525.Az

"Prezidentin sərəncamı qəza ilə bağlı əsl həqiqəti ortaya çıxaracaq"


 

MİLLƏT VƏKİLLƏRİ İSTİLİK ELEKTRİK STANSİYASININ YARIMSTANSİYASINDA BAŞ VERMİŞ QƏZA İLƏ BAĞLI FİKİRLƏRİNİ BİLDİRDİLƏR

"Prezidentin sərəncamı qəza ilə bağlı əsl həqiqəti ortaya çıxaracaq"<b style="color:red"></b>

İyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ölkənin paytaxtında və bir çox bölgələrində enerji təminatı sahəsində yaranmış problemlər, bəzi qurumların hadisəyə adekvat olaraq davranmaması millət vəkillərinin narazılığına səbəb olub. Onlar məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər.

Millət vəkili Eldəniz Səlimov da gecə baş verənlərdən, bəzi qurumların ölkədə ekstremal, fövqəl situasiyaya hazır olmamasından, vəziyyəti düzgün anlamadıqlarından və qiymətləndirə bilməməklərindən narahatlıq ifadə edib: "Gecə baş verənlər təbii ki, qəza hadisəsi idi. Düzdür, bəziləri bunu haqsızcasına başqa yerlərə yozmağa, təxribatla, filanla əlaqələndirməyə cəhd etdi və etməkdədirlər. Xüsusilə də, sosial şəbəkələrdə bu yöndə əsasız fikirlər səslənir, çoxları nə baş verdiyinin fərqinə varmadan həqiqətəuyğun olmayan mülahizələr səsləndirirlər, amma bilinən, reallıq və fakt odur ki, ölkədə vəziyyət tam nəzarətdədir. Xüsusilə, Azərbaycan prezidenti cənab İlham Əliyev ölkədəki vəziyyətə tam nəzarət edir, hüquq-mühafizə orqanlarımız yenə həmişəki kimi ayaqdadırlar, ayıq-sayıqdırlar və təxribat ehtimalı sıfırın altındadır. Yəni Azərbaycan tam stabildir və kimsə də buna şübhə edə bilməz. Amma bəzi qurumlar və məmurlar var ki, baş vermiş hər hansı hadisəyə vaxtında, adekvat reaksiya verə bilmirlər. Onlar anlamalıdırlar ki, hər şeyi prezidentin, hüquq-mühafizə orqanlarının, güc strukturlarının üzərinə atmaq olmaz. Onlar öz vəzifələrinin məsuliyyətini anlayıb, dövlətə, xalqa, ölkə prezidentinə yardımçı olmalıdırlar. Güman edirəm ki, son hadisə onlara da bir dərs olacaq və gələcək addımlarında bunları mütləq nəzərə alacaqlar. Çox sevindirici haldır ki, ölkə prezidentinin də vəziyyəti nəzarətə götürməsi ilə qısa zaman ərzində hər şey yoluna qoyuldu, insanlarımız nigarançılıqdan və intizardan qurtarıldı".

Millət vəkili Azər Badamovun fikrincə,  elektrik qurğularında qəzanın baş verməsi təbii haldır. Texniki sistemlər xarab ola, sıradan çıxa bilər. Amma bir qəzanın baş verməsindən uzun müddət bütün ölkənin işıqsız qalması qəbulolunmazdır. Millət vəkili  qeyd edib ki, ölkə başçısı hər bir müşavirədə ölkənin elektrik, enerji gücünün artırılması ilə əlaqədar tapşırıqlar verir, maliyyə ayırır, yeni elektrik stansiyaları tikilir, tələbatdan artıq elektrik istehsal və hətta, elektrik enerjisini ixrac edirik: "Lakin Mingəçevirdə baş verən bir qəza bütün sistemi söndürür. Belə hal başadüşülən deyil. Burdan belə nəticə çıxarmaq olar ki, ölkəmizdə istehsal olunan enerjinin paylanma sistemi düzgün qurulmayıb və ya elektrik enerjisinin paylanmasının idarəetməsində nöqsanlar var. Yayda, anomal istilərin olduğu bir vaxta elektrikin kəsilməsi ucbatından şəhərdə binalara suyun verilməsində böyük fasilələr yaranmamalıdır. Hər bir sahədə ehtiyat generasiya qurğuları olmalıdır ki, hər hansı bir qəza baş verəndə onlar işə düşsün və problem qısa bir zamanda aradan qalxsın. Qəza baş verib, problem yaranan kimi ölkə başçısı nöqsanın aradan qaldırılmasını nəzarətə götürür. Bu onu deməyə imkan verir ki, cənab prezident ölkə vətəndaşlarını düşünür və yaranmış problemə görə narahatdır. Ona görə düşünürəm ki, qəzanın nəticələri qısa bir zamanda aradan qaldırılacaq. Amma bu işlə əlaqədar şəxslər baş vermiş problemdən nəticə çıxarmalı və ehtiyat tədbirlər görməli, belə fövqəladə hallar təkrar olunarsa, dərhal qarşısı alınmalıdır. Əgər hamı öz işinə normal yanaşsa, vəzifə borcunu tələblər çərçivəsində yerinə yetirsə, belə hallar bir daha təkrar baş verməyəcək".

Millət vəkili Fəzail Ağamalı isə mətbuata açıqlamasında bildirib Azərbaycan (Mingəçevir) İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalıdır. Millət vəkilinin dediyinə görə, hadisənin obyektiv səbəblərdən və insan amilindən asılı olaraq baş verməsi dəqiqləşdirilməlidir: "Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək. Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə baş verməməsi üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir. Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir. Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir". Deputat bildirib ki, baş verən qəza ilə bağlı "Azərişıq" ASC paylayıcı şəbəkə olaraq bu hadisədə məsuliyyət daşımır.  Amma istehsalçı qurum olan "Azərenerji" ASC günahkardır: "Azərişıq" Mingəçevirdə baş vermiş olan qəza ilə bağlı hər hansı bir məsuliyyət daşımır və ona bağlılığı yoxdur. Çünki "Azərişıq" istehlakçıdır. Bu məsələyə "Azərenerji" ASC cavabdehdir. "Azərenerji" elektrik enerjisini istehsal edib "Azərişıq"a verir. "Azərişıq" da öz abonentlərini elektrik enerjisi ilə təmin edir. Ona görə də "Azərişıq"ı bütün müzakirələrdən kənara çıxarmaq lazımdır. Mingəçevirdəki elektrik enerjisinin istehsalçısı "Azərenerji"dir. Bütün araşdırmalardan sonra kimin günahkar olması ortaya çıxarılmalıdır. Hesab edirəm ki, peşəkar istintaqçılarımız və enerji sahəsində yüksək səviyyəli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra hadisənin baş vermə səbəbi tam aydınlığını tapacaq".

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də öz növbəsində  baş vermiş qəza nəticəsində ölkənin enerji təminatında yaranmış problemlərdən narahatlığını idafə edib: "Təbii ki, belə hallar, hadisələr, gözlənilməz-ekstremal, əvvəlcədən proqnozlaşdırılmayan situasiyalar dünyanın hər bir yerində baş verir, yaşanır. Yəni tək bizim ölkədə belə bir hadisə yaşanmır, bu, hər yerdə olur və ola bilər. Burada ajiotaj, hay-küy yaratmağa, haqlı-haqsız iradlar səsləndirməyə də ehtiyac yoxdur. Ölkə, insanlar, cəmiyyət varsa, orada problemlər də olur və qaçılmazdır. Amma bununla belə, arxayınçılığa, səhlənkarlığa da yol vermək olmaz. Bunlar da qəbuledilