525.Az

Azərbaycanda keçirilən hərbi parad Ermənistanda ciddi təlaş yaradıb


 

"BİZ ELƏ BİR GÜCLÜ ORDU YARATMIŞIQ Kİ, DÜŞMƏNİN BÜTÜN STRATEJİ HƏDƏFLƏRİNİ MƏHV ETMƏYƏ QADİRDİR"

Azərbaycanda keçirilən hərbi parad Ermənistanda ciddi təlaş yaradıb <b style="color:red"></b>

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təşkil olunan hərbi paradda son dövrlər ordumuzun arsenalına daxil edilən müasir hərbi texnikanın nümayişi ölkəmizin artan hərbi gücündən xəbər verməklə işğalçı Ermənistanda böyük vahimə yaradıb, təşvişlə qarşılanıb.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək, Ermənistana ciddi mesajlar verib: "Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir".

Ordumuzun döyüş qabiliyyətinin artırdığını deyən ölkə rəhbəri qeyd edib ki, Azərbaycanda çox yüksək vətənpərvərlik ruhu var: "Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir. İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətib, bizim mövqelərimizi atəşə tutub, mülki əhaliyə qarşı təcavüz edib. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olub. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərib. Bir daha göstərib ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərib ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir".

Dövlət başçısı xatırladıb ki, Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edilib: "Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərib. Biz strateji yüksəklikləri azad etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır".

"Azərbaycanın getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır", - deyə prezident bildirib.

Bakıda keçirilən hərbi paradda bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda keçirilmiş hərbi parad Ermənistan rəhbərliyində, xüsusilə, Ermənistan Xarici İşlər və Müdafiə nazirliklərində ciddi təlaş yaradıb. O, APA-ya bildirib ki, hər bir Azərbaycan vətəndaşı 26 iyun tarixində ölkəmizdə keçirilən hərbi parad, ali baş komandanın orada çıxışı ilə qürur duyur: "Ermənistan Azərbaycan ordusunun qüdrəti və əməliyyat imkanlarının günbəgün artmasından narahat olmaq istəmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarsın və işğala son qoysun".

Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi bağlı çox möhtəşəm bir hərbi parad keçirilib. O bildirib ki, dövlət başçısı mərasimdəki çıxışında ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının Azərbaycan Ordusunun yaradılması ilə bağlı atdığı mühüm addıma diqqəti cəlb edib: "Ali baş komandan qeyd edib ki, Cümhuriyyət qurucuları 100 il öncə Silahlı Qüvvələrin yaradılması ilə bağlı çox mühüm siyasi qərar qəbul ediblər. Bu gün biz həmin tarixi günün 100 illiyini qeyd edirik. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Biz 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsək də, tam müstəqilliyimiz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdışı ilə başlanıb. Heydər Əliyev ilk növbədə ordu quruculuğu məsələlərinə diqqəti cəlb edib. Müasir Azərbaycan ordusunun da yaradıcısı məhz ulu öndər Heydər Əliyev olub. Bu gün Azərbaycan ordusu güclənməkdədir. Prezident çıxışında qeyd edib ki, dövlət büdcəsinin ən böyük hissəsi məhz bu məqsəd üçün ayrılır. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb. Bu gün Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır".

Deputat Azərbaycan ordusunun öz gücünü aprel döyüşlərində göstərdiyini vurğulayıb: "Aprel döyüşləri bizim şanlı tariximizdir. Azərbaycan ordusu göstərdi ki, qüdrətli ordudur. Azərbaycan ordusunda çox yüksək hərbi vətənpərvərlik hissi var. Ordumuz aprel döyüşlərindəki qələbəsi ilə Ağdərənin, Füzulinin və Cəbrayılın işğal olunmuş ərazilərində Azərbaycanın üçrəngli bayrağının dalğalanmasını təmin etdi.  Prezident bildirib ki, o müqəddəs gün gələcək və Azərbaycan bayrağı işğal altındakı Şuşada, Xankəndində dalğalanacaq, işğaldan azad olunmuş ərazilərimizdəki bayraqlarımızı gətirib Azadlıq meydanında dalğalandıracağıq, o gün uzaqda deyil".

E.Nəsirovun sözlərinə görə, dövlət başçısı Ermənistan rəhbərliyinə də çox ciddi mesajlar göndərib: "Bir daha qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın hüquqi, tarixi, əzəli ərazisidir, bu münaqişə yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər, başqa həll yolu mümkün deyil. Prezident bir məqama da diqqəti cəlb edib. Qeyd edib ki, bu gün beynəlxalq aləmdə güclünün haqlı olması prinsipi işləyir və çox düzgün addım atmışıq ki, ordu quruculuğu məsələlərinə belə diqqət ayırmışıq. Biz güclü olduqca münaqişənin həlli imkanları bir o qədər yaxınlaşır. Dövlət başçısı bundan sonra da ordu quruculuğuna xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Prezident ölkəmizdə hərbi sənayenin formalaşdığını, 1200-dən artıq çeşiddə silah və sursatın istehsal olunduğunu nəzərə çatdırdı. O cümlədən, bundan sonra da ordumuz üçün ən müasir silahların alınacağını bəyan edib. Ali baş komandan bu hərbi paradda nümayiş etdirilən ən müasir silahların malik olduğumuz potensialın çox cüzi bir hissəsi olduğunu söyləyib. Azərbaycanın daha güclü hərbi potensialı, imkanları var və bunun sayəsində münaqişənin həlli ilə bağlı imkanlarımız genişlənir. Dövlət başçısı vurğulayıb ki, bunu qarşı tərəf - Ermənistan və dünya da görsün, nəticə çıxarsınlar ki, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək lazımdır, hadisələrin fərqli müstəvidə cərəyan etməsinə görə məsuliyyət qarşı tərəfin üzərinə düşəcək".

