525.Az

Ermənistanda "Polonez" şoku


 

DÜŞMƏN ÖLKƏ AZƏRBAYCANIN ARTAN HƏRBİ GÜCÜNDƏN DƏRİN NARAHATLIQ KEÇİRİR

Ermənistanda "Polonez" şoku<b style="color:red"></b>

Azərbaycanın son dövrlər hərbi sahədə əldə etdiyi böyük uğurlar, düşmən üzərində ard-arda qazanılmış parlaq qələbələr qarşı cəbhədə böyük narahatlıq, dərin təşviş hissi ilə qarşılanır.

2016-cı ilin Aprel döyüşlərində Ermənistanın ağır məğlubiyyətə uğraması o vaxtkı prezident Serj Sarkisyanı günahkar axtarışlarına vadar edib ki, nəticədə ölkənin hərbi strukturunda islahatlar aparılmağa, müdafiə naziri Seyran Ohanyan da daxil olmaqda, xeyli sayda erməni generalları vəzifədən uzaqlaşdırılmışdı. Sarkisyan bununla məsuliyyəti öz boynundan atmağa çalışsa da, istəyinə çata bilməyib. Ölkədə referendum yolu ilə prezident idarə üsulundan parlamentar sistemə keçid edərək, baş nazir kimi ölkəyə rəhbərliyi əlində saxlmağa çalışan cinayətkar dəstə rəhbəri kütləvi etiraz aksiyalarından sonra istefa vermək məcburiyyətində qalıb. Serjikin boş qalan kürsüsünü "ustalıqla" ələ keçirən Nikol Paşinyan isə daxili problemləri həll etməkdə o qədər də məharətli olmadığını ortaya qoyub. Ermənistan əhalisinin qətiyyətli tələblərinə baxmayaraq, Qarabağ klanının başına duran Serj Sarkisyan və Robert Koçaryanı həbsinə şərait yaratmaq istəməyən yeni baş nazir cinayətkar dəstənin fəal üzvlərindən olan "Qəssab" ləqəbli Manvel Qriqoryanı dəmir barmaqlıqlar arasına salmaqda işğalçı ölkə cəmiyyətində nisbi sabitlik yaratmağa çalışır. M.Qriqoryanın həbsi həqiqətən Koçaryan-Sarkisyan cütlüyünə yönəlmiş tələbləri müəyyən qədər yumşaltsa da, üzə çıxan faktlar - generalın törətdiyi əməllər Ermənistan ordusunda vəziyyətin nə qədər rüsvayçı vəziyyətdə olduğunu göstərib. Müharibə şəraitində belə tabeliyində olan əsgərlərə dözülməz işgəncələr verən M.Qriqoryanın nümunəsində bu cür hadisələrin işğalçə ölkə ordusunda kifayət qədər olduğunu deməyə əsas verir. Bundan sonra daha bir neçə generalın oxşar əməllər tutuduğuna dair faktların üzə çıxacağı şübhə doğurmur.

Bu ilin may ayının sonlarında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu Günnüt əməliyyatı isə Ermənistana, onun ictimai-siyasi həyatına növbəti, daha böyük zərbəni vurub. Siyasətdə təsadüfi adamlardan biri olduğunu atdığı addımlarla sübut edən N.Paşinyanın işğalçı ölkəyə rəhbərliyinin ilk aylarında baş verən bu hadisə ona qarşı inamsızlığı daha da artırıb. Ermənistan orusunda baş verən rüşvətxorluq, korrupsiya halları fonunda Azərbaycan Silahlı Qüvvələrinin arsenalını İsrail istehsalı LORA əməliyyat-taktiki raket kompleksi, Belarus-Çin istehsalı "Polonez" reaktiv yaylım atəşi sistemləri ilə zənginləşdirməsi Paşinyanın da etirazçı kütlənin hədəfinə tuş gəlməməsi üçün günahkar axtarışlarına çıxmasına səbəb olub.

Baş verənlərlə əlaqədar  "Lragir" saytı yazır ki, Belarus və İsrail Ermənistana zərbə vurub: "Belarus və Azərbaycan arasında əməkdaşlıq əvvəldən var, lakin "Polonez"lərin satışı yeni strateji münasibətlərin başlanğıcı hesab oluna bilər. Hərçənd, Belarus Ermənistanla eyni ittifaqlarda təmsil olunur. İsrail də son vaxtlar Türkiyəyə qarşı "erməni soyqırımı" kartından istifadə edir. Lakin onun Azərbaycanla münasibətləri Ermənistana münasibətlərin mövsümi xarakter daşıdığını göstərir. Azərbaycanın nümayiş etdirdiyi yeni silahlar Belarus və İsrailin Ermənistana ciddi zərbəsi hesab oluna bilər".

