525.Az

Moskvadan qərbpərəst Paşinyana xəbərdarlıq


 

RUSİYALI DEPUTATLAR İŞĞALDAN TAM AZAD OLUNMUŞ COCUQ MƏRCANLI KƏNDİNDƏ AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİNİ DƏSTƏKLƏDİKLƏRİNİ BƏYAN ETDİLƏR

<b style="color:red">Moskvadan qərbpərəst Paşinyana xəbərdarlıq</b>

Cari ilin may ayında Naxçıvanla sərhəddə Əlahiddə Ümumqoşun Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində böyük zərbə alan Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaqda nə qədər israrlı olduğunu öz üzərində hiss edib.

İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verən strateji yüksəklikləri, eləcə də Şərurun Günnüt kəndini işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələrin 100 illiyinə bu uğurla daxil olmaqla qələbə paradının heç də uzaqda olmadığını bütün dünyaya, o cümlədən, işğalçı Ermənistana nümayiş etdirib.

İyunun 26-da Bakının Azadlıq meydanında təşkil olunan hərbi paradda çıxış edən prezident İlham Əliyevin qeyd etdiyi kimi, "işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

25 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduğunu ortaya qoyan Azərbaycan düşmən ölkənin yeni rəhbərliyinin danışıqlar prosesinə laqeyd yanaşmasını müharibə təhriki kimi qiymətləndirir. Bu mənada, Azərbaycan prezidenti hərbi paradda göstərilən silahların nümayiş üçün alınmadığının mesajını verməklə işğalçı Ermənistana xəbərdarlığını edib.

Düşmən ölkə qeyri-konstruktiv mövqeyindən əl çəkməsə, işğal etdiyi torpaqları geri qaytarmasa, başına nələrin gələcəyinin fərqindədir. Ona görə də, Aprel döyüşlərinin ardınca, uğurla həyata keçirilən Günnüt əməliyyatını işğalçı ölkə xəbərdarlıq siqnalı kimi başa düşməlidir.

Bugünlərdə rusiyalı deputat və siyasi ekspertlərin işğaldan tam azad edilmiş Cocuq Mərcanlı kəndində təşkil olunan "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfransda iştirak etməsi, Azərbaycanın mövqeyini müdafiə edən bəyanatlar səsləndirməsi də geosiyasi şəraitin getdikcə ölkəmizin lehinə çevrildiyinin əyani sübutu kimi qiymətləndirilməlidir. Əvvəlki dövrlədən fərqli olaraq ordumuzun son vaxtlar həyata keçirdiyi hərbi əməliyyatlar, əks-hücumlardan heç də narahat olmadığını göstərən Rusiyanın Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, ictimai xadim Maksim Şevçenko və digərlərinin birmənalı olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılmalı olduğunu bəyan etməsi rəsmi Moskvanın Ermənistanda gedən proseslərdən sonra mövqeyinin hansı istiqamətə dəyişdiyinin göstəricisi kimi baş düşülə bilər. Ancaq bunun daimi xarakter daşıyacağını, Rusiyanın Ermənistan əleyhinə ittifaq yaradacağını söyləmək çətindir.

Hər halda, hazırkı şəraitdə Cocuq Mərcanlıda təşkil olunan konfransda Beynəlxalq Avrasiya Hərəkatının lideri A.Duqin çıxış edərək bildirib ki, Rusiyanın strateji planlarında Azərbaycanın rolu artmaqdadır, ölkələr arasında bir sıra məsələlər üzrə ortaq mövqelər yaranıb.

O, suverenliyə və milli mənsubluğa hörmətlə yanaşmağın vacib olduğunu vurğulayıb: "Rusiya üçün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Eyni mövqedən dünya ictimaiyyəti də çıxış edir. Bu, bütün hüquqi dünyanın konsensusudur".

A.Duqin qeyd edib: "Beş rayonun qaytarılması danışıqlar prosesinin bərpası üçün yeganə alternativ həldir. Tərəflər razılığa yaxın olublar. Azərbaycanı güzəştə getməyə hazır idi. Bu razılaşmalara əməl edilməlidir, bu Rusiyanın, Rusiya prezidentinin mövqeyidir".

Rusiya Dövlət Dumasının deputatı, "Vahid Rusiya" partiyasının üzvü A.Yebuzov isə bildirib ki, Azərbaycan və Rusiya - özlərini təmin edən dövlətlərdir və buna əsaslanaraq onlar öz münasibətlərini qururlar: "Rusiyanın Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalır, biz münaqişənin tezliklə həllinə ümid edirik".

