525.Az

Barış ordusu - Kəramət Böyükçöldən iki esse


 

Barış ordusu - <b style="color:red">Kəramət Böyükçöldən iki esse</b>

Barış ordusu 

Oğlumun adını Barış qoymuşam. Yəni Amerika Rusiya ilə barışsın, Şərq Qərblə barışsın, xristianlar müsəlmanlarla barışsın, dindarlar ateistlərlə barışsın, şeytan mələklə, yer göylə, Ermənistan Azərbaycanla barışsın...

Anam isə deyir ki, guya mən birinci arvadımla (oğlum ikinci ailədən doğulan uşaqdır) barışmaq istəyirəm, ona görə də uşağın adını Barış qoymuşam. Mən yazığı nə vaxt düzgün anlayıblar ki?!

Oğlum iki yaş beş aylıqdır. Özü də 14 fevralda - sevgililər günündə dünyaya gəlib. Qorxağın biridir. Onun nə qədər qorxaq olduğunu isə 26 iyunda - Ordu günündə anladım. Bir də gördüm “ata, ata” - deyib həyəcanla üstümə yüyürdü, özünü qucağıma atdı, sinəmi sanki, qapı kimi açıb özünü içəri soxdu. Sonra da dovşan gözləri ilə sinəmin pəncərəsindən göydə ürək şəkli çəkən qırıcılara tamaşa eləməyə başladı. Fikrim 26 il əvvələ - Xocalıda ölən körpələrin yanına getdi. Mən Xocalı faciəsinin mahiyyətini heç vaxt bu qədər dəqiqliyi ilə dərk eləməmişdim. İlahi, görəsən, orda da uşaqlar güllə səsindən qorxublarmı, atasının üstünə belə qaçıblarmı? İlahi, görəsən, bəs o ata özü kimin üstünə qaçıb, kimdən kömək istəyib? O atanın dövləti vardımı, Prezidenti vardımı, naziri vardımı? Bir anlıq təsəvvür elədim ki, ata qaçır, bala da arxasınca ağlaya-ağlaya yüyürür.

Oğlum bərk-bərk qucaqlayıb bağrıma basdım və başımı yuxarı qaldırdım. Çoxdandı göyə baxmırdım. Qayğılar, problemlər, kreditlər, əl borclarım başımı necə qatıbsa, göy yadımdan çıxmışdı, göyü unutmuşdum. Xəzər dənizinin səmasında rəqs eləyən qırıcıları görəndə isə qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim. İnanın, bu qədər vətənpərvər olduğumu bilmirdim. Sən demə, mən özümü tanımırammış. Bir anlıq təsəvvür etdim ki, bu qırıcılar Xankəndi səmasında at oynadır. Bir anlıq təsəvvür etdim ki, bu möhtəşəm ordu bir əmrlə üzünü Qarabağa çevirdi. Bir anlıq təsəvvür etdim ki, iki yaşlı bir düşmən uşağı atasının üstünə yüyürür, bizim əsgərsə nə o uşağa dəyir, nə də atasına, sadəcə, ikisinə də deyir ki, gedin, gedin öz yurdunuza, gedin, gedin öz torpağınıza, əl çəkin bizdən, bəsdirin, bu saat sizi də öldürəcəm, özümü də!

Oğlum sevgi dolu bir uşaqdır. Tərs kimi güllə də həmişə sevgi axtarır. Hansı başda sevgi varsa, güllə o başa dəyir, hansı ürəkdə sevgi varsa, güllə o ürəyə dəyir. Sevgisiz başdan, sevgisiz ürəkdən güllə də yan keçir. Keçmiş Müdafiə naziri Rəhim Qazıyev bir dəfə o güllədən birini öz başına vurmaq istədi, güllə o başı bəyənmədi. Çünki başda sevgi yox idi. Amma həmişə bir narahatlıq hissi keçirmişəm ki, hansısa əclaf bir güllə gəlib mənim oğlumu da tapacaq. Sosial şəbəkələrdə bir foto var, şəhid atası girib qəbrin içində balasını qucaqlayıb. Dəhşətdir, əzab adama necə ideyalar verir.