"Armenian Report" saytında dərc olunan, N.Paşinyanın sifarişi ilə yazıldığı şübhə doğurmayan yazıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanla yanaşı təmsil olunan Belarusun guya təşkilatın məqsəd və məramına uyğun olmayaraq, Azərbaycanla qurduğu münasibətlər sərt şəkildə tənqid olunur, son dövrlər hərbi əməkdaşlıq müstəvisində atılan addımlar, xüsusilə Rusiyanın işğalçı ölkəyə hədiyyə etdiyi "İsgəndər" raketlərindən daha güclü hesab olunan Belarusla Çinin birgə istehsal etdiyi "Polonez" raketlərinin Bakıya gətirilməsinə narazılıq ifadə edilir.

Müəllif Samvel Oqanesyan məqaləsində Minsk-Bakı münasibətlərinə diqqət çəkərək, prezident Armen Sarkisyanın Ermənistanın bu kontekstdə aldığı zərbələrə etinasız münasibət bəslədiyini bildirir, Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbətlərində həddindən artıq səmimi olması, nəzakətlə davranmasına öz sərt reaksiyasını ortaya qoyur. Hətta Lukaşenkonu "diktator" adlandırmaqdan çəkinməyən müəllif yüksələn Belarus-Azərbaycan münasibətləri fonunda Ermənistan prezidenti Armen Sarkisyanın iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı belaruslu həmkarına ünvanladığı məktubunda təbrik sözləri ilə kifayətlənməsini həzm edə bilmir. S.Oqanesyan hesab edir ki, ölkəsinin prezidenti Lukaşenkoya Bakı-Minsk münasibətləri ilə bağlı narazılığını bildirməli, onu atdığı addımlardan çəkinməyə çağırmalı idi.

Məsələni dərindən araşdırdıqda isə bütün bunların kökündə Ermənistan baş naziri Nikol Paşinyanın sələfi Serjikin son təyinatı olan A.Sarkisyanı zərərsizləşdirmək, prezident kürsüsündən yıxmaq olduğu məlum olur. Bununla Belarus-Azərbaycan hərbi əməkdaşlığının Ermənistan üçün ağır nəticələr doğurduğu dövrdə N.Paşinyan "Polonez" təhlükəsində A.Sarkisyanı günahkar çıxararaq məsuliyyətdən də yayınmağa çalışır.

"Armenian Report"un başqa bir əməkdaşı Tevos Arşakyan isə məqaləsində bildirib ki, Belarus Azərbaycana "Polonez" raketlərini satmaqla qırmızı xətti keçib.

Müəllif qeyd edib ki, Rusiya Ermənistana "İsgəndər" raketləri göndərdikdən sonra Azərbaycan dünya silah bazarında oxşar sistem axtarışlarını çıxıb və Belarusda axtardığını tapıb: "Polonez" reaktiv yaylım atəşi sistemlərinin Bakıya gətirilməsi istiqamətində bir ilə yaxın danışıqların getdiyinə dair xəbərlər dolaşırdı. Lakin Bakı-Minsk razılaşması ilə bağlı təsdiqləyici fakt tapmaq mümkün olmayıb. Bundan əlavə, Ermənistan Belarusla gizli danışıqlar apararaq bu silahların Azərbaycana satılmasının qarşısını almağa çalışırdı. Nəticədə, "Polonez" reaktiv yaylım atəşi sistemlərinin Azərbaycanın silahlanmasına daxil edilməsiylə bağlı Bakı-Minsk danışıqlarının uzanması belə təəssürat yaratmışdı ki, İrəvan və Moskva Lukaşenkonu fikrindən danışdıra bilib. Lakin iyunun 11-də Ermənistan diplomatiyasının Belarus rəhbərliyini inandırmağa nail olmasıyla bağlı ümidlərimiz puç oldu".

T.Arşakyan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunduqları Belarus, Qazaxıstandan uzaqlaşma siyasətinin həyata keçirilməsini vacib sayır. Onun sözlərinə görə, bu ölkələr Ermənistanla eyni platformada təmsil olunsalar da, Azərbaycana yaxınlığı ilə seçilirlər. Ona görə də, müəllif ölkəsini Qərbə inteqrasiyaya çağırır, Avropa dövlətləri, ABŞ-la əlaqələrin istiləşdirilməsinə səy göstərilməsini çıxış yolu hesab edir.

Ceyhun ABASOV

 





28.06.2018    çap et  çap et