525.Az

Gəncədə Nuri paşanın büstü açıldı


 

1918-Cİ İLDƏ AZƏRBAYCANIN XİLASI NAMİNƏ MÜSTƏSNA XİDMƏTİ OLAN QAFQAZ İSLAM ORDUSUNUN KOMANDANININ XATİRƏ ABİDƏSİ TÜRKİYƏNİN GƏNCƏDƏKİ BAŞ KONSULLUĞUNUN BİNASINDA QOYULUB

Gəncədə Nuri paşanın büstü açıldı <b style="color:red"></b>

Yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin yaşaması, ərazilərimizin millətimizin müstəqilliyini istəməyənlərdən azad edilməsi naminə qardaş Türkiyənin hərbi yardımının gerçəkləşdirilməsində həlledici rol oynamış Nuri paşa Killigilin (1889-1949) abidəsi ölkəmizdə ilk dəfə olaraq Gəncədə açılıb. Bu sərkərdə 1918-ci ilin iyununda öz xilaskar ordu hissəsi ilə məhz bu şəhərdə məskunlaşıb. 

Nuri paşanın Azərbaycanla bağlı böyük xidmətlərini yüksək dəyərləndirərək, Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Baş Konsulluğun fəaliyyət göstərdiyi binada Nuri Paşanın büstünün ictimai açılışı olub.

Bu münasibətlə təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşık, şəhər ziyalıları və KİV nümayəndələri iştirak ediblər.

"Nuri paşa Birinci Dünya Müharibəsi zamanında Türkiyənin hərb tarixində, eləcə də sonrakı illərdə hərbi sənayesinin inkişafında rol oynayıb. Ona Azərbaycanda da böyük sevgi var desək, yanılmarıq. Bu, Nuri paşanın Qafqaz İslam Ordusunun başında Azərbaycanın xilası naminə fədakar mübarizəsi ilə bağlıdır" - deyə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında bildirib.

Sonra alqışlar altında sərkərdənin büstü üzərindən örtük götürülüb. Nuri paşanın abidəsinin müəllifi gəncəli heykəltəraş Cəmaləddin Rüstəmovdur.

"Mən Nuri paşanın sifət cizgilərində onun Gəncəyə gəlişinin məramına müvafiq olaraq - düşmənlərin məğlub edilməsi yönündə qətiyyət və ciddiliklə yanaşı, Azərbaycana sevgisindən doğan romantizmi də əks etdirməyə çalışmışam" - deyə  C.Rüstəmov bildirib.   

Tədbirdə Qafqaz İslam Ordusunun fəaliyyətinə dair fotoşəkillərdən ibarət sərgi də təşkil edilib. Qonaqlar, həmçinin, Nuri paşanın rəhbərliyi altında türk hərbi qüvvəsinin Azərbaycana gəlişinin təmin olunması mövzusundan da bəhs edən, ssenari və quruluşu  bu sətirlərin müəllifinə məxsus olan "İki cümhuriyyətin əsgəri" sənədli filmini də izləyiblər.

Zakir Muradov
Gəncə

 





03.07.2018    çap et  çap et