525.Az

Ərdoğan Bakıda hansı mövzuları müzakirə edəcək?


 

"TÜRKİYƏ PREZİDENTİ BAKIDA İKİ MƏSƏLƏNİ DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAQ"

Ərdoğan Bakıda hansı mövzuları müzakirə edəcək?<b style="color:red"></b>

"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gələn həftə Azərbaycana əliboş gəlməyəcək".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlunun Ankaradakı diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə, Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə həmişəki mövzuları müzakirə etməklə yanaşı, Bakıda iki məsələni diqqət mərkəzində saxlayacaq: "Ərdoğan Qarabağ məsələsində Türkiyənin mümkün rolundan danışacaq. Məsələ burasındadır ki, Ərdoğan bu məsələni yenidən Rusiya prezidenti Vladimir Putinin qarşısında qaldırmaq istəyir və ona görə də Bakıdan təkliflər gözləyir. Yəni bu iş Bakı ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Bu, rəsmi Bakının da maraqlarına cavab verir. Onsuz da rəsmi Bakı Kremli münaqişənin ədalətli həllinə cəlb etmək istəyir və Ərdoğanın əlavə fəallığı ancaq işin xeyrinə ola bilər. Bir şərtlə ki, Putin həm Bakını, həm də Ankaranı eşitməyə hazır olsun".

Politoloq bildirib ki, Ərdoğan Xəzərin statusunun avqustda Qazaxıstanda keçiriləcək zirvə toplantısında müəyyənləşəcəyini əlində rəhbər tutaraq Transxərəz boru xəttinin tikintisini sürətləndirmək istəyir: "Türkmənistan qazı Xəzərin dibi ilə əvvəlcə Azərbaycana, buradan isə Türkiyəyə nəql olunmalıdır. Bu mənada, Ərdoğanın Bakıda müzakirə edəcəyi ikinci əsas mövzu Transxəzər boru xəttinin perspektivi olacaq. Ankara bu məsələni də ləngitmək istəmir".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb.

R.T.Ərdoğan iyulun 10-da əvvəlcə Şimali Kipr, daha sonra Azərbaycana səfər edəcək. Türkiyə prezidenti Şimali Kipr və Azərbaycana səfərindən sonra 11-12 iyul tarixlərində keçiriləcək NATO sammiti ilə əlaqədar Brüsselə yola düşəcək.

Ceyhun ABASOV

 





04.07.2018    çap et  çap et