525.Az

Məhkəmə ədalət prinsipinə göz yumanda...


 

Məhkəmə ədalət prinsipinə göz yumanda... <b style="color:red"></b>

"Ədalətsizliyi ədalətsizliklə həll etmək olmaz".  Ümumilli lider Heydər Əliyevin bu müdik kəlamı həyatda bir çoxları üçün əsas prinsipə çevrilib. Ədalətə hər kəsin ehtiyacı var.

Onun sıxışdırılıb ictimai şüurdan qoparılmasının tarix boyu xalqların, millətlərin, hətta dövlətlərin, imperiyaların iflasına gətirib çıxardığını tarixin gedişatı dəfələrlə təsdiqləyib. Ədalət və əxlaqın bir qədər büdrəməsi ölkənin, dövlətin sütunlarını zəiflədir, sonra cəmiyyəti məhv olma təhlükəsi ilə üzbəüz qoyur. Bu, tarixi faktdır. Ədalət hər işdə, əməldə əsas meyar rolunu oynamalıdır. Xüsusilə də məhkəmə sistemində. Sovet ittifaqında məhkəmə hakimləri xalqın hakimi kimi tanınırdı. Nə dərəcədə ağır olmasına baxmayaraq, ədalətli hökm heç vaxt cinayətkarda hakimə qarşı nifrət, düşmənçilik hissi yaratmırdı.

Müstəqillik dövründə aparılan mütərəqqi islahatlar məhkəmə sistemini daha da təkmilləşdirdi. Uğurla həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində ölkəmizdə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq sistemi yaradıldı, qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun mütərəqqi qanun və məcəllələr qəbul edildi. Hakimlərin qiymətləndirilməsi prosesi həyata keçirilərkən peşəkarlıqla yanaşı, yüksək insani keyfiyyətlərə, o cümlədən, mənəvi təmizlik, ədalətlilik və qərəzsizlik, insanlara qayğılı münasibət kimi meyarlara xüsusi diqqət yetirilməyə başlandı. Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində bu gün hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara müvafiq, test üsulu, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılır. Lakin cəmiyyətdə məhkəmənin nüfuzu və ona inam yalnız o zaman tam təmin edilir ki, bu inam hakimlərin həqiqi qərəzsizliyinə və ədalətinə əsaslansın. Hakimin qərəzsizliyi və ədalətliliyinin əsasında isə onun müstəqilliyi və mənəvi təmizliyi dayanmalıdır. Bu sistem nə qədər təkmilləşsə də, yenə də kimlərsə bəzən acgözlükdən irəli gələrək, bəzən də özlərindən yuxarıdakıların qanuna zidd göstərişlərini yerinə yetirmək üçün bu ədalət birliyinə daxil ola bilmir. Adətən ziyanvericilər aktiv olmayanda cəmiyyətə çox da ziyan vurmur, ədalətlilərin içində qaynayıb-qarışırlar. Onların ədalət sisteminə vurduqları zərbələr o qədər də görünmür, ictimaiyyətin qınağına məruz qalmır.

Təəssüf ki, Nəsimi Rayon Məhkəməsində baş verənlər təsdiq edir ki, ədalət pərdəsi, hakim mantiyası altında gizlənmələrinə baxmayaraq, bəziləri öz fəaliyyətləri ilə bütün sistemi ləkələyə bilirlər. Cəmiyyət bütöv bir toplumdur. Odur ki, hər bir kəsə dəyən zərbə bütövlükdə cəmiyyətə dəyir, onu titrədir, virusun yayılmasına yol açır və nəticədə bir-iki hakimin ədalətsiz hərəkəti bütün məhkəmə sisteminin "rəylər və təkliflər" dəftərinə yazılır.

Haqlısınız, giriş bir qədər uzun oldu. Amma budəfəki müsahibimiz tanınan ziyalılarımızdan olduğu və onun üzləşdiyi problem məhkəmə sistemində müşahidə olunan bugünkü özbaşınalıqları əks etdirdiyi üçün mövzunu belə ətraflı şərh etməyi özümüzə borc bildik. Məsələnin digər mühüm məqamlarını isə müsahibimiz özü danışacaq. Redaksiyamıza müraciət edən həmin şəxsi çoxları tanıyır. Onun mətbuat səhifələrində elmi, siyasi və ictimai mövzularda dərc olunan məqalələri daim maraqla oxunur, sosial şəbəkədəki aktual paylaşımları  izlənilir. Hamıya həmişə pozitiv, optimist olmağı məsləhət görən "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, 20 kitabın, 350-dən çox elmi-publisistik məqalənin müəllifi, professor Rafiq Əliyev ədaləti bərpa edəcəyini gözlədiyi Nəsimi Rayon Məhkəməsində üzləşdiyi ədalətsizlik barədə bizə ətraflı danışdı.

