525.Az

“Şəhid sevgililər”in təqdimatı oldu


 

“Şəhid sevgililər”in təqdimatı oldu <b style="color:red"></b>

“20 Yanvar” İctimai Birliyi Səbail Rayon Veteran Təşkilatlarının Şəhidlər xiyanında yerləşən ofisində bu faciənin qurbanı olmuş şəhid sevgililər İlham və Fərizə Allahverdiyevlərin nakam taleyindən qaynaqlaqnan 30 iyun milli sevgililər günü münasibətilə anım mərasimi keçirilib.

Toplantıda gerçək İlham və Fərizə dastanının daha bir poetik əksi olan “Şəhid sevgililər” poeması kitab şəklində oxuculara təqdim edilib.

Mərasimin aparıcısı, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmiştan Əlizamanlı bildirib ki, 1988-ci ilin fevralında Dağlıq Qarabağ münaqişəsi ilə başlamış torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq mübarizəsini 1990-cı ilin yanvarında sovet imperiyası əleyhinə açıq milli azadlıq hərəkatına çevrilmiş 20 Yanvar faciəsi itkiləri və hüznü ilə yanaşı, yaxın tariximizə həm də bir sıra parlaq örnəkləri ilə yazılıb. Bu milli faciənin şəhid qəhrəmanları İlham və Fərizənin yarımçıq sevgi dastanı isə ötən 28 ildə ailə həyatı qurmuş iki gəncin bir-birinə məhəbbətinin Vətən sevgisi zirvəsində əbədiləşməsi timsalı kimi dəyərləndirilir. Artıq neçə illərdir ki, Vətənin azadlığı yolunda qurban getmiş igid İlhamın və sevgisi yolunda canını fəda etmiş vəfalı Fərizənin talelərini qoşalaşdırdıqları 1989-cu ilin 30 iyununun ildönümləri ölkəmizdə sevgi və sədaqət günü olaraq geniş qeyd edilir.

Milli Məclisin deputatları Hikmət Babaoğlu, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə və Zahid Oruc, şairlərdən Ramiz Rövşən və Əli Rza Xələfli, Əməkdar jurnalistlər Tahir Aydınoğlu, Aynur Camalqızı, “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə və digər çıxışçılar qeyd ediblər ki, zaman-zaman məhəbbət dastanlarının və bədii əsərlərin sevgi yolunda candan keçmək nümunələri əsasında vəfa-sədaqət dərsi almış nəsillərin bizim günlərdə İlham və Fərizə adlı gerçək bir sevgi dastanı da var. Sevgini məişət çevrəsindən ictimai səviyyəyə yüksəltmiş bu bənzərsiz həyat dastanı bədii əsərlərdəkindən daha mükəmməl və ibrətlidir.

Bildirilib ki, İlham və Fərizənin məhəbbət faciəsi dövrümüzün canlı dastanı olaraq bir çox sənədli və bədii əsərə mövzu olub. Təəssüf ki, bu gün təqdim olunan “Şəhid sevgililər” adlı poemanın müəllifi şair Əbülfət İslam yaratdığı poetik dastanı kitab şəklində görə bilmədi.

Mərasimin sonunda şəhid İlhamın qardaşı Elxan Allahverdiyev ailəsində baş vermiş faciəyə məfkurəvi səciyyə verildiyinə görə qədirbilən xalqımıza minnətdarlığını bildirib, İlham və Fərizənin nakam ruhlarının xalqımızın Qarabağ qələbəsi ilə sevinəcəyinə inamını vurğulayıb.

Şahanə MÜŞFİQ

 





30.06.2018    çap et  çap et