Rusiya Dövlət Dumasının komitə sədrinin müavini D.Savelyev isə  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və Avropa Parlamentinin qərarlarının nəhayət həyata keçirilməli olduğunu bəyan edib. O, "Trend"ə bildirib ki, beynəlxalq ictimaiyyətin qərarlarının reallaşdırılması üzrə səylərin intensivləşdirilməsi zəruri xarakter alıb: "Müasir siyasi qeyri-sabitlik şəraitində həm Rusiya üçün, həm də Azərbaycan üçün ölkələr arasında əlaqələrin genişləndiriməsi və möhkəmləndirilməsi zərurətə çevrilib, çünki bizim dövlətlərimiz birlikdə Cənubi Qafqazda sülh və sabitliyi təmin etməyə qadirdir. Bu gün bütün regionda qeyri-sabitlik təhlükəsi yayan Ermənistanda baş vermiş hadisələr xüsusi aktuallıq kəsb edir".

D.Savelyev vurğulayıb ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşı və bilavasitə qonşusudur, həmçinin, Cənubi Qafqazın böyük və iqtisadi inkişaf etmiş dövlətidir.

Dövlət Dumasının rəsmisi əlavə edib ki, ATƏT-in Minsk qrupunda məhz Rusiya Qarabağ problemini sülh yolu ilə həll etməyə səy göstərir, amma eyni zamanda, Minsk qrupunun digər üzvlərinin fəallığı təəsüf ki, kifayət qədər deyil: "Beynəlxalq ictimaiyyət fəaliyyət göstərmədikcə Azərbaycan özü müəyyən addımlar atmaq məcburiyyətindədir. Biz hamımız 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndinin və onun ətrafındakı strateji yüksəkliklərin işğaldan azad edildiyinin şahidi olduq".

Rusiya siyasi dairələrinin Azərbaycanın maraqlarına cavab verən bu cür açıqlamaları Ermənistanda rəhbərliyə keçmiş qərbpərəst Nikol Paşinyanın Avropa təsisatları ilə əlaqələrin intensivləşdirilməsiylə tutduğu Rusiyadan uzaqlaşma xəttinə qarşı yönəlsə də, bu siyasət Dağlıq Qarabağ münaqişəsi müstəvisində rəsmi Bakının mövqelərini də gücləndirir.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bütün hallarda rusiyalı ekspertlərin və deputatların Lələ Təpəyə və Cocuq Mərcanlıya gəlmələrini pozitiv qiymətləndirir: "Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır".

Ancaq E.Şahinoğlu Rusiya-Azərbaycan yaxınlaşmasıyla bağlı bir az fərqli fikirdədir: "Bizi inandırmağa çalışırlar ki, Rusiya Azərbaycanın dostu, hətta qardaşıdır. Hətta tarixdə Rusiya imperiyasının, ardınca SSRİ-nin və müstəqil Rusiyanın Azərbaycan torpaqlarını parça-parça necə Ermənistana ötürdüyünü, azərbaycanlıların Ermənistandan köçürülməsinə dəstək verdiklərini, nəhayət Dağlıq Qarabağın separatçıların əlinə keçirilməsi üçün canfəşanlığını unutsaq belə, iddia edildiyi kimi, Moskvanın bu gün Azərbaycanın yanında olduğuna dəlalət edən heç bir işarət yoxdur. Əlbəttə, bir qrup rusiyalı ekspert var ki, Rusiyanın Azərbaycanın yanında olduğunu iddia edir, Cocuq Mərcanlıya səfər edərək Azərbaycanın lehinə açıqlamalar verirlər. Sağ olsunlar, heç olmazsa, Moskvada bizim də sözümüzü deyənlər tapılıb, içərilərində deputatlar da var".

Politoloqun sözlərinə görə, ancaq elə onlardan biri Cocuq Mərcanlıda etirafını da dilə gətirib: "Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur". Yalnız KİV-mi? Kremldə və Rusiya Xarici İşlər Nazirliyində də güclər nisbətinin Azərbaycanın lehinə dəyişdiyini söyləmək erkəndir. Ancaq bu o demək deyil ki, bu mərkəzlərlə iş aparılmamalıdır".

Ceyhun ABASOV

 





03.07.2018    çap et  çap et