525.Az

"Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi"


 

BƏRDƏDƏ REGİONAL SEMİNAR-TRENİNQİN AÇILIŞI OLUB

"Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi" <b style="color:red"></b>

İyulun 3-də Bərdə Rayon Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin əmrinə əsasən, "Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi" mövzusunda regional seminar-treninqin açılışı keçirilib.

Mədəniyyət Nazirliyi, Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşən treninqin əsas məqsədi kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması və kitabxanalarda yeni texnologiyaların tətbiqidir.

Tədbiri giriş sözü ilə açan Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev belə tədbirlərin regionlarda keçirilməsinin böyük əhəmiyyət daşıdığını, yerlərdəki mədəniyyət ocaqlarının, xüsusilə, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsində vacib rol oynayacağını söyləyib. O, idarənin bütün kollektivi adından belə bir tədbirin Bərdədə keçirilməsi barədə əmr verdiyinə görə nazir Əbülfəs Qarayevə və bu tədbirin reallaşdırılmasında fəal iştirak edən müəssisələrin rəhbərliklərinə təşəkkürünü bildirib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov bu tədbirin Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının, təşkilatların, idarə və müəssisə rəhbərlərinin yerlərdəki müəssisə işçiləri, vətəndaşlarla, eləcə də nazir Ə.Qarayevin mədəniyyət ocaqlarının rəhbərlərinin yaradıcı şəxslərlə yerlərdə görüşlər keçirilməsinin vacibliyi barədə çağırışlarına əsasən keçirildiyini bildirib. K.Tahirov orada daha bir vacib tədbirin - Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə birlikdə "Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi" mövzusunda regional seminar-treninqin də keçirildiyini vurğulayıb. O, bu treninqin də İxtisasartırma Mərkəzi ilə Milli Kitabxana arasında imzalanan müqaviləyə əsasən hər il yerlərdə region kitabxana işçiləri üçün təşkil edildiyini bildirib. Qeyd edib ki, təcrübəli müəllimlərin mövzu ilə bağlı mühazirələri dinləniləcək və təcrübi məşğələlər aparılacaq, habelə Milli Kitabxananın son 5 ildə nəşr etdirdiyi çoxlu sayda biblioqrafik və metodik vəsaitlərinin təqdimatı keçiriləcək və onlar kitabxana işçilərinə paylanılacaq.

Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Ramazan Şabanov tədbirin innovasiyaların kitabxanaların iş təcrübəsinə tətbiqinə dair faydalı mövzular üzrə mühazirə və məsləhətlərin verilməsi baxımından təcrübəli müəllimlərin iştirakı ilə keçirilməsinin vacib əhəmiyyət kəsb etdiyini, gələcəkdə də bu işin davam etdiriləcəyini söyləyib.

Belə bir vacib tədbirə dəvət olunmalarından məmnunluğunu bildirən AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid özünün, eləcə də həmkarları Pərvin, Fərid Hüseyn və Cavid Zeynallının əsərlərini təbliğ edən, oxucularla aralarında körpü yaradan kitabxanaçılar qarşısında çıxış etməyin xüsusilə sevindirici olduğunu söyləyib. Sonra qonaqlar şeirlərini oxuyub, kitablarını təqdim ediblər.

Tədbirin sonunda iştirakçılar Milli Kitabxananın son beş il ərzində nəşr etdirdiyi 40-dan artıq biblioqrafik və metodik materialların, "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırlanaraq çap olunmuş Ulu Öndər Heydər Əliyevə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya, akademik Ramiz Mehdiyevə, eləcə də Əziz Əliyev, Molla Pənah Vaqif, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Bülbül, Xəlil Rza Ulutürk, Qəzənfər Paşayev və başqa şəxsiyyətlərə həsr edilmiş fundamental biblioqrafiyalardan ibarət sərgi ilə tanış olublar.

Şahanə MÜŞFİQ



 





04.07.2018    çap et  çap et