525.Az

Müharibə ehtimalı Ermənistan dövləti və cəmiyyətini narahat edir


 

"AZƏRBAYCANDA MÜTLƏQ ƏKSƏRİYYƏT ƏMİN OLUB Kİ, TORPAQLARIN İŞĞALDAN AZAD OLUNMASININ YEGANƏ ALTERNATİVİ ORDUNUN ƏMƏLİYYATLARI İLƏ BAĞLIDIR"

<b style="color:red">Müharibə ehtimalı Ermənistan dövləti və cəmiyyətini narahat edir</b>

"Son zamanlar belə fikirlər var ki, guya Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistanın yeni hakimiyyətinə təsir edə bilər. Guya bu onunla əlaqələndirilir ki, Kreml Nikol Paşinyanın xarici siyasətindən məmnun deyil. Halbuki Paşinyan hələ Rusiyanı qıcıqlandıracaq heç bir addım atmayıb".
 
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret 3 şərti var: "Birinci şərt odur ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkincisi, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt isə Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməsi məsələsidir".

E.Şahinoğlu hesab edir ki, Kremlin şərtlərinə razılaşmaq risklidir: "Çünki Bakı Kremlin şərtlərini qəbul edərsə, bu, həm Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin sonu olacaq və Bakının Qərblə münasibətlərində suallar yaranacaq. Digər tərəfdən, əgər bəzilərinin zənn etdiyi kimi Putinin Azərbaycana simpatiyası varsa, Rusiya prezidenti Azərbaycana doğru addım atmalıdır. Bu isə müşahidə olunmur. Pozitiv siqnallar yoxdur".

Politoloqun fikrincə, Azərbaycanın Rusiyanın köməyinə ehtiyacı yoxdur: "Əsas odur ki, Rusiya Azərbaycana mane olmasın. 2016-cı ilin aprel ayında Rusiya Azərbaycana mane oldu. Nəticədə Azərbaycan ordusu cəmi 4 gün müharibə apardı və torpaqların az hissəsini geri qaytardı".

Moskvada bəzi rusiyalı ekspertlərin Ermənistanı tənqid etdiklərini deyən E.Şahinoğlu bildirib ki, həmin ekspertlərin Azərbaycana simpatiyaları var və tez-tez Bakıya gəlirlər: "Ancaq bu o demək deyil ki, Rusiya hakimiyyəti həmin ekspertlərin fikirlərinə diqqətlə yanaşır. Məsələn, bir qrup rusiyalı ekspert yazdı ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salmışdı, sadəcə Nikol Paşinyanın hakimiyyətə qəfil gəlişi bu planları pozdu. Bu iddia doğru deyil. Serj Sarkisyan 10 ilə yaxın hakimiyyətdə idi, bəs Moskva bu illərdə nəyi gözləyirdi və niyə Sarkisyan bu 10 ildə 5 rayonu azad etmədi? Sarkisyan 5 rayonu azad etmək istəmirdi. Moskva isə Sarkisyana təzyiq etmirdi. Sadəcə, rusiyalı ekspertlər Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid etməklə yanaşı, Azərbaycanda Rusiyanın müsbət imicini formalaşdırmağa çalışırlar. Ancaq bu o demək deyil ki, reallıq həmin rusiyalı ekspertlərin dediyi və yazdığı kimidir".

Mərkəz sədri hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı mövzunu dəyişməyə çalışır: "O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirir. Ancaq Paşinyan onu da deyir ki, "danışıqlarda Qarabağ təmsilçiləri də iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm".

Politoloq qeyd edib ki, rəsmi Bakı Paşinyanın təklifinə iki səbəbdən razılaşmayacaq: "Birinci səbəb Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsidir. Əgər rəsmi Bakı Qarabağ separatçıları ilə danışıqlara başlasa, işğalda Ermənistanın rolu olmadığı görüntüsü yaranacaq. İkinci səbəb isə münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur. Ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı, azərbaycanlı icması da iştirak etməlidir. Bu olmadan rəsmi Bakı Qarabağın erməni separatçıları ilə danışıqlar aparmayacaq".

E.Şahinoğlunun fikrincə, Qarabağ məsələsində Nikol Paşinyanın Serj Sarkisyandan fərqi yoxdur: "Nikol Paşinyan Serj Sarkisyandan az separatçı olmadığını sübut etməyə çalışır. Paşinyanın baş nazir seçilməsindən iki ay keçməyib, ancaq o, bu müddətdə artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Nikol Paşinyan İrəvana geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu təyyarələri havaya qaldırıblar. Bundan başqa, Nikol Paşinyan Rusiyanın Cu-30 CM qırıcı təyyarəsində şəkil çəkdirib və onu sosial şəbəkədəki səhifəsində yerləşdirib. Yəqin Paşinyan bununla demək istəyib ki, Ermənistan yaxın gələcəkdə bu təyyarələrlə təchiz olunacaq. Azərbaycan cəmiyyətində isə bu suallar səsləndirilir: Azərbaycanın hərbi təyyarələrinin Qarabağın hava məkanında uçuş yapmalarının zamanı çatmayıbmı? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olması hüququnu tanıyır. Belədirsə, Azərbaycana məxsus təyyarələrin Qarabağ səmasında görünməsi normaldır".

