525.Az

Xarkovda Azərbaycan ab-havası


 

Xarkovda Azərbaycan ab-havası<b style="color:red"></b>

Azərbaycan xalqı tarixən humanist, tolerant, sülhsevər xalq olub, əsrlər boyu digər xalqlarla dostluq-qardaşlıq münasibəti saxlayıb.

Ölkəmizlə Ukrayna arasında diplomatik əlaqələr 1992-ci il yanvarın 31-dən qurulsa da, xalqlarımız arasında dostluğun dərin kökləri var. Diplomatik münasibətlər qurulandan sonra siyasi-iqtisadi, ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsi sayəsində Ukrayna MDB məkanında bizim əsas strateji müttəfiqimizə çevrilib.

Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Onların bir qismi Xarkov şəhərində məskunlaşıb. Cökə qoxulu bu gözəl şəhərdə iki ölkə arasında münasibətlərin möhkəmlənməsində əvəzsiz rolu olan Azərbaycan-Ukrayna "Dostluq" Cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyət 1999-cu ilin noyabrında təsis olunub. Əsas məqsədi milli-mədəni adətlərin qorunub saxlanılması, Ukrayna və Azərbaycan arasında mədəni-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların haqq və maraqlarının qorunmasıdır. 2001-ci ildən cəmiyyətin idarə heyətinin sədri Azərbaycan əsilli Ukrayna alimi, texniki elmlər doktoru, professor, Belarus, Rusiya və Ukrayna Tətbiqi Radioelektrotexnika Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Murad Ənvər oğlu Ömərovdur. İdarə heyətinin digər üzvləri də təkcə Azərbaycan və Ukraynada yox, dünyada tanınmış ziyalılardır. Bu sırada fizika-riyaziyyat elmləri doktoru, Tətbiqi Elektronika Akademiyasının akademiki, əməkdar elm xadimi, Xarkov Politexnik İnstitutunun  prorektoru Eldar Vəliyev, Ukraynanın Xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanov, Ukraynanın Əməkdar rəssamı, heykəltəraş Katib Məmmədov, Ukrayna Jurnalistlər Birliyinin üzvü Etibar Qarabağlı, ehtiyatda olan milis polkovniki Bəhlul Mustafayev, Kiyev rayonunun IV çağırış deputatı Vəli Həsənov və başqaları da var. Qurumun katibi burdakı işlərdə aktiv iştirak edən xanım Yekaterina Bublidir.

Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin gördüyü işlərlə yaxından tanış olmaq üçün Murad Ömərovla görüşüb söhbətləşdim. Bundan başlayım ki, "Dostluq" cəmiyyəti olduqca fəal təşkilatdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar burda böyük işlər görülüb. Qurumun təşəbbüsü ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun kitabları əsasında "Azərbaycan mətbəx dastanı" ("Сказання про азербайджанську кухню") adlı kitab Ukrayna dilində işıq üzü görüb. Murad müəllimin dediyinə görə, kitabın nəşr olunmasında məqsəd iki xalq arasında mədəni ünsiyyətin daha da sıxlaşması, habelə Ukrayna mətbəxinin bir az da zənginləşdirilməsidir.

Bu il mayın 24-də Xarkovun ən böyük salonlarından olan "Xarkov palas"da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar möhtəşəm tədbir keçirilib. Tədbirdə Xarkov vilayəti dövlət administrasiyası və Xarkov şəhər şurasının nümayəndələri, Xarkovdakı universitetlərin rəhbərləri, müxtəlif din xadimləri, Ukraynada yaşayan azərbaycanlıların yaratdığı digər cəmiyyətlərin rəhbərləri, gənclər və tələbələr bir araya gəliblər. V.N.Karazin adına Milli Universitetin alimləri Şərq-müsəlman aləmində qurulan ilk demokratik respublikanın yaranması, tarixi əhəmiyyətiylə bağlı məruzələr oxuyublar. Bunların arasında tarixçi Tatyana Krupanın nitqi diqqəti xüsusilə çəkib.

