525.Az

"Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir"


 

"Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir"<b style="color:red"></b>

"ABŞ prezidenti Donald Tramp qatı düşməni Şimali Koreya lideri Kim Çen İnlə görüşdən sonra həvəslənərək rusiyalı həmkarı Vladimir Putinlə də görüşməyə qərar verib. Bu məqsədlə o, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu Moskvaya göndərib".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Bolton Rusiyanın ən qatı tənqidçilərindən sayılır: "Buna baxmayaraq, şefinin tələbi ilə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu görüşdə prezidentlərin görüş yeri və tarixi müəyyənləşib".

Politoloqun sözlərinə görə, görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir: "Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır. Avropada tək-tük ölkə lideri var ki, Putini ölkəsinə səfərə dəvət edə bilərlər".

E.Şahinoğlu hesab edir ki, Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir: "Əlbəttə, bu görüşdə ciddi nəticə əldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki (Ukrayna, Krımın işğalı, Suriya, kibermüharibə), hansısa sənədin imzalanması ehtimal edilmir. Ancaq Trampla əl sıxışmanın özü belə Putinə əlavə dividentlər gətirəcək.

Putin bilir ki, buna görə Trampa qarşı Konqres daha da sərtləşəcək. Digər tərəfdən, Putinin xoşuna gəlir ki, Tramp Ukrayna məsələsində israrçı deyil, tam əksinə, Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir, Rusiyanı "böyük yeddilərə" qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur".

Ceyhun ABASOV

 





03.07.2018    çap et  çap et