525.Az

"Palçıq vulkanlarının fəaliyyətini nəzərə almadan aparılan işlər təhlükə yaradır"


 

"Palçıq vulkanlarının fəaliyyətini nəzərə almadan aparılan işlər təhlükə yaradır"<b style="color:red"></b>

“Palçıq vulkanlarının fəaliyyəti nəzərə alınmadan aparılan işlər ciddi təhlükələr yaratmaqdadır”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev "Xalq qəzeti"ndə dərc olunan “Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd edilir ki, 2015-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib, ev dağılıb və 1 nəfər sakin xəsarət alıb. 

Aparılan ilkin araşdırmalar nəticəsində ərazidə yeraltı qaz kəmərlərinin və digər kommunikasiya xətlərinin mövcud olmadığı, partlayış hadisəsinin yerin təkindən birbaşa çıxan metan qazının yaşayış evinə dolması səbəbindən baş verdiyi müəyyən edilib.

Geoloji ölçmələr nəticəsində məlum olub ki, 100-dən artıq yaşayış evi yerləşən və 7 hektar sahəni əhatə edən ekstremal zonada metan qazının miqdarı 81 faizə çatır.

Bu zona partlayış və yanğın təhlükəli sahə olduğundan burada insanların yaşaması son dərəcə təhlükəli hesab olunur: “Mütəxəssislərin rəyinə əsasən, tədqiqat ərazisi Zigilpiri palçıq vulkanının şimal-şərq yamacında yerləşdiyindən qəsəbədə aşkar edilmiş intensiv metan qazı sızmalarının bu vulkanın fəaliyyəti ilə əlaqədar olduğu, metan qazının yer səthinə birbaşa çıxmasının əsas səbəbinin isə qəsəbə ərazisində aparılmış tikinti-planlaşdırma işləri zamanı sahələrin hamarlanması məqsədilə layların kəsilərək açılması nəticəsində baş verməsi ehtimal olunur. Həmçinin, aşkar edilmiş tektonik qırılmaların davamı istiqamətində Keyrəki və Böyükdağ palçıq vulkanlarının yerləşdiyini nəzərə alaraq, çox böyük ehtimalla ərazidə metan qazı sızmalarına bu vulkanların da təsiri istisna olunmur.
 
Ərazidə metan qazının birbaşa yerdən çıxması və onun çıxma sahəsinin  genişlənməsi yeni təhlükə mənbələrinin yaranmasına səbəb ola bilər.

Digər tərəfdən ərazidə yerləşən fərdi yaşayış evlərinin (900-dən çox) aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadan bir-birinə yaxın tikilməsi, keçid yollarının mövcud vəziyyətinin müvafiq normativ-texniki sənədlərin tələblərinə cavab verməməsi baş verə biləcək təhlükəli hallar zamanı əhalinin təxliyə edilməsində, habelə qəza-xilasetmə işlərinin aparılması ilə bağlı tədbirlərinin həyata keçirilməsində müəyyən çətinliklər yarada bilər.

Ərazidə qısa müddət ərzində təxirəsalınmaz tədbirlər görülməyəcəyi təqdirdə təkrarən qəza hadisələrinin (partlayış, yanğın) baş verməsi qaçılmazdır. Masazır qəsəbəsi ərazisində qaz sızması nəticəsində əhalinin sağlamlığına yaranan təhlükə ilə bağlı müvafiq dövlət qurumları tərəfindən aparılmış kompleks tədbirlərin nəticəsi olaraq, palçıq vulkanları ərazisində tikinti işlərinə qadağa qoyulması, gələcəkdə bu ərazidə vulkanların  aktivliyinin artması nəticəsində tektogen gərginliyin intensivləşməsi (yeni çatların əmələ gəlməsi, onların genişlənməsi) və sonda qaz sızmalarının həcminin artması istisna edilmədiyindən aidiyyəti təşkilatlar tərəfindən ərazidə mütəmadi tədqiqatların aparılması və davamlı monitorinq sisteminin təşkil olunması, həmçinin müvafiq dövlət orqanları tərəfindən qəsəbə ərazisində baş vermiş təhlükə ilə əlaqədar tədbirlər planı tərtib edilərkən qaz-geokimyəvi və geofiziki tədqiqatların nəticələrinin nəzərə alınması vacibdir.
 
Bununla yanaşı, palçıq vulkanları ərazisində (bəzi yerlərdə az qala vulkan kraterlərinə bitişik sahələrdə) çoxsaylı qanunsuz yaşayış evlərinin tikintisi faktları mövcuddur. İcra hakimiyyəti orqanları və əlaqədar qurumlar tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, insanların son dərəcə təhlükəli ərazilərdə yaşayışı davam edir”.

 





02.07.2018    çap et  çap et