525.Az

Mavi ekranlarda qızıl tarix


 

Mavi ekranlarda qızıl tarix<b style="color:red"></b>

2018-ci il yubileylər ilidir. Bu yubileylər içərisində iki yubiley var ki, biri dövlətçiliyimizin, digəri mədəniyyətimizin tarixində müstəsna əhəmiyyətə malikdir: Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan kinosu!

Düz 100 il öncənin 28 mayında Şərqdə bir ulduz parladı. Elə parladı ki, şəfəqi bütün dünyanı nura boyadı, doğduğu qaranlığın içərisindən nəinki öz dibinə, həmçinin, yüzilliklər sonraya işıq saldı. 120 yaşını qeyd edən Azərbaycan kinosu qocaman Cümhuriyyətimizi özündə necə ehtiva edib, görəsən?!  

İşıqlı tarix "qara lentlərdə" 

Kino sahəsinin yaxşı inkişaf etdiyi Sovet dövründə bir neçə bədii filmdə Cümhuriyyət dövrü birbaşa olmasa da, dolayısı ilə ayrıca bir xətt kimi keçir. Və çox təəssüf ki, ideologiyanın tələbi ilə Cümhuriyyətimiz və onun qurucuları bu filmlərdə heç də xoş xatırlanmır, hətta xalqın düşməni kimi təsvir edilirlər. Ancaq onlar Sovet dövrünün ideoloji-siyasi tələblərinə görə neqativ çalarlarla təqdim edilsələr belə, ssenarist və rejissorlarımız sətiraltı da olsa, onların müsbət tərəflərini, tarixi şəxsiyyət kimi çəkilərini göstərə biliblər. Təbii ki, indiki müstəqil dövlətdən həmin əsarət dövrünü tənqid etmək heç də doğru olmazdı. Burada o dövrün və qoyulan qayda-qanunların birbaşa rolu var. O qanunlara zidd hərəkət edən hər kəs isə ən yaxşı halda filmdən uzaqlaşdırılar və özlərinə sərf etməyən səhnələr kəsilib atılardı. Kino tariximizi vərəqlədikcə belə faktlarla az qarşılaşmırıq.

Bütün əyər-əskiklərinə baxmayaraq, çəkilən hər bir film tariximizin işıqlandırılması adına mühüm dəyərə malikdir. Hətta bu tarix saxtalaşdırılsa belə. Çünki ən yaxşı halda Cümhuriyyətimiz birdəfəlik silinməmiş, yox sayılmamışdır. Hansısa filmdə, əsərdə bu tarixi faktın rüşeymlərinə rast gəlmək bəs edir ki, əsl vətənpərvər ziyalı bunun arxasında gizlənən və ya gizlədilən həqiqətləri araşdırıb daha dürüst məlumatlar əldə edə bilsin.

lll

Azərbaycan kinosunda Cümhuriyyət nümayəndələrinin ilk obrazı Səməd Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" filmi ilə başlayır. Filmdə milli hökumətdə hərbi nazir, sonra əmək naziri vəzifələrində çalışmış Xosrov bəy Sultanovun obrazını İsmayıl Osmanlı canlandırıb.

Növbəti dəfə onun prototipinə (Şəfibəyov soyadı ilə) 1986-cı ildə çəkilmiş "İşarəni dənizdən gözləyin" filmində rast gəlirik. Burada həmin obrazı Fəxrəddin Manafov canlandırıb. İsmayıl Şıxlı, Ramiz Rövşən və Firudin Ağayevin ssenarisi əsasında hazırlanan bu bədii filmin quruluşçu rejissoru Ceyhun Mirzəyevdir. Kinolentdə Cümhuriyyətin əksər tanınmış simalarının obrazını, hətta müstəqil Azərbaycanın üçrəngli bayrağını da görə bilirik. Filmdə Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda aparılan mübarizədən danışılır. Cümhuriyyətin Baş naziri Nəsib bəy Yusifbəylinin obrazını Xalq artisti Həsənağa Turabov, Səməd bəy Mehmandarovun prototipi qoca generalı Həsən Məmmədov yaradıblar.

S.Mehmandarovun daha bir obrazı Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanova həsr edilən "Sizi dünyalar qədər sevirdim" filmində (Rasim İsmayılov, 1985) yer alıb. Obrazı Şahmar Ələkbərov yaradıb.

"Səhər" (1960) filminin isə elə adı Cümhuriyyətə vurulan əsas zərbədir. Bolşeviklərin silah gücünə yaratdıqları Sovet hökuməti qaranlığa aydınlıq gətirən səhər kimi mənalandırılır.

"Sevinc buxtası" (1977) filminin yaratdığı mənzərə isə belədir: guya, 1920-ci ildəki iqtisadi böhranın əsas səbəbi bundan əvvəlki hökumətdir. Yəni AXC hökuməti... Bolşeviklər isə Bakını ona görə tuturlar ki, bu iqtisadi böhranı aradan qaldırsınlar.

