525.Az

"Ədalət və İnkişaf Partiyasının qalib gələcəyinə şübhə yox idi"


 

"Ədalət və İnkişaf Partiyasının qalib gələcəyinə şübhə yox idi"<b style="color:red"></b>

"Türkiyədə gərgin keçən siyasi mübarizəyə baxmayaraq, qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının qalib gələcəyinə şübhə yox idi".
 
Bu sözləri Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, Ədalət və İnkişaf Partiyası apardığı siyasət nəticəsində qələbə qazanıb: "Türkiyədə qazanılan qələbə ümumi Türk dünyasının uğurudur. Rəcəb Tayyib Ərdoğanın apardığı siyasət bu gün ümumi maraqlara cavab verməklə yanaşı, regionda stabilliyin yaranmasına, inkişafın təmin olunmasına böyük zəmin yaradır".

Deputat qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edərək, yüksək səviyyəyə qalxıb: "Azərbaycan və Türkiyənin dövlət başçıları arasında dövlətlərarası münasibətlərlə yanaşı, şəxsi dostluq nümunələri də var".

A.Mirzəzadə hesab edir ki, dost, qardaş ölkənin rəhbərinin yenidən prezident seçilməsi, iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə və yeni konturlar əldə edəcəyinə işarədir: "Hər iki ölkə beynəlxalq aləmdə birgə mövqedən çıxış edir və ortaq maraqları var. İki ölkənin birgə həyata keçirdiyi iqtisadi layihələr bu gün regionun əsas iqtisadi xarakteristikası hesab edilə bilər".

Deputat əlavə edib ki, ümumən götürdükdə qardaş ölkə seçicisinin həm də Azərbaycan-Türkiyə münasibətlərinin qorunub saxlanmasına, onun inkişaf etdirilməsinə səs verdiyini qətiyyətlə demək olar.

Ceyhun ABASOV

 





28.06.2018    çap et  çap et