525.Az

Bolqarıstan mediasında acı "Qarabağ xatirələri": Erməni vandalizminin növbəti ifşası


 

ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZKARLIĞINA DAİR HAZIRLANAN VERİLİŞ DÜŞMƏN CƏBHƏSİNDƏ BÖYÜK NARAHATLIQ VƏ QƏZƏBLƏ QARŞILANIB

Bolqarıstan mediasında acı "Qarabağ xatirələri": <b style="color:red">Erməni vandalizminin növbəti ifşası</b>

Bolqarıstanın BTV televiziya kanalının Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və terror siyasətinə dair obyektiv verilişi Avropa qitəsində erməni yalanlarının növbəti dəfə ifşasına xidmət edir.

Bolqar telejurnalist İvan Georgiyev "Qarabağ xatirələri" adlı verilişində müharibə və ondan sonrakı dövrdə ermənilərin törətdiyi vəhşiliklərə, o cümlədən, Xocalıda və digər işğal olunmuş ərazilərdə dinc azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktları, qətliamlara, eləcə də maddi mədəni sərvətlərin dağıldılmasına diqqət çəkir, atəşkəs dövründə də təmas xəttində ermənilərin mülki əhalini hədəfə alması, qətllər törətməsini pisləyir.

Verilişin müəllifi Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının acı nəticələrini hadisənin canlı şahidlərinin dilindən çatdırır. Məcburi köçkünlər - İlqar Qasımov və Pakizə Məmmədova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaddaşlarında silinməz izlər buraxan xatirələrini bölüşüb, Ermənistanın işğalçılıq, soyqırımı siyasəti barədə danışıblar.

Bundan əlavə, münaqişə ilə bağlı həqiqətlərin dünya mediasına çatdırılmasında Azərbaycanın Milli Qəhrəmanı, hərbi reportyor Çingiz Mustafayevin xidmətlərindən danışılır.

Ölkəmizin Dağlıq Qarabağ münaqişəsiylə bağlı ədalətli mövqeyindən bəhs olunan verilişdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və "Real" televiziya kanalının rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayevin fikirləri təqdim olunur, rəsmi Bakının hər zaman sülh prosesinə sadiq qaldığı, münaqişənin tezliklə dinc yolla həllinə nail olunması istiqamətində fəaliyyət apardığı bildirilir.

Regionda işğalçılıq siyasəti həyata keçirən Ermənistan dövlətinin uzun illərdir dünya ictimaiyyətini aldatmağa hesablanan addımlarını, guya özlərini münaqişədən zərər görən tərəf kimi təqdim etmək istiqamətində çalışmalarını alt-üst edən acı "Qarabağ xatirələri" təsadüfi deyil ki, düşmən cəbhəsində böyük narahatlıq və qəzəblə qarşılanıb. Nəticədə hazırlanan obyektiv verilişə görə, Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Rauf Əliyev qeyd edib ki, Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən filmin çəkilməsində və nümayiş etdirilməsində Azərbaycan-Bolqarıstan əlaqələrinin çox yüksək səviyyədə olması, xalqlarımız arasında yaranmış dostluq münasibətləri həlledici rol oynayıb. O, "Trend"ə bildirib ki, diplomatik əlaqələr yaradıldıqdan sonra iki ölkənin dövlət və hökumət başçıları, parlament rəhbərləri, nazirlər və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub: "Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına səfəri böyük rol oynayıb. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstanın prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaradıb. Bu vaxta kimi iki ölkə arasında müxtəlif sahələri, iqtisadiyyat xüsusilə, energetika, sosial, mədəniyyət, idman və digər sahələri əhatə edən 60-dan çox sənəd imzalanıb".

2017-ci ilin may ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan konfransın keçirildiyini xatırladan R.Əliyev söyləyib ki, baş tutan bütün görüşlərdə, həyata keçirilən tədbirlərdə Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığı, 20 faiz torpaqlarımızın düşmən ölkə tərəfindən işğal olunduğu nəzərə çatdırılaraq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyri-şərtsiz boşaldılması barədə BMT-nin məlum 4 qətnaməsinə məhəl qoymadığı, işğal olunan torpaqlarda həyata keçirilən erməni vəhşilikləri, o cümlədən, Xocalı soyqırımı və digər qətliamlar barədə məlumatlar verilib".

Dostluq qrupunun sədri qeyd edib ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında hər iki ölkənin səfirliklərinin diplomatik sahədə apardıqları işlərin, Milli Məclisin Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu və Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun qarşılıqlı səfərləri və apardıqları məqsədyönlü işlər də mühüm rol oynayıb: "Bolqarıstan mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı filmin nümayiş etdirilməsi bir daha göstərir ki, həqiqətləri heç vaxt gizlətmək mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı uğurlu, balanslaşdırılmış xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu ildən-ilə durmadan artır, Azərbaycanı dəstəkləyən ölkələrin sayı çoxalır. Bu da Dağlıq Qarabağ haqqında həqiqətlərin beynəlxalq aləmdə daha geniş surətdə yayılmasına əlverişli şərait yaradır. İnanırıq ki, bundan sonra da işğal olunmuş torpaqlarımızda erməni faşistlərinin törətdiyi əməllər və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən müxtəlif ölkələrdə çəkilmiş filimlərin şahidi olacağıq".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, Bolqarıstan televiziyasında Ermənistanın təcavüzkar siyasətindən bəhs edən verilişlərin nümayişi çox əhəmiyyətli bir hadisədir. O, SİA-ya bildirib ki, Ermənistanın dünya ictimaiyyətinin fikrini azdırmaq, özünün 30 ilə yaxın Azərbaycana qarşı apardığı Qarabağ təcavüzkarlığının mahiyyətini pərdələmək siyasəti tam iflasa məhkumdur: "Hər kəs bilir ki, Ermənistanın siyasətinin ifşa olunmasında Azərbaycan mediasının məqsədyönlü fəaliyyəti indiyə qədər diplomatiyamızın gücünə güc qatan faktorlardan biri kimi çıxış edir. Belə bir vaxtda Bolqarıstan mediasının təqdim etdiyi ifşaedici materiallar həm də Azərbaycan mediası, Azərbaycan xalqı ilə bir həmrəylik addımı kimi də diqqəti cəlb edir. Xarici auditoriyalarda belə ifşaedici materialların yayılması Ermənistanın Azərbaycana qarşı təkcə təzavüzkar siyasət apardığını yox, həm də mədəni, tarixi irsimizə qarşı vandal siyasət apardığını sübut edib ortaya qoyub".