- Rafiq müəllim, nə baş verir? Sizdə ədalət axtarışındasınız? Daima hər kəsə ədaləti tapmaqda yol göstərən bir ziyalı necə oldu ki, özü aciz qalıb redaksiyamıza müraciət etməyə ehtiyac duydu?

- Düzü, 50 illik əmək fəaliyyətim dövründə ilk dəfədir ki, açıq şəkildə mətbuata müraciət etməyə məcbur qalmışam. Nə qədər qəribə səslənsə də, ədaləti bərpa etmək uğrunda mübarizə apardığım insanlar ədalət prinsipinin müdafiəçiləridir! Onlar qanunun aliliyi prinsipini pozursa, ədalətsizliyə yol verirsə, yalanı, böhtanı, dələduzluğu doğrudan, həqiqətdən üstün tutmaqda 7 ay mənimlə özləri bacardıqları kimi mübarizə aparırlarsa, qanunla iki ayda yekunlaşmalı olan bir mülki işi ağılasığmaz bəhanələrlə 7 aydan çox uzadırlarsa və bunun nə vaxta kimi davam edəcəyi məlum deyilsə, mən nə etməliyəm? Düzünü desəm, mətbuata müraciət etmək məcburiyyətində qaldığımı onlara da demişdim. Lakin bundan sonra prosesi 4-cü dəfə yenidən təxirə saldılar. Sonda məcbur olub sizə üz tutdum.

- Məsələnin mahiyyəti haqda qısa məlumat verə bilərsinizmi?

- Əlbəttə. Bir müddət əvvəl özümü tikinti sahəsində sınamaq və bu istəyimi həyata keçirmək üçün bankdan kredit götürmək qərarına gəldim. Düzünü desəm, o vaxt heç ağlıma da gəlməzdi ki, tikintinin sənədlərinin hazırlanmasına bir il yarım vaxt lazım olacaq. Zaman ötür, sənədləşmə işləri uzanır, tikinti ləngiyirdi. Amma bank məni bu qədər gözləyə bilməzdi. Götürdüyüm krediti vaxtında ödəməli idim. Çıxılmaz vəziyyətdə qaldığımı görüb, həyatımda ilk dəfə borc üçün yaxınlarıma müraciət etməyi qərara aldım. Seçim Prezident Aparatının, rəhbərliyinə böyük hörmətim olan, Təsərrüfat idarəsinin yanında fəaliyyət göstərən zərgərlik sexinin müdiri vəzifəsini icra edən və həmin idarənin məsləhətçisi Tariyel Ağayevə düşdü. 20 ildən çoxdur tanıdığım bu insana etimadım böyük idi. Aramızda baş tutan söhbətdən sonra o, Pirallahı Rayon İcra Hakimiyyətinə rəhbərlik edən qudası Vasif İmanovla məsləhətləşib mənə cavab verəcəyini dedi. Bir neçə gün keçəndən sonra Tariyel xahişimə müsbət cavab verdi. Aramızda o qədər inam və səmimiyyət var idi ki, heç bir sənəd imzalamadan iki quda istədiyim ilkin məbləği - 585 min manatı hazırlayıb banka ödədi. O zaman Tariyel həmin pulun Vasif İmanova aid olduğunu mənə demişdi. Altı ay ərzində onlar ümumilikdə 1 milyon 246 min manat pul verdilər. Onun 884 000 manatı banka, qalanı yarımçıq qalmış sənədlərin hazırlanmasına sərf edildi. Binanın tikintisi başlayanda  onlar təcili pula ehtiyaclarının olduğunu dedilər. Təbii ki, bu, normal idi. Sağ olsunlar, çətin məqamda mənə kömək etmişdilər və indi mən aldığım borcu geri qaytarmalı idim. Qısası, Tariyel Ağayevə 1 milyon 290 min manat pul qaytardım. Həmin pulu Tariyelin qaynı və eyni zamanda sürücüsü olan Pərviz Əsədov "İrşad" mərkəzinin mühasibinin və mənim təsərrüfat işləri üzrə köməkçimin yanında qəbzə qol çəkərək götürüb. Yerdə qalan 200 min manatı isə mən Tariyel Ağayevə öz iş otağımda mühasibin və xəzinədarın şahidliyi ilə şəxsən vermişəm. Təbii ki, aramızdakı səmimiyyətdən irəli gələrək mən ondan qəbz almağa utandım, bunu qəbahət hesab etdim.