Hərdən oğluma əsgər paltarı geyindirirəm, evdə gəzir, kövrəlirəm. İstəyirəm deyəm ki, Barış, əyil, əyil, keç divanın arxasına, o biri otağa qaç, divarın dalından çəkilmə. Tez paltarı onun əynindən çıxarıram ki, birdən hardansa bir güllə gəlib oğlumu tapar. Amma öz aramızdır, hərbi forma necə möhtəşəmdir, necə əzəmətlidir, elə deyilmi? O formanı ən qorxaq adam belə geyinsə, cəsur görünür, igid görünür. Necə ki, mənim kimi qorxaq adam da şahə qalxan qırıcıları görəndə dəli oldu, “Fəryad” filminin baş qəhrəmanı Ceyhun Mirzəyev kimi əlinə bir milçəköldürən alıb Şuşaya, Laçına, Kəlbəcərə qaçmaq istədi. Amma bir az keçdi, özüm öz qulağıma pıçıldadım: “Özünə gəl, oğlum, özünə gəl, sən özbaşına deyilsən”.

Təbii, özümə gəldim və Bakının ürəyinin başında ordumuzun paradını görəndə isə heç olmasa, əyilmiş qəddimi düzəltdim, əlimi çənəmə dayayıb xeyli düşündüm ki, Xocalıda atasının üstünə yüyürən bir uşağı təsəvvür edib və belə bir orduya baxanda necə eləmək olar ki, gözlərin yaşarmasın? Bəlkə də bu paradda addımlayan əsgərlərin içində gəzdirdikləri o uşağın ruhudur, bəlkə bu əsgərlər ona görə bu qədər əzəmətlidir, bəlkə ona görə addımlarını bu qədər qəzəblə atırlar, ona görə əsəbidirlər, ona görə hirslidirlər... Amma səbirli ol, gözəl ordum. Sən 26 iyunda hamımızın gözlərini yaşartdın; iqtidarın da, müxalifətin də, ziyalının da, nadanın da, halalın da, haramın da... Amma mən barış istəyirəm. İstəyirəm ki, sənin güllənə ehtiyac olmasın, istəyirəm ki, sənin bombalarına, topuna, tankına, ən müasir silahlarına ehtiyac olmasın. İstəyirəm ki, Amerika Rusiya ilə barışsın, Şərq Qərblə barışsın, xristianlar müsəlmanlarla barışsın, dindarlar ateistlərlə barışsın, yer göylə barışsın, Ermənistan Azərbaycanla barışsın... Və qırıcıların Bakı səmasında göy qurşağı kimi görünsün, körpələrin üzü gülsün. 

Qüsurlu günlərimiz 

Atam anadangəlmə ürək qüsurundan uzun illər əziyyət çəkib. Həmişə ailəmizdə atamın bu ilahi xəstəliyinin stressini yaşamışıq. Atam hər paltar alanda deyirdi ki, onsuz da axırıncı geyimimdir. Onun bu sözündən sonra hələ ağlı kəsməyən uşaqların evdə hansı əzablar çəkdiyini təsəvvür edirsinizmi? Xahiş edirəm, heç təsəvvür də etməyin.

Narahatlığımız, qorxumuz da anadangəlmə idi. Gecənin hansı saatı olur-olsun, atam yan otaqda bircə dəfə öskürəndə gedib o biri dünyanı görüb gəlirdim. Sonra yüyürüb qapını açır, soruşurdum ki, ata, gəlim kürəyini ovxalayım? Elə bilirdim ən ağır xəstəliyi belə ovxalamaqla sağaltmaq mümkündür.

Anam da həmişə ağrıyan adam olub. Amma nədənsə, onun ağrılarına heç vaxt inanmamışam. Elə bilmişəm, yalan deyir. Atam isə hətta ağrıdığını yalan desə də, ona görə narahat olurdum. Hər gün ürəyimdə Allaha yalvarırdım ki, atama heç nə olmasın. Nəsə olsa da, ürəyindən olmasın. Məsələn, iraq olsun, atamı maşın vursaydı, onun ölümü ilə razılaşacaqdım. Yaxud ağciyərdən, böyrəkdən və ya digər xəstəliklərdən başına bir iş gəlsəydi, yenə də qəbul edəcəkdim. Çünki bunları elə-belə ölüm sayırdım. Mənə görə əsl ölüm ürəkdən olur.