A.Quliyevin sözlərinə görə, Avropa televiziya məkanında belə faktların səslənməsi xırda hadisə deyil: "Bunlar Azərbaycan diplomatiyasının düzgün və həqiqətən hücum mövqeyində olduğunu, belə bir mövqedə irəlilədiyini bir daha təsdiqləyir. Bolqarıstan televiziyasının sujetləri ermənilərin insanlığa, tarixə, mədəniyyətə qarşı nə qədər düşmən kəsildiyinə hər kəsi inandıra bilib".

Baş redaktor əlavə edib ki, Bolqarıstanda yaşayan ermənilərin həmin televiziyanın üzərinə hücum çəkməsi, televiziyanı cəzalandırmağa cəhd göstərməsi tamamilə təbii görünür: "Bu bir tərəfdən onun göstəricisidir ki, Bolqarıstan televiziyası Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açmaqda çox dəqiq və sərrast bir zərbə vurub. Ona görə də ermənilər bundan qıcıqlanaraq Bolqarıstan televiziyasından qisas almaq fikrinə düşüblər. Heç şübhə yoxdur ki, orada yaşayan erməniləri istiqamətləndirən məhz Ermənistan dövlətidir və onun bugünkü rəhbərliyidir. Çünki onların Avropa məkanında yeni siyasət aparmaq istədikləri bir vaxtda Bolqarıstan televiziyası Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini aşkarlayan tutarlı faktlar ortaya qoyur. Bu, həm də Ermənistanın təkcə özündə yox, dünyanın bütün ölkələrində azad media orqanlarına qarşı bir barışmaz mövqe tutmasının bariz nümunəsidir".

"Bu yaxınlarda Avropa Şurasında Ermənistanın yeni hakimiyyətinin azad mediaya qarşı barışmaz mövqe tutduğunu göstərən faktlar səsləndirilmişdi. Bu onu bir daha göstərir ki, Ermənistanın yeni rəhbərliyi özünü nə qədər demokratik göstərməyə çalışsa da, onlar dünya ölkələrində azad media orqanlarına qarşı çox dözümsüz bir mövqe tuturlar. Çünki azad media orqanlarının fəaliyyəti nə qədər genişlənirsə, Ermənistanın təcavüzkar siyasətinin mahiyyəti bir daha ortaya çıxır", - deyə baş redaktor bildirib.

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində həqiqətlər dünya ictimaiyyətinə doğru və düzgün şəkildə təqdim edilir: "Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyi, problemin yalnız ərazi bütövlüyümüz çərçivəsində öz həllini tapmalı olduğu beynəlxalq tribunalardan səsləndirilir. Elə bunun nəticəsidir ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin həlli istiqamətində torpaqlarımızın tezliklə azad olunmasını əsas prinsip kimi qəbul edir".

V.Rəhimzadə qeyd edib ki, bu günlərdə Bolqarıstanın BTV telekanalında "Qarabağ xatirələri" adlı proqramın yayımlanması həqiqətlərimiz təbliğində növbəti müsbət addımlar sırasındadır: "Ermənistanın işğalçılıq siyasətindən, təmas xəttindəki vəziyyətdən, erməni vəhşiliyindən, Xocalı faciəsi ilə bağlı məqamlardan danışılan, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin öz əksini tapdığı veriliş tamaşaçılara Azərbaycan muğamının və "Qarabağ şikəstəsi"nin müşayiəti ilə təqdim olunub. Bolqarıstanlı müəllif verilişi hazırlayarkən baş verən hadisələri şahidlərin dilindən səsləndirir. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə Cənubi Qafqazda sülh və sabitlik olmayacaq. Ermənistanın təcavüzkar siyasəti regionun inkişafına, beynəlxalq sülhə və təhlükəsizliyə əsas əngəldir".

Baş redaktor vurğulayıb ki, artıq bütün dünya ermənilərin vəhşi, qaniçən, terrorist olduğunu anlayır: "Veriliş yayımlanandan sonra Bolqarıstan ermənilərinin müəlliflərə qarşı kəskin hücuma keçmələri, təhdidlərə başlamaları bir daha onların iç üzünü, vəhşiliyini nümayiş etdirir. Təbii ki, faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı. Hər zaman sülhə və təhlükəsizliyə maneə olan ermənilər qonşu dövlətlərin torpaqlarına göz dikiblər, öz çirkin niyyətlərini həyata keçirmək üçün terroru dövlət siyasəti səviyyəsinə qaldırıblar. Bolqar jurnalistlərə qarşı hücumlar isə bu reallığı təsdiq edir".

Ceyhun ABASOV

 





04.07.2018    çap et  çap et