Bayram tədbiri çərçivəsində yuxarıda adını çəkdiyimiz kitabın da təqdimatı keçirilib. Müəllif Tahir Əmiraslanov iki xalqın yaxınlaşmasında kitabın əhəmiyyətindən danışıb. Kitab Xarkovun kitabxana və universitetlərinə bağışlanıb. Bundan başqa, Tahir Əmiraslanov və Murad Ömərov sözügedən kitab haqqında iki yerli telekanalda çıxış ediblər, tamaşaçıların Azərbaycan mətbəxiylə bağlı  suallarını canlı yayımda cavablandırıblar.

"Dostluq" cəmiyyəti Xocalı faciəsiylə bağlı hər il silsilə tədbirlər keçirir. Bu tədbirlərdə Xocalı həqiqətləri geniş ictimaiyyətə çatdırılır, erməni cəlladlarının törətdiyi vəhşiliklər haqqında Ukrayna əhalisinə dolğun məlumat verilir. Murad bəy bildirdi ki, ötən il cəmiyyət Elşad Eyvazlının "Böyüməyən uşaqlar" kitabını Ukrayna dilinə tərcümə etdirib. "Dostluq" cəmiyyəti və Xarkov İmam Əli Məscidinin maliyyə dəstəyiylə nəşr olunan kitabın Xocalı faciəsinin anım günündə təqdimatı da keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ukraynadakı səfirinin müşaviri Elman Bağırov, Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Xarkov İqtisadi əlaqələr və beynəlxalq münasibətlər departamentinin rəis müavini Nikolay Qranovski, Xarkov Daxili İşlər Universitetinin rektoru Valeri Sokurenko, Xarkovdakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Söhbət əsnasında Murad bəy daha bir kitabı mənə təqdim etdi: "Aleksandr Mişon - fotoqraf, naşir, kinematoqraf". Kitabın tərtibatı və dizaynı çox gözəldir. "Dostluq" cəmiyyəti bu kitabı ərsəyə gətirməklə çox maraqlı bir layihəyə imza atıb. Kitabın ideya müəllifi iqtisad elmləri doktoru, Xarkov Milli Radioelektronika Universitetinin professoru, Albaniya Respublikasının Xarkovda fəxri konsulu Şahin Ömərov, müəllifləri isə Arkadi Xolkovski, Tamara Hümbətova, Vladimir Mislavski və Şahin Ömərovun özüdür. İdeya Azərbaycan kinosunun 115, dahi fotoqraf, kinematoqraf Aleksandr Mişonun isə 155 illiyi ərəfəsində yaranıb, kitab 2013-cü ildə "Dostluq" cəmiyyətinin maliyyə dəstəyilə işıq üzü görüb. Yeri gəlmişkən deyim ki, A.Mişon Xarkov şəhərində doğulub, ömrünün 25 ilini Bakıda yaşayıb, burada emalatxanası, fotoatelyesi olub. Bu atelyedə Mişon filmlər çəkib, özünə məxsus nəşriyyatda jurnal dərc edib. Kinoşünas Aydın Kazımzadənin araşdırmaları göstərir ki, hələ 1879-cu ildən neqativlərin üzərində onun adı qeyd olunmağa başlayıb. 1898-ci ildən Mişon Azərbaycanda ilk dəfə kinosüjetlər də çəkməyə başlayıb, bununla da Azərbaycan kinematoqrafiyasının əsasını qoyub. O illərdə çəkilmiş "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir neçə sənədli film məhz Mişonun fəaliyyətinin nəticəsidir. Kitabda bu böyük insan haqqında nadir faktlar, fotolar, materiallar əksini tapıb. Murad müəllim bildirdi ki, "Dostluq" Cəmiyyəti A.Mişonun Xarkovda yaşadığı evin divarına memorial lövhəsinin vurulmasına da nail olub. Lövhənin açılışında Mişonun nəticəsi Yelena Mişon da iştirak edib.

Azərbaycanın Xarkovdan olan iki Milli Qəhrəmanı var - Viktor Seryogin və Ruslan Polovinka. Mi-8 vertolyotunun komandiri olmuş V.Seryogin Dağlıq Qarabağ səmasında qəhrəmanlıq göstərib. Hərbi şəraitdə mülki aviareyslər həyata keçirən Viktorun vertolyotunu erməni quldurları 1992-ci il yanvarın 28-də Şuşa üzərində vurublar. Yanan vertolyot heyətin həyatı bahasına başqa şəhərə çatdırılıb və yüzlərlə şuşalı xilas olunub. "Dostluq" cəmiyyətinin təşəbbüsü ilə 2004-cü ildə Xarkovda Azərbaycanın Milli Qəhrəmanı V.Seryoginin yaşadığı evin divarına memorial lövhə vurulub. Abidənin müəllifi Ukraynanın Xalq rəssamı, "Dostluq" cəmiyyətinin üzvü Seyfəddin Qurbanovdur. Hər il memorial lövhənin qarşısında xarkovlu milli qəhrəmanımızın xatirəsi ehtiramla yad olunur.

