525.Az

«Bəzi media təmsilçilərini hədlərini aşmamağa çağırıram»


 

«Bəzi media təmsilçilərini hədlərini aşmamağa çağırıram»<b style="color:red"></b>

Son vaxtlar şou-biznes aləmində sənətçilərin müxtəlif kateqoriyalara bölünməsi, bəzilərinin əcaib yarlıqlarla təqdim edilməsi, səsinin sənətdən uzaq ünvanlardan  gəlməsi adi hal alıb. Belə çıxır ki, bu gün səhnədə olan müğənniyə tanınmaq, sevilmək və gündəmdə olmaq üçün təkcə istedadı yetərli deyil, həm də əcaib «stil», «imic», qalmaqal, məhkəmə çəkişmələri gərəkdir. Çox təəssüf ki, belə əsassız qalmaqallarda gözəl səsi, istedadı ilə milyonların sevimlisinə çevrilən sənət adamlarının da adı çəkilir.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli ilə söhbətimizdə bu məsələyə münasibət öyrəndik. S.C.Əzimbəyli dövlətin fəxri adlarını almış sənət adamlarının ünvanına təhqiramiz ifadələrin səslənməsinin, bir-birini təhqir etməsinin yolverilməz olduğunu dedi:
 
«Bir mənəviyyat adamı olaraq bildirmək istəyirəm ki, son vaxtlar ölkədə istər telekanallarda, istərsə də mətbuatda dövlətin fəxri adlarını almış sənətçilərin ünvanına təhqiramiz ifadələrin səslənməsi, bir-birini təhqir etməsi nə qədər yolverilməzdirsə, müqəddəs Ramazan ayında insanların hesiyyatına toxunan kobud sözlər dilə gətirmək nə qədər böyük günah əməllərdən biridirsə, digər tərəfdən, bu, həm də həmin adamların həqiqətən də «xalq artisti» adına layiq olmamasının əyani göstəricisidir. Məni narahat edən odur ki, həmin «xalq artistləri» Azərbaycanda uzun illər daşıdığı statusu, mənəviyyatı, yüksək əxlaqı, mədəniyyəti, vətənpərvərliyi ilə milyonların rəğbətini qazanan dəyərli sənət adamlarımızı da özlərinin batdığı çamura çəkməyə cəhdlər edirlər. Eləcə də, tanınmış insanların sözü, fikri bəzi mətbuat orqanları, saytlar tərəfindən təhrif olunur. Sensasiya xatirinə heç bir əsas olmadan müxtəlif peşə adamlarının adını hallandıraraq, onların nüfuzuna xələl gətirməyə çalışırlar. Çox təəssüf ki,xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov da son günlər adı əsassız qalmaqallarda hallandırılan insanlardandır. Mənsum İbrahimov zahiri ilə batini bir olan yüksək mənəviyyata sahib sənət adamıdır. Belə nümunəvi əxlaqa örnək olan sənət adamının təfriqəyə səbəb olacaq mövzularda adının çəkilməsi yolverilməzdir. Mən Mənsum İbrahimovun media orqanlarında adının mənfi yöndə hallanmasından təəssüflənir, bunu həm xalq artistinə, həm də onun milyonlarla dinləyicisinə qarşı sayğısızlıq kimi qiymətləndirirəm. Və bu mübarək Ramazan ayında bəzi media təmsilçilərini ehtiyatlı olmağa, hədlərini aşmamağa çağırıram».

yeniufuq.org

 





19.07.2013    çap et  çap et