isə Müdafiə Nazirliyinin Şəxsi Heyəti Baş İdarəsi Hərbi orkestr xidmətinin rəisi, Xalq artisti, professor, general-mayor Yusif Axundzadədir. Y.Axundzadə ön sözdə yazır: "Zəminə Xınalı vətənpərvər şairədir. Hərbi vətənpərvərlik mövzusunda zəngin yaradıcılığa malikdir. Bir çox mahnı və marşların mətn müəllifidir. O cümlədən, H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik məktəbinin, Dünya Azərbaycanlılarının Həmrəylik marşının və Azərbaycan Sülhməramlı Qüvvələrinin sülh marşının, Xüsusi Mühafizə Briqadasının, Ağsaqqallar Şurasının, Azərbaycan Dəniz Akademiyasının, Mərkəzi Klinik Hospitalının, Xəzər Dəniz QSC-nin, Mülki Müdafiə Qoşunlarının marşlarının sözləri onun qələminə məxsusdur. Onun əsərləri Azərbaycan Radiosunun Qızıl Fondunda saxlanılır".
Şahanə MÜŞFİQ
çap et