525.Az

Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir


 

İLHAM ƏLİYEV: “AZƏRBAYCAN XALQI ƏMİN OLA BİLƏR Kİ, ORDUMUZ İSTƏNİLƏN VƏZİFƏNİ İCRA ETMƏYƏ HAZIRDIR”

Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən hərbi paradda nümayiş etdirilən silah və hərbi texnikalar işğalçı Ermənistanda böyük şok effekti yaradıb.

Düşmən ölkə mətbuatında gedən yazılarda, Ermənistan rəsmilərinin, o cümlədən, baş nazir Nikol Paşinyanın çıxışlarında təşviş və narahatlıq açıq şəkildə hiss olunur. Aprel döyüşlərinin ardınca Naxçıvan istiqamətində Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi əks-həmlə əhəmiyyatı nəticəsində 11 min hektar ərazinin, o cümlədən, Günnüt kəndinin düşmən tapdağından azad edilməsiylə böyük zərbə alan işğalçı ölkə rəhbərliyi cəmiyyəti sakitləşdirməyə çalışarkən, Bakıda təşkil olunan hərbi paradda nümayişə çıxarılan müasir silahlar ermənilərin narahatlığını daha da artırıb.

Ermənistan öz himayədarlarının, onlarla bir ittifaqda təmsil olunan dövlətlərin belə Azərbaycanla hərbi əməkdaşlıq əlaqələrini ən yüksək səviyyəyə çatdırmasını həzm edə bilmir, dərin sarsıntıya məruz qalır. Bu mənada, Rusiyanın işğalçılara hədiyyə etdiyi “İsgəndər” raketlərinə cavab olaraq, ordumuzun arsenalına daxil etdiyi İsrail istehsalı LORA, Belarus-Çin istehsalı “Polonez” raket əlayhinə müdafiə sistemləri, ABŞ istehsalı “Bell-412” hərbi helikopterlər və digər silah-sursat, hərbi texnikalar düşməni haqlı olaraq vahiməyə salır. Ermənilər yaxşı dərk edirlər ki, Azərbaycan bu silahları nümayiş üçün almayıb. İşğalçılıq siyasətinə son qoyulmadığı halda, düşmən qüvvələrinin hədəfə götürülmüş bütün hərbi-strateji obyektləri hər an bu silahlardan açılan atəş nəticəsində yerlə-yeksan edilə bilər.

Təsadüfi deyil ki, hərbi paradda çıxışı zamanı prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, bütün bu məsələləri nitqində aydın şəkildə ifadə edib, işğalçılara ciddi mesajlar göndərib.

Azərbaycanın işğalla heç vaxt barışmayacağını bir daha bəyan edən prezident vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: “Ordumuzun döyüş qabiliyyəti artır. Mən dəfələrlə hərbi hissələrdə vəziyyətlə tanış olarkən qeyd edirdim ki, Azərbaycanda çox yüksək vətənpərvərlik ruhu var. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir. İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törədib, bizim mövqelərimizi atəşə tutub, mülki əhaliyə qarşı təcavüz edib. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olub. Azərbaycan Ordusu işğalçını cəzasız qoymayıb, onlara layiqli cavab verib, onları yerinə oturdub, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad edib. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edilib, iki min hektar ərazi təmizlənib. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərib. Bir daha göstərib ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərib ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”.

Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildiyini xatırladan prezident qeyd edib ki, çox böyük mühəndislik və kəşfiyyat işləri aparılıb: “Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərib. Biz strateji yüksəklikləri azad etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərib ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərib ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır”.

Ordumuzun döyüş qabiliyyətini daha da artırdığını deyən prezident qeyd edib ki, Azərbaycan getdikcə güclənəcək: “Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qeyd edib ki, Azərbaycan Ordusunun paradda nümayiş olunan gücünü bütün dünya, o cümlədən, düşmənlərimiz də görüb. O, “Trend”ə bildirib ki, hər kəs bir daha əmin olub ki, Azərbaycan qısa müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etməyə qadirdir.

B.Sadıqovun sözlərinə görə, Azərbaycanda keçirilən paradda qabaqcıl orduların istifadə etdiyi, insanların idarə etmədiyi texnikalar nümayiş olunub.