Atam bütün günü evdə kağıza ürək şəkli çəkirdi. Bizi də başına yığıb başa salırdı ki, onun ürəyinin problemi hardadır, necədir, hansı fəsadları törədir. Demək olar ki, ürəklə bağlı bütün tibbi terminləri hələ uşaqkən əzbər bilirdim.

Məktəbdən evə gələn kimi anamdan ən birinci soruşurdum ki, bu gün atanın nervisi tutub? Elə həkimlər olurdu ki, atamda ürək xəstəliyinin əlamətlərinin əsəblə bağlı olduğunu deyirdi. Biz buna o qədər sevinirdik ki, həmin gecə evimizdə bayram olurdu. Amma eşidəndə ki, məsələn, filankəs ürəyindən ölüb, evdə atamın üzünə baxmağa qorxurdum.

Atamın ürəyindən ağrı tutanda bəzən həkimə getməyə yolpulu da olmurdu. Qonşumuzda bir kişi vardı. Atam ona o qədər xahiş eləmişdi ki, maşınla məni həkimə apar, daha özü deməyə utanırdı. Anam məni göndərirdi. Bir dəfə gedib dedim ki, atamın ürəyindən ağrı tutub. O da deyəsən, həmin gün içmişdi. Üstümə qışqırdı, sonra atamın ürəyi ilə məzələnməyə başladı. Mən təzədən qaça-qaça evə gəldim, dördüncü sinifdə oxuyurdum. Həmin gecə atam anamla birlikdə həkimə piyada getdi. O qədər belə gecələrimiz olub ki... Adətən, qayıdanda kefləri kök olurdu. Yüz faiz bilirdim ki, həkim əsəblə bağlı olduğunu deyib. Atamın ürəyi bizə o qədər həyəcan yaşatmışdı ki, ürək qüsurundan başqa xəstəlik tanımırdıq. Əsəb-zad vecimizə deyildi.

Bir dəfə hardansa eşitmişdim ki, Rusiyanın keçmiş prezidenti Yeltsinin ürəyini dəyişiblər. Tibb elminin belə bir uğuru məni çox sevindirmişdi. Gecə-gündüz fikirləşirdim ki, deməli, mən ürəyimi atama verə bilərəm. Amma bunu evdə deməyə utanır, sadəcə, sinəmdə atam üçün ehtiyat bir ürək gəzdirirdim. Hərdən isə öz ürəyimi atamın sinəsində təsəvvür edir, o saat da təngnəfəs olurdum, tövşüyürdüm. Elə bil mənim balaca ürəyimin atamın qanını dövr eləməyə gücü çatmırdı.

Sonra illər keçdi, atamın ürəyini də götürüb İmişlidən Bakıya qaçdıq. Qüsurlu günlərimiz şəhərdə də davam elədi. Burada da ömrümüzün həkimə qaçmaq saatları gecələrimizdən əskik olmurdu. Amma daha uşaq deyildim, yavaş-yavaş böyüyürdüm. Mən böyüdükcə atamın ürəyi də böyüyürdü. Ürək o qədər genişlənmişdi ki, qida borusunu əymişdi, çörək yeməyə çətinlik çəkirdi, ağciyəri sinəyə sıxmışdı, nəfəs ala bilmirdi. Və bütün bu proseslər gözümüzün qabağında baş verirdi. Mənə ən çox təsir edən isə atamın içində bəslədiyi dəhşətli dərəcədə güclü həyat eşqi idi. Öləcəyindən çox qorxurdu. Bütün günü barmağı ilə ayaqlarının şişib-şişmədiyini yoxlayırdı. Belə ürək qüsuru olan adamlar ölməyə ayağından başlayır. Atamın ayaqları isə təbii, artıq get-gedə şişirdi. Atamın ayağı şişmişdi deyə anam da öz ayağında şiş axtarırdı. Bacım, qardaşım, mən corabımızı çıxarıb, ayağımızı atamızın qabağına qoymuşduq ki, bizimki də şişib. Yəni belə şeylər hamıda olur.