- Bəs sonra nə baş verdi ki, sizi məhkəməyə verib 833 min ABŞ dollarından bir az da artıq pul tələb etdilər? Axı bu, elə aldığınız və geri qaytardığınız borcun məbləği qədərdir.

- Məsələ də elə bundadır. Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən Tariyel Ağayev bu işə borcla əlaqəsi olmayan qohumu Anar Əsədovu da qoşub. Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva mənə bildirmədən, məni dinləmədən işi icraatına qəbul edib, ilkin olaraq mənim və "İrşad" mərkəzinin mülkiyyətinə - binasına, avtomobillərə, hətta yeni tikilən evə də həbs qoymaq haqda "qərardad" qəbul edib. Bu, 2017-ci ilin noyabrının sonunda baş verib. Dekabrın əvvəlində, dəqiq desək, 11-də mən bir qrup ziyalı ilə MDB dövlətlərinin illik "Elmi və yaradıcı ziyalıların forumu"na yola düşərkən, məhkəmə və prokuror icraçıları tərəfindən təqdim olunan qərarda da tələsik imza ataraq Moskvaya getmişəm. Fikirləşdim ki, nəsə səhv olub, qayıdanda həll edərik. Amma mühasib və "İrşad" mərkəzinin vəkilinə göstəriş verdim ki, lazımi sənədləri toplayıb məhkəməyə təqdim etsinlər.

- Yəqin ki, qəbzləri təqdim etmək kifayət edərdi ki, hakim öz qərardadını ləğv etsin, mülkiyyətə qoyduğu həbsi götürsün?

- Düzü, mən də belə hesab edirdim deyə narahatçılıq keçirmirdim. Amma hakim qəbzləri qəbul etmədi, bizi dinləmədi. Biz kasasiya şikayəti ilə Apellyasiya məhkəməsinə müraciət etdik. Orda da işə baxıldı. Üç nəfərdən ibarət olan hakim qrupu da təəssüf ki, mövcud qəbzləri qəbul etmədilər. Bu, artıq zəncirvari qanun pozuntusuna çevrilib. Apellyasiya məhkəməsinin hakimləri mövcud qərardadı qüvvədə saxladılar. Qanunla qərardaddan şikayət vermək olmaz. Yəni dairə bağlandı, dələduzluq əməli öz hüquqi qiymətini almadı.

- Bəs çıxış yolu necə tapıldı?

-  Nəsimi Rayon Polis İdarəsində. İdarənin bizim əraziyə baxan 20-ci bölməsinin əməkdaşları mənim müraciətimi əsas tutaraq Tariyel Ağayevdən və onun sürücüsü Pərviz Əsədovdan (qaynı) izahat aldılar. Vəziyyətin ciddiliyini anlayan Pərviz toplayıb saxladığı qəbzləri səssiz-səmirsiz gətirib öz əlləri ilə polisə təqdim etdi və məndən həqiqətən 1 milyon 90 min manat alıb Tariyel Ağayevə verdiyini etiraf etdi. Başqa çarəsinin qalmadığı görən Tariyel həmin məbləği aldığını yazılı şəkildə ifadəsində qeyd etdi.

- O zaman ədalət öz yerini tapdı deyə bilərik?