Deputat qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri artıq istənilən tapşırığı ən qısa müddətdə və yüksək səviyyədə yerinə yetirməyə qadirdir: “Azərbaycan Ordusu güclü havadan müdafiə sistemi ilə təmin olunub. Hərbi əməliyyatlar başlasa, ən müasir silahlarla düşmənin mövqelərinə dərhal elə zərbələr endiriləcək ki, onlar başını qaldırmağa belə imkan tapmayacaqlar. Ölkə prezidentinin də dediyi kimi, biz elə bir güclü ordu yaratmışıq ki, o, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir”.

Bu hərbi paradı Ermənistana növbəti xəbərdarlıq kimi də dəyərləndirən B.Sadıqov qeyd edib ki, Azərbaycan iqtisadi gücünü getdikcə artıracaq və ordumuz daha da güclənəcək: “Ermənistan bundan nəticə çıxarmalıdır. Əgər Ermənistan münaqişəni qısa müddətdə sülh yolu ilə həll etsə, bu, onun xeyrinədir. Azərbaycan yenə də güclü, qüdrətlidir, ancaq biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq”.

Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, hərbi paradda nümayiş etdirilən müasir silahlar və texnikalar, hərbi təyyarə və helikopetlərin uçuşu, 2016-cı ilin aprelində və bu yaxınlarda Naxçıvanın Günnüt kəndi ətrafındakı əməliyyatlarda iştirak etmiş hərbçilərin parada qatılması Azərbaycanın müstəqilliyinin qarantlarından biri olan çox ciddi dövlət strukturunun - Silahlı Qüvvələrinin uğurla fəaliyyət göstərdiyini bir daha sübut edib. O, “Milli.az”a bildirib ki, bu gün ordumuzun gücü və peşəkarlığı elə səviyyədədir ki, istənilən an Ermənistanın işğalı altında olan ərazilərimizi azad edə bilər: “Dövlət başçısı təntənəli mərasimdəki çıxışında ordumuzun öz üzərində düşən vəzifəni uğurla yerinə yetirdiyini, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ciddi işlər görüldüyünü söyləyib. Ordumuzun ən müasir silahlarla təchiz edildiyini və bundan sonra da ən yeni silahların alınacağı diqqətə çatdırılıb. Prezidentin “Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək” fikri isə Ermənistana və onu müdafiə edən dairələrə çox ciddi xəbərdarlıq idi”.

Deputat vurğulayıb ki, Azərbaycan heç bir halda öz müstəqilliyini və ərazi bütövlüyünü müzakirəyə çıxarmaq fikrində deyil: “Bu istiqamətdə görülən işlər xalq və cəmiyyət tərəfindən də dəstəklənir. Bu gün hər bir bir azərbaycanlı ordumuzla fəxr edir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun son qələbələri isə bir daha göstərir ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi gün uzaqda deyil”.

Siyasi ekspert Bəhruz Quliyev isə bildirib ki, son illər ərzində ali baş komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi potensialını xeyli artırıb, ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib: “Ordumuzun maddi-texniki təchizatı və döyüş qabiliyyəti artırılıb. Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusu sırasında yer almaqla yanaşı, dünya orduları sırasında 50-ci yerdə qərarlaşıb”.

B.Quliyevin sözlərinə görə, prezident İlham Əliyev hərbi paraddakı çıxışında bu və digər əhəmiyyətli nüanslara toxunaraq vurğulayıb ki, Ordumuz müasir maddi-texniki təchizat baxımından dünyanın ən nadir ölkələrindən biridir və Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir, hərbi sənayemiz ən müasir qaydalara uyğun olaraq inkişaf edir: “Bəli, məhz bu mühüm faktorlar hər bir azərbaycanlıda iftixar və qürur hissləri oyadır”.

Bəhruz Quliyev bildirib ki, təkcə 2016-cı ilin aprel müharibəsində, eləcə də bu ilin mayında Naxçıvanda əldə edilən möhtəşəm hərbi zəfərlər ordumuzun gücünü və qabiliyyətini nümayiş etdirib: “İşğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi mərhələsi ölkə rəhbərimizin də qeyd etdiyi kimi davam edəcək və bu parad Azərbaycan ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcək. Cəbhədə əldə edilən qələbələr, xüsusilə Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın edib. Habelə Naxçıvan əməliyyatı da göstərib ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər”.

Ceyhun ABASOV

 





30.06.2018    çap et  çap et