525.Az

Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının nümayəndələriylə görüşdü


 

Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının nümayəndələriylə görüşdü<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva Ofisinin direktor müavini xanım Xulud Əl Xaldinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, Xulud Əl Xaldi BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Bakıda təşkil etdiyi seminarda iştirak etmək üçün ölkəmizə səfər edib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində də ölkəmizdə mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir tam və səmərəli məşğulluq imkanlarının yaradılması istiqamətində Azərbaycanda fəal və məqsədyönlü dövlət siyasətinin aparıldığını bildirib. O, qeyri-neft sektorunun sürətli inkişafı şəritində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrildiyini, işsizliyin azaldığını, əmək bazarında sabitliyə nail olunduğunu qeyd edib.

Ötən dövrdə BƏT-lə səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirən S.Babayev diqqətə çatdırıb ki, "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" əməkdaşlıq müstəvisində birgə tədbirlərin ardıcıl və sistemli təşkili layiqli əməyin təbliği baxımından xüsusi önəm kəsb edir.

S.Babayev sosial yardım alan ailələrin potensialı müqabilində özünüməşğulluq proqramı ilə əhatə olunmasının təkmil mexanizminin qurulması, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid pəncərə prinsipi üzrə təşkil edilməsi sahəsində işlərin aparıldığını bildirib. Nazir, həmçinin, "Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi Qaydası"nın, Məşğulluq Strategiyası layihəsi üzrə Fəaliyyət Planının hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib.

S.Babayev BƏT-lə əməkdaşlığın bu iş sahələrini, habelə pensiya, sosial yardım, müavinət, sistemlərinin təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi, müasir sosial reabilitasiya metodlarının tətbiqi, qeyri-rəsmi məşğulluğun miqyasının qiymətləndirilməsi, orta və uzunmüddətli demoqrafik təhlillərin aparılması və digər sahələri də əhatə etməsinin əhəmiyyətli ola biləcəyini vurğulayıb.

Xanım X.Əl Xaldi Azərbaycanda milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq təşkil etməsinin, bu prioritetlərin hər biri üzrə müvafiq proqramlar əsasında konkret nəticələrə yönələn tədbirlərin həyata keçirilməsinin, o cümlədən, əhalinin səmərəli məşğulluğunun təminatı sahəsində əldə olunan irəliləyişlərin təqdirəlayiq olduğunu qeyd edib.

Görüşdə BƏT-lə əməkdaşlığın gələcəkdə yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub.

CEYHUN

 





04.07.2018    çap et  çap et