- Xeyr, ədalət tam yerini tapsaydı, bu gün mən sizə müraciət etmək məcburiyyətində qalmazdım. Az əvvəl də qeyd etdiyim kimi, qarşı tərəf məbləğin hamısını qaytardığımı etiraf etmir. Tariyel Ağayev mənim ona şahidlərin yanında əlbəəl verdiyim 200 000 manatı götürdüyünü boynuna almır. Bu minvalla məhkəmə düz üç aydır ki, davam edir. Hər şey aydınlaşsa da, ortada kifayət qədər dəlil-sübut olsa da, Nəsimi Rayon Məhkəməsi, daha dəqiq desəm, hakim Natəvan Tağıyeva məhkəmənin sədri İlham Cəfərovun göstərişi ilə müxtəlif məntiqsiz bəhanələr gətirərək prosesi bu günə kimi uzadır. Artıq hamının əsəbləri tarıma çəkilib. Qəbzlər var, şahidlərin ifadəsi var, qarşı tərəfin yazılı etirafı var, amma nədənsə Natəvan xanım işi uzatmaqda israrlıdır.

- Rafiq məllim, hakimin işə qeyri-obyektiv yanaşması ilə bağlı yuxarı instansiyalara şikayət etmisinizmi?

- Əlbəttə etmişəm. Amma nə qədər gülünc səslənsə də, İlham Cəfərovun baş hakim olduğu Nəsimi Rayon Məhkəməsi barədə yuxarı instansiyalara ünvanladığım şikayət baxılması üçün yenidən həmin Rayon məhkəməsinə qaytarılır. Azərbaycan xalq mahnılarından birində deyildiyi kimi, "Səndən yar, sənə yar şikayətim var". Axı bir orqanın vətəndaşın məhz özü barədə şikayətinə necə baxıb obyektiv qərar çıxara bilər?! Görünür, ədalətin bərqərar olması kimlərinsə maraqlarına uyğun gəlmir. Amma mən qətiyyən haqsızlıq, ədalətsizlik qarşısında təslim olan deyiləm. Gec-tez ədalət öz yerini tapacaq, yalan ayaq açıb yeriməyəcək. Qanunu pozanlar öz əməllərinin hüquqi qiymətini alacaqlar. Cinayət cəzasız qalanda cəmiyyət məhvə doğru irəliləyir və nəhayət bir toplum kimi öz gücünə inamını itirir. Bundan qorxulu amil yoxdur. Çünki həyatda hər şey inam üzərində qurulur.

Məsələnin ikinci, bəlkə də ən vacib tərəfi də var. Adını qeyd etdiyim Tariyel Ağayev və onun qohumu Anar Əsədov ümumi tanışlarımız və qohumlarımız arasında söz yayırlar ki, guya mən - Rafiq Əliyev onların pulunu mənimsəmişəm və geri qaytarmayacağımı demişəm. Məni tanıyanlar necə düzgün və ədalətli insan olduğumu bilirlər. Barəmdə belə şər-böhtan yaymaq heç bir əxlaq normalarına sığmır. Bu, mənəviyyatsızlıqdır. Mən kiminsə puluna göz dikəcək insan deyiləm. El arasında bir məsəl var: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Haqqımda belə xoşagəlməz söz-söhbətlərin yayılmasına sakit yanaşa bilmərəm.

Mənim bu prosesin hakimlər tərəfindən heç bir hüquqi əsas olmadan bu qədər uzadılmasının fəsadlarına aydınlıq gətirmək istəyim işin ictimailəşməsinə gətirib çıxardı. Mən qəti əminəm ki, şər atanlar cəzalandırılacaqlar. Əgər belə olmasa, biz onu təşviq etmiş olarıq. Müasir dövrdə yalan doğrunu artıq ən yüksək səviyyədə üstələyib, doğrunun müdafiəsi ümumbəşəri problemə çevrilib. Yüksək vəzifəli dünya siyasətçiləri, dövlət xadimləri yalanı az qala normaya çeviriblər. Biz onlara bu çirkin əməllərini həyata keçirməkdə yardım etməli deyilik. Bu kiçik məhkəmə prosesinin əhəmiyyətinin böyüklüyü də elə bundadır. Bir vətəndaş olaraq ədalətsizliyin qələbə qazanmasına yol verməməliyik. Yalana qarşı mübarizə aparmaq hamımızın insanlıq, vətəndaşlıq borcudur. Bu işdə bir-birimizə mütləq dəstək olmalıyıq. Çünki heç kim Nəsimi Rayon Məhkəməsinin bu gün mənim başıma gətirdiklərindən sığortalanmayıb.

Əli MƏMMƏDOV

 





03.07.2018    çap et  çap et