Politoloq Qabil Hüseynli deyib ki, hərbi parad möhtəşəm və qürurvericidir: "Bu hərbi parad 2013-cü ildə keçirilən hərbi paradla müqayisədə ordumuzun nə qədər inkişaf etdiyi nümayiş etdirib. Orduda yeni döyüş əməliyyatları üzrə xüsusi qoşun növləri yaradılıb. Bu sırada xüsusilə, raket-artilleriya qoşun növünü qeyd etmək istərdim. Ordunun təchizatının yüksək səviyyədə olduğu göz önündədir. Ən diqqətçəkən məqam Azərbaycan ordusunun döyüş ruhu ilə bağlıdır, döyüş ruhu və hazırlığı ən yüksək səviyyəyə çatıb. Bu ordu ilə qarşıya qoyulan istənilən məqsədə çatmaq, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək mümkündür".

Politoloq ordunun böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Peşəkar hazırlıqlı ordu hissələrinin formalaşdırılması, yeni qoşun növlərinin yaradılması, ordunun atəş gücünün ölçüyəgəlməz dərəcədə artırılması Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün çox işıqlı ümidlər oyadır. Mən hərbi paradda hərbi hissələrin nizami addımlarla hərəkətini, paradın ssenarisini, müxtəlif qoşun növlərinin çox yüksək hazırlığını gördükdə qürur hissi keçirdim. İnsan qəti əmin olur ki, belə bir orduya malik olan ölkə torpaqlarımızın geri qaytarılması və ərazi bütövlüyümüzün bərpasını təmin edə bilər. Hərbi Hava Qüvvələrinin təyyarə və vertolyotlarının nümunəvi çıxışlarını xüsusi qeyd etmək istəyirəm. Xüsusilə, qırıcı təyyarələrin çox mürəkkəb nümunəvi tapşırıqlar yerinə yetirməsi göstərir ki, hərbi pilotlarımızın hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Azərbaycan ordusunun havada düşmən ordusu qarşısında əzici üstünlüyü təmin edilir. Bu da ordumuzun üstünlüyünü xeyli artırır. Bu, ordumuzun tarixində çox şanlı səhifələrdən biri olacaq".

Q.Hüseynli dövlət başçısının çıxışını diqqətlə izlədiyini bildirib: "Dövlət başçısının çıxışı ibrətamiz idi. Prezidentin çıxışında qeyd etdiyi kimi, 80-dən çox hərbi şəhərciyin yenidən tikilməsi və təmir edilməsi, orduda məişət işlərinin mülki şəxslərə tapşırılması ordu quruculuğu sahəsində ciddi addımlardan biridir. Nəzərə çatdırım ki, artıq Azərbaycan ordusu dünyada ən güclü ordular arasında 26-cı yerə qalxıb. Ermənistan bu sıralamada heç 70-ci yeri də tuta bilmir. Ordumuzun qarşıya qoyulan bütün hədəfləri yerinə yetirməyə qadir olduğunu söyləyən ali baş komandan ordumuzla qürur duyduğunu vurğulayıb. Bildirilib ki, Ermənistan Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv mövqe tutub, dünyanı çaşdırmağa çalışsa da, biz Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə ciddi addımlar atacağıq və güzəştə getməyəcəyik. Dövlət başçısını belə nikbin danışmağa imkan verən amillər sırasında iqtisadiyyatımızın sürətlə inkişaf etməsini, ölkəmizin dünyaya siyasi və iqtisadi inteqrasiyasını qeyd etmək olar. Azərbaycan bir tərəfdən dünya ilə qaynayıb qarışır, digər tərəfdən ordu quruculuğu sahəsində böyük yeniliklər etməklə ölkənin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir. Məncə, bu hərbi parad Azərbaycan cəmiyyətinin yekdilliyini daha da gücləndirəcək. Milli qürurun, milli vətənpərvərlik hisslərinin güclənməsində, cəmiyyətin əhval-ruhiyyəsinin yüksəlməsində çox mühüm rol oynayacaq. Həm də dünyaya Azərbaycanın inkişafını əyani surətdə göstərəcək. Bu gün xalqımız ordumuzun 100 illiyini qeyd etməklə tarixinin çox qürurverici səhifəsini yaşayıb".

Ceyhun ABASOV

 





28.06.2018    çap et  çap et