Azərbaycanın xarkovlu digər Milli Qəhrəmanı Ruslan Polovinkanın da xatirəsi hər zaman əziz tutulur. 1991-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbini bitirən R.Polovinka xidmət keçməsi üçün Naxçıvan şəhərindəki "N" saylı hərbi hissəyə göndərilib. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda Ruslan xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirib. 1991-ci ildən o, Qarabağda erməni quldurlarına qarşı əməliyyatlarda fəal iştirak edib. Mİ-24 vertolyotunda üç dəfə təhlükəli uçuş həyata keçirən qəhrəman təyyarəçi düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib, yaralı döyüşçülərimizi, şəhidlərimizi təhlükəli ərazidən çıxarıb. Dördüncü uçuş zamanı Mi-24 vertolyotu erməni faşistləri tərəfindən raketlə vurulub.

2016-cı ildə "Dostluq" Cəmiyyətinin təşəbbüsü ilə Xarkov vilayətinin Zmiyov şəhərində qəhrəmanın təhsil aldığı liseyin binasına memorial lövhə vurulub. Abidənin müəllifi Seyfəddin Qurbanovdur. Təntənəli açılışda cəmiyyətin sədri Murad Ömərov, Zmiyov şəhər administrasiyasının rəhbəri Larisa Yakovleva, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Arif Quliyev, Ukraynanın Əməkdar jurnalisti Nikolay Şlapak, Ruslanın sinif rəhbəri, valideynləri iştirak ediblər. Xarkov vilayət televiziyası "Dostluq" cəmiyyətiylə birgə Milli Qəhrəman haqqında film çəkib, Nikolay Şlapak Ruslan haqqında videosüjet hazırlayıb. Hər iki ekran əsəri məktəbin zalında nümayiş olunub.

Murad müəllim "Dostluq" cəmiyyətinin nəzdində "Dostluq" adlı mədəni-tədris mərkəzin də fəaliyyət göstərdiyini qeyd etdi. Mərkəz Xarkov şəhəri 131 saylı məktəbin binasında yerləşir. Burada uşaqlara müxtəlif dərslərlə yanaşı, Azərbaycan dili də keçilir. Proqramda Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, kulinariyası ilə bağlı da ayrıca dərslər var. Mərkəzdə təkcə azərbaycanlılar yox, yerli uşaqlar da təhsil alır.

Mədəni-tədris mərkəzinin "Azərbaycan incisi" adlı milli rəqs kollektivi də var. Ansambl "Dostluq" cəmiyyətinin bir çox tədbirlərində çıxış edir,  xalqımızın musiqi və rəqs mədəniyyətini nümayiş etdirir.

Bir sözlə, "Dostluq" cəmiyyətində Azərbaycan təqviminin bütün əlamətdar günləri qeyd olunur.  Cəmiyyətin də, şəxsən Murad Ömərovun da fəaliyyəti Ukrayna hökuməti, Xarkov vilayət administrasiyası tərəfindən dəfələrlə qiymətləndirilib və təltif olunub. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti 2011-ci ildə onu "Tərəqqi" medalı, 2016-ildə isə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edib.

Murad müəllim cəmiyyətin gördüyü işlərdən, qazandığı nailiyyətlərdən danışdıqca ruhumda qəribə bir sevinc yaşadım. Həm də fəxarət hissiylə dolub-daşdım. Düşünürəm ki, qəhrəmanlıq təkcə səngərlərdə, döyüşlərdə edilmir. Azərbaycanın sərhədlərindən çox-çox uzaqda ərsəyə gətirilən bu işlərin adı elə əsl qəhrəmanlıqdır.

Xarkov, Ukrayna

 





03.07.2018    çap et  çap et