525.Az

Azərbaycan alimləri Türkiyədə elmi simpoziumda


 

Azərbaycan alimləri Türkiyədə elmi simpoziumda<b style="color:red"></b>

İyunun 28-30-da Türkiyənin paytaxtı Ankarada Yeni Türkiyə Strateji Araşdırma Mərkəzində "Atəbətül Həqayi" və ilk dönəm türkcə elmi əsərlər" simpoziumu keçirilib.

Simpoziumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, Təhsil şöbəsinin müdiri dosent Qətibə Quliyeva və “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov iştirak ediblər.

Konfransda Akademik M.Nağısoylu "Türkcəni zənginləşdirən XIII-XIV əsrlər farsca-türkcə lüğətlər" mövzusunda məruzə ilə çıxış edib.

Akademik çıxışında bildirib ki, Azərbaycanda milli ədəbi dilin zənginləşməsində orta əsrlərin  yadigarları olan Farsca-türkcə lüğətlərin  mühüm rolu olmuşdur. Orta yüzilliklərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən, Azərbaycanda lüğətçilik geniş inkişaf etmiş, bir sıra izahlı və ikidilli lüğətlər tərtib olunmuşdur. Bu dövrün ən məşhur ikidilli lüğətlərindən biri dövrünün görkəmli alimi Fəxrəddin Hinduşah bin Səncər Naxçıvaninin "Sihahül-əcəm" əsəridir.

Akademik qeyd edib ki, Türkcənin dil varlığının zənginliyini özündə ehtiva edən "Sihahül-əcəm" lüğəti XIII əsr Azərbaycan-türk dilində söz yaradıcılığının müxtəlif vasitələrini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır.

İki gün davam edən konfrans bölmə iclasları üzrə davam etdirilib. Simpoziumun yekun iclasında akademik Möhsün Nağısoylu simpoziumun təşkilinin əhəmiyyətini vurğulayıb.

 





03.07.2018    çap et  çap et