Yaşamaq eşqi atamda o qədər güclü idi ki, bizim dediyimizə o saat inanırdı. Ürək isə içəridə öz işini görürdü. Təngnəfəslik, boğulmaq get-gedə artırdı. Təcili əməliyyat olunmalı idi. Amma pul tapmırdıq.

Atam məşhur ürək cərrahı Kamran Musayevlə neçə dəfə görüşüb danışmışdı. Başqa bir ürək cərrahı Rəşad Mahmudovla isə əməlli-başlı ailəvi dost olmuşduq. Hər gün Mərkəzi Neftçilər Xəstəxanasına gedir, narahatlığımızdan doğan və bir çox hallarda gülməli görünən suallarımızla Rəşad həkimi boğaza yığırdıq. Elə bilirdik ki, atam əməliyyatdan sağ çıxmayacaq. Bir tərəfdən isə pul axtarırdıq. Təxminən, 10 min manat lazım idi. Gecikdirmək qəti olmazdı. Hətta belə bir qüsurla atamın 50 yaşına qədər yaşaması həkimləri təəccübləndirirdi. Pulu tapdığımız gün isə sevinmək əvəzinə qanımız qaraldı. Çünki artıq əməliyyata girməmək üçün əlimizdə heç bir bəhanə qalmamışdı. Qorxurduq. Bu qorxunun çoxu da Azərbaycan həkimlərinə inamsızlıqdan yaranmışdı.

Əməliyyata girməklə bağlı mənə sənəd imzalatdılar. Həyəcanlı idim deyə sənəddəki qəliz cümlələrin əsl mahiyyətini başa düşməyə çətinlik çəkirdim, ancaq bildiyim bir əsas şey vardı ki, əgər atam əməliyyatdan sağ çıxmasa, buna görə heç kim məsuliyyət daşımır. Qol çəkəndə ürəyim titrədi, məni dəhşətli bir qorxu hissi bürüdü, elə bildim sondur. Atam! Gözəl atam! Sən məni nə qədər sevirdin. Mən də səni o qədər sevirəm.

Əməliyyat düz beş saat çəkdi. Gözləmə zalında xəstələrin adı yazılır, onların vəziyyəti haqqında qısa cümlələrlə ümumi məlumat verilirdi. Gözümü monitordan çəkmirdim. Gözümü çəkən kimi isə təzədən monitora baxmağa qorxurdum, elə bilirdim qara bir xəbərin elanını oxuyacam. Anam da yanımda idi. Dostlardan da gələn olmuşdu. Birdən bizə xəbər verdilər ki, atan əməliyyatdan çıxıb, reanimasiyadadır. İndiki kimi deyildim, o vaxt reanimasiya sözü mənə çox qorxulu gəlirdi. Elə bilirdim, ordan sağ çıxmaq mümkün deyil. Halbuki əsas təhlükə arxada qalmışdı.

Təkcə atam yox, hamımız anadangəlmə ürək qüsurundan azad olmuşduq. Elə sevinir, elə sevinir, elə sevinirdik... Atam nə qədər xoşbəxt idi, o, özü də bu xoşbəxtliyə inanmırdı. Bir əli ilə o biri əlini çimdikləyirdi ki, görsün həqiqətənmi yaşayır.

Dünən isə ilk dəfə atamla ikilikdə oturub rassiyski çay içdik. Xeyli dərdləşdik, bir-birimizə ürək sözlərimizi dedik. Onun anadangəlmə ürək qüsurundan zülm çəkdiyi illəri xatırladıq. Qələm adamı kimi bir-birimizi tanımağa başladığımız günlərdən danışdıq, duyğulandıq, kədərləndik, kövrəldik, gülümsədik... Atamın gözlərinin içinə baxdım, əllərini sıxdım, boynunu qucaqladım, onun yaşadığına bir də inanmaq istədim. Gördüm ki, həqiqətən də yaşayır! Çünki qüsur onun ürəyində idi, mənəviyyatında, ruhunda deyildi...

 





01.07.2018    çap et  çap et