Rasim Ocaqovun 1974-cü ildə sovet ideologiyasına uyğun çəkdiyi "Qatır Məmməd" filmində 1919-1920-ci illərdə Gəncə quberniyasında kəndli hərəkatının başçısı kimi Cümhuriyyətə qarşı vuruşan Qatır Məmməd bir qəhrəman kimi göstərilmişdi. Özündən bir il əvvəl çəkilən "Səmt küləyi" (rejissor Eldar Quliyev) filmi kimi burada da Cümhuriyyət və onun qurucuları kəskin şəkildə baltalanır. Filmdə mənfi planda təqdim olunan milli hökumət nümayəndələri Azərbaycan istiqlalının əsl mücahidləri idi. Burada baş nazir Fətəli xan Xoyskinin (İsmayıl Dağıstanlı), Cümhuriyyətin səhiyyə naziri, daha sonra isə Gəncə qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin (Məmmədrza Şeyxzamanov) obrazları da canlandırılıb.

Film ilk dəfə rejissor Hüseyn Seyidzadəyə tapşırılır. Ancaq onun çəkdiyi filmi Bədii Şura məlum olmayan səbəblərdən qəbul etmir. Əlbəttə, orada səbəb açıqlanmır, ancaq səbəbi təxmin etmək heç də çətin iş deyil. Çünki rejissor filmi əsl həqiqətlərə uyğun çəkmişdi. Görünür, bu həqiqətlər o dövrdəki hakimiyyətə sərf etmirdi və buna görə də o, filmin rejissorluğundan azad edilir, ekran işi müəyyən şərtlərlə hələ yenicə universiteti bitirmiş Rasim Ocaqova həvalə olunur. Filmdə müsavatın zabiti Əziz obrazını canlandıran Rasim Balayev müsahibələrinin birində bu rolu mənfi obraz olduğu üçün qəbul etməkdə tərəddüd etsə də, indiki dövrdən baxanda Əzizin müsbət, Qatır Məmmədin isə mənfi rol olduğunu vurğulayır və rolundan məmnunluğunu bildirir.

Rejissor Əjdər İbrahimovun 1971-ci ildə lentə aldığı "Ulduzlar sönmür" bədii filmi Azərbaycanın tanınmış ictimai xadimi Nəriman Nərimanovdan bəhs edir. Özü-özlüyündə bu filmin çəkilməsi çox müsbət hadisədir. Tarixçilər Nərimanovun Azərbaycan xalqı qarşısında ən böyük xidmətləri sırasında onun vəfat etdiyi günə kimi cümhuriyyətçilərin qorunmasına çalışmasını xüsusi qeyd edirlər.

Ancaq filmdən təbii ki, cümhuriyyətlə bağlı böyük və müsbət şeylər gözləmək sadəlövhlük olardı. Ən azından ona görə ki, filmi birbaşa Moskva - "Mosfilm" çəkirdi. Həqiqətən də film hazırlanan müddətdə ssenari müəllifi İsa Hüseynovla rejissora çox basqı olunur. Min bir çətinlik hesabına çəkilən filmdə Cümhuriyyət aşağılanmasa da, Nərimanovla bağlı olan, xüsusən də onun AXC rəsmiləri ilə normal münasibətini göstərən kadrlar qayçılanır. Ən pisi də ssenaridəki Hacı Zeynalabdin Tağıyev obrazının çıxarılmasıdır... Əlbəttə, bunda yaradıcı heyətdə bir günah yox idi.

Filmdə milli hökumətin hərbi naziri Səməd bəy Mehmandarovun, artilleriya generalı Əliağa Şıxlinskinin və Nəsib bəy Yusifbəylinin obrazları da yaradılıb.

“Birisigün gecəyarısı" (Arif Babayev, 1981) filmində Cümhuriyyət dövründə dövlət dəstəyi ilə xaricə təhsil almağa göndərilən 102 tələbənin taleyinə toxunulur.

Azad ekranda Cümhuriyyət 

Təəssüf ki, müstəqillik illərində Azərbaycan Xalq Cümhuriyyətilə bağlı dolğun bədii filmlər elə də çox deyil. Çəkilən filmlərin çoxu ya sənədli, ya da bədii-sənədlidir. Bəzi filmlərimizdə isə o dövrlə bağlı ştrixlərə rast gəlirik.

2001-ci ildə "STV Xəzər"in istehsal etdiyi "Azərbaycan Xalq Cümhuriyyəti" qısametrajlı sənədli televiziya filminin ssenari müəllifi Billurə Aslanqızı və İlqar İbrahimli, rejissoru Rövşən İsaxdır. Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edir.

Rejissor Ramiz Həsənoğlunun Xalq yazıçısı Anarın ssenarisi əsasında lentə aldığı "Cavid ömrü" filmində (2007) istiqlal şairimiz, himnimizin sözlərinin müəllifi Əhməd Cavadın obrazını Xalq artisti Nurəddin Mehdixanlı yaradıb. Bu filmdə həmçinin böyük dramaturq və şair Cəfər Cabbarlının da obrazı yer alıb.

2013-cü ildə "Kəpəz" televiziyasının sənədli filmlər redaksiyası tərəfindən hazırlanan "Bir nazirin həyatı" bədii-sənədli filmi AXC-nin baş naziri Nəsib bəy Yusifbəylinin həyat yolundan bəhs edir.

Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibəti ilə hazırlanan "Zamanın sorağında" (2014) və 2016-cı ildə lentə alınan "Əmin olmağın yolu", "Alın yazısı",  "Məhəmməd Əmin Rəsulzadə",  "Bədirlənmiş mAY", "Nuru paşa", "Aprel səhəri" sənədli filmləri də Cümhuriyyət tariximizin araşdırılmasında mühüm rola malikdirlər.    

2016-cı ildə ekranlara vəsiqə alan "Əli və Nino" filmində də Cümhuriyyətlə bağlı detallara rast gəlirik. Çar Rusiyası dağılandan sonra Azərbaycana qayıdan Əli Bakının xilas olunması uğrunda mübarizəyə qoşulur, Cümhuriyyət yaradıldıqdan sonra F. Xoyski ilə görüşür, Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilir. Burada F.Xoyski obrazı ideoloji təhrifə məruz qalmadan, tarixi şəxsiyyət kimi əks olunub. Hindistan əsilli rejissor Asif Kapadiya tərəfindən Qurban Səidin eyniadlı romanı əsasında çəkilən filmin ssenari müəllifi Oskar mükafatı laureatı Kristofer Hempton, icraçı prodüserləri Leyla Əliyeva və Mayri Betdir.

Həmin ildə rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun Müsəllim Həsənovun ssenarisi əsasında çəkdikləri "Əbədi ezamiyyət" tammetrajlı sənədli-bədii filmində AXC-nin qurucu simalarının obrazlarını görə bilirik. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan ekran əsəri 1919-cu ilin yanvarında Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Filmin final səhnəsi 1993-cü ilin dekabrında Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Ə.Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə yekunlaşır.  

Bir əsrlik qürur mənbəyi

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. Şərqin ilk demokratik respublikasının bir əsrlik yaşı ondan 20 yaş böyük bəyaz pərdənin də diqqətindən kənarda qalmadı.

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüsserliyi, Heydər Əliyev Fondunun dəstəyi və "BP Azərbaycan" şirkətinin sponsorluğu ilə hazırlanan "Son iclas" bədii-sənədli filmi Cümhuriyyətin keşməkəşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov olan ekran işində M.Ə.Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə böyük şəxsiyyətin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rəis Rəsulzadə canlandırıb.

Yubiley ərəfəsində bu əlamətdar hadisəyə növbəti töhfə "Bank Respublika" ilə ÖZFİLM şirkətindən gəldi. "Bank Respublika"nın sifarişi ilə ÖZFİLM şirkətində istehsal olunan "İstiqlaliyyət" filmi XX əsrin əvvəllərindəki Azərbaycanın şanlı tarixini bəyaz pərdəyə daşıyıb. Sənədli-bədii filmin rejissoru Cavid Təvəkkül, prodüseri Fehruz Şəmiyev, operatoru Elman Əliyevdir. Filmdə Xalq artisti Nurəddin Mehdixanlı, aktyorlar Mehman Piriyev, Emin Səid, Vüsal Xalıqoğlu və başqaları çəkiliblər. Ekran işi "Baku Media Center"in texniki dəstəyi ilə ərsəyə gəlib.

"Veysəloğlu" Şirkətlər Qrupunun təşəbbüskarlığı və "Cinealliance" kino şirkətinin yaradıcı komandası ilə ərsəyə gətirilən "Cümhuriyyətin 9 şəkli" filmində o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil vasitəsilə Cümhuriyyətin doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Ssenari müəllifi Orxan Fikrətoğlu, quruluşçu rejissoru isə Elxan Cəfərov olan filmdə baş rolu Xalq artisti Rasim Balayev canlandırır.

"Nağıl kimi Cümhuriyyət" sənədli-bədii filmdə Bakıda 100 il öncə başlanan qadınların qiyamı, M.Ə.Rəsulzadənin geriyə addımı və Azərbaycanın xilas edilməsi, o dövrün şahidlərinin xatirələri və yüz yaşı tamamlanan Cümhuriyyətin doğulmasından bəhs olunur. İlk dəfə burada "Ölkəm" şeirinin indiyədək bəstələnməmiş bəndləri Asəf Zeynallının eyniadlı romansının notları ilə ifa edilir və M.Ə.Rəsulzadənin "Stalinlə ixtilal xatirələri" bədii səhnə kimi canlandırılır.

Ssenari müəllifi və rejissoru Oleq Şommer, baş prodüsseri Leyla Əliyeva olan "Birinci dubldan" filmində AXC dövründə xaricdə təhsil almağa göndərilən 102 gəncin taleyindən danışılır.

Bu il 120 illik yubileyini qeyd edən Azərbaycan kinosu inamlı addımlarla irəliləməkdə və inkişaf etməkdədir. Hələ ki "Cümhuriyyət İli"nin yarısını arxada qoymuşuq və bu yarım ildə görülən işlər, çəkilən filmlər gələcəkdən daha böyük işlər gözləməyə əsas verir.  

Şahanə MÜŞFİQ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





28.06.2018    çap et  çap et