525.Az

Qriqoryan insanlara amansız işgəncələr verib, əmlaklarını mənimsəyib


 

Qriqoryan insanlara amansız işgəncələr verib, əmlaklarını mənimsəyib<b style="color:red"></b>

Ermənistanın müdafiə nazirinin sabiq müavini, deputat Manvel Qriqoryanın həbsindən sonra erməni mediası onun müxtəlif illərdə törətdiyi cinayətlərdən yazmağa başlayıb.
 
Açıqlanan faktlar ermənilərin "milli qəhrəmanı"nın hansı qanlı əməllər törətdiyni bir daha ortaya qoyur. O, təkcə işğal edilmiş Azərbaycan torpaqlarında talançılıq edib, azərbaycanlı girovlarla layiqsizcəsinə davranmayıb, həm də öz xalqından oğurluq edib, insanlara zülm verib. Onun zülmünə məruz qalanlardan biri də Maya Mnonyanın ailəsi olub. 90-cı illərdə Mayanın qardaşını Qriqoryan oğurlatdırır. Buna görə də ailə təhdidlər qarşısında ABŞ-a qaçmalı olur. Bununla bağlı Maya sosial şəbəkədə yazıb:

"20 illik sükutu pozaraq bu gün ailəmin Ermənistandan nə üçün qaçdığı haqqında danışacağam. Bu günlərdə ictimaiyyəti sarsıdan və Manvel Qriqoryanın adının ətrafında yaranan qalmaqal onun necə əclaf insan olduğunu ortaya qoyur.

Ermənistanda hazırkı vəziyyətin dəyişdiyini düşünərək, ümid edirəm ki, illər sonra ata ocağımı dağıdan Qriqoryan və onun ətrafındakılar lazımi cəzalarını alacaqlar. 1997-ci ildə, qardaşım Edqar Mnonyanın 20-21 yaşı olanda, o, Maliyyə Nazirliyinə işə düzəlmişdi. Və dərhal sonra onu oğurlayırlar.

Qeyd edim ki, hərbi xidmətə çağırışdan bir müddət sonra qardaşım Armavir vilayətinin Arşaluys kəndində Qriqoryanın villasında mühafizəçi kimi göndərilir.

Həmin zamanlar ailəmiz kifayət qədər təminatlı idi. Atam Stepan Mnonyan hər bir valideyn kimi oğluna baş çəkirdi. Atamın tez-tez baş çəkməsi, qardaşıma ərzaqlar aparması və maşını Qriqoryanın gözündən yayınmır. Və qardaşım hərbi xidməti başa vurduqdan sonra ailəmizin qara günləri başlayır.

Qardaşımın oğurlanmasını bizə Smbatyan adlı birisi zəng edərək xəbər verir. O, bizdən qardaşımın qarşılığında 10 000 min dollar tələb edir. Guya qardaşım generalın villasında dəyərli əşya oğurlayıb və biz pulu ödədiyimiz halda, o, azad olunacaq.

Biz qeyd etdik ki, əgər qardaşım oğurluq törədibsə, onu hüquq-mühafizə orqanlarına təslim edin, lazımi cəzasını alsın. Cavabında isə onlar bizə - "qanun bizik və biz bilirik ki, onu necə cəzalandırmaq lazımdır" dedilər. Daha sonra bizə bildirdilər ki, polisə müraciət edəcəyimiz təqdirdə, qardaşımın bədən hissələrini: qulaq, burun, barmaq... müntəzəm olaraq göndərəcəklər.

Buna görə də biz 10 000 min dollar ödəməli olduq. Lakin kabus bununla bitmədi. Bu, yalnız başlanğıc idi.

Evimizə tez-tez zənglər və qəfil gəlmələrin ardı kəsilmədi. Onların həyasızlığı sərhəd tanımırdı. Atama gənc, gözəl qızların var kimi sözlər söyləyirdilər....

Onların tələb etdikləri pul, maşın, əmlak... ödəyirdik. Ümid edirdik ki, Edqarın səsini eşidək. Lakin ondan bir xəbər yox idi. Son tələb 1 kiloqram qızıl oldu. Bizə yazığı gələn insanların sayəsində bunu toplayaraq onlara verdik ki, qardaşımın sağ olmasında bir xəbərimiz olsun. 

Üç ay ərzində biz tamamilə müflis olduq. O vəziyyət düşdük ki, qohumlarımız, qonşular, dostlar bizi ərzaqla təmin edirdi. Bizim sadəcə evimiz qaldı. Atamla anamı tanış notariusa apararaq silah gücünə evi Manvelin yaxınlarının adına keçirməyi tələb edirlər. Edqara baş çəkmək istəyən qohumlarımız da oğurlanaraq girov saxlanılırdı. Bunlardan biri xalamın həyat yoldaşı olur. O, Arşaluysa gedərək qardaşımdan bir xəbər almağa çalışır. Və o girov götürülür. Bir ay müddətində qeyri-insani şəraitdə çalışırdırılaraq 8000 dollar qarşılığında azad edirlər.

Bütün hadisələri danışmaq mümkün deyil. Bütün qohumlarımız və yaxınlarımız bir sıra kabus dolu epizodları xatırlaya bilər. Qardaşım üç ay əlləri bağlı quyuda saxlanılıb. Ona yemək belə verilməyib. Edqar Manvelin villasında əsgərin hesabına sağ qalıb. O, arada quyuya sarımsaq tullayırdı. Qardaşım azad olunandan sonra uzun müddət əlləri arxasında çarpaz şəkildə yatırdı.

Edqar azad olunandan sonra Qriqoryan ailəmizdən tələb etdi ki, dərhal Ermənistanı tərk edək. Əvvəlcə Gürcüstana qaçdıq. Daha sonra isə birdəfəlik Amerikaya köçdük".

Mnonyan Ermənistanın baş naziri Nikol Paşinyana, baş prokuror Artur Davtyana və baş polis Valeriy Osipyana yazılı müraciət etmək fikrindədir. İstintaq zamanı digər adamların adlarını sadlamaq da istəyir.

Bu günlərdə Qriqoryanın ifşası ilə bağlı çoxlu sayda məlumatlar ortaya çıxır. Bir neçə gün öncə xüsusi xidmət orqanlarının Qriqoryanın villasında axtarış zamanı əsgərlər üçün ərzaqlar, çoxlu sayda silah-sursat, onlarla əmlakın şəhadətnaməsi, bahalı maşınlar olan avtopark, şəxsi zoopark aşkar ediblər.

Qriqoryanın arvadı Nazik Amiryan da onunla əlbir olub. Hüquq mühafizə orqanlarından yayınan Nazik Amiryan dünən  tutulub. O, qanunsuz silah saxlamaqda, oğurluqda ittham olunur. Oğlu Karen Qriqoryan da keçmiş nazir müavininə qarşı başlayan cinayət işi üzrə günahkar bilinir. Atası həbs olunduqdan sonra Eçmiadzin şəhərinin meri vəzifəsindən istefa verən Karen Qriqoryan da tutulub.

PƏRVANƏ

 





29.06.2018    çap et  çap et