Mərkəz sədrinin sözlərinə görə, Nikol Paşinyan Azərbaycanla sülhə hazır deyil: "Halbuki onun keçmiş lideri Levon Ter-Petrosyan vaxtilə münaqişənin həlli ilə bağlı "mərhələli həll" planına dəstək vermişdi. Maraqlıdır ki, Levon Ter-Petrosyan bu haqda hələ ki, danışmır. İşğalçı ölkədə çoxları başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətlər gərgin olduğu müddətcə Ermənistan inkişaf etməyəcək və hər zaman problemləri olacaq. Ancaq bunu başa düşsələr də, açıq söyləmirlər.

Azərbaycan ordusunun Naxçıvanda azad etdiyi təpə faktoru Paşinyanın əleyhinə işləyir. Bu, ciddi başlanğıca səbəb ola bilər. Azərbaycan ordusu Naxçıvandakı uğurunu Dağlıq Qarabağda da təkrarlaya bilər. Bu genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədilə pozisiya döyüşləridir. Bu, Azərbaycan ordusuna psixoloji üstünlük qazandırır".

Azərbaycan üçün geriyə yolun olmadığını deyən politoloq bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan cəmiyyətinin orduya inamını artırıb: "Danışıqlar nəticə verməyib və verməyəcək. Ermənistanda Azərbaycan torpaqlarının azad edilməsi zərurətini anlayan siyasətçi yoxdur. Diplomatiyanın bacarıqsız olduğu yerdə ordu ilk plana çıxır. İndiki vəziyyətdə ordu diplomatiyanı üstələməyə başlayıb. Azərbaycanın əsgər və zabitləri döyüşə atılmaq üçün fürsət gözləyirlər. Bu təbiidir. Ermənistanda 25 ildə yetişən yeni nəsil isə Qarabağ uğrunda ölüm-dirim savaşına hazır deyil. İşğalçını sülh masasına otuzdurmayana qədər təmas xəttində problemlərini artırmaq lazımdır".

Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı Bakıda 26 iyunda keçirilən hərbi paradın əhəmiyyətinə də toxunan E.Şahinoğlu xatırladıb ki, Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilib: "Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb. Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi. Əgər 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah və hərbi texnika ilə təhciz olunmuşdusa, son illərdə vəziyyət dəyişib. Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu özünü həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən, Azərbaycan torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi".

"Prezident İlham Əliyevin hərbi paradda çıxışı zamanı belə bir fikir işlədib: "Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb". Bu, nə deməkdir? Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal edib və yanlış olaraq düşünüb ki, məsələni öz xeyrinə həll edib. Təxminən 10 il atəşkəsə riayət edilib. Azərbaycanda siyasi sabitlik yaradılıb, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artıb. Bunun nəticəsində orduya əlavə vəsait ayrılıb və ordu xeyli peşəkarlaşıb və Ermənistana təzyiq artıb", - deyə mərkəz sədri bildirib.

Politoloq əlavə edib ki, Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır: "2003-cü ildən bugünə qədər Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb". Beynəlxalq hüququn işləmədyini deyən E.Şahinoğlu qeyd edib ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymur, mexanizmlərini işə salmır: "İyunun 21-də BMT-nin baş katibi Antonio Quterriş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçiriblər. Onlara "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələri niyə yerinə yetirilmir" sualı verilib. BMT baş katibi cavabda ümumi sözlər deyib. Sergey Lavrov isə suala cavabında deyib ki, "bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib". Yəni sözlərindən belə çıxır ki, guya BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Halbuki qətnamələrdə konkret yazılıb ki, "işğal altındakı rayonlar azad olunmalıdır". Bu cavabdan sonra Azərbaycanın BMT qətnamələrinə istinad etməsi çətindir. Çünki qətnamələri qəbul edən təşkilat və Təhlükəsizlik Şurasının daimi üzvləri 4 qətnamənin yerinə yetirilməsi və işğal altındakı torpaqların boşaldılması üçün heç nə etmirlər. Bu, Ermənistanın maraqlarına cavab verir. Ermənistanda heç zaman BMT qətnamələrindən danışmırlar".

Politoloq vurğulayıb ki, Azərbaycanda mütləq əksəriyyət əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyatları ilə bağlıdır: "Azərbaycan ordusu yeni strategiyadan çıxış edir. Bu, özünü 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərib. Kiçik miqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir. Bu, Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır. Böyük dövlətlər, o cümlədən, Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir. Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı. Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvanda istiqamətində həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə, Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Hazırda erməni eskpertlər qorxurlar ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçə bilər. Bu, çempionatdan dərhal sonra olmasa da, istənilən vaxt baş verə bilər. Bu qərar bizdən asılıdır".

Ceyhun ABASOV

 





29.06.2018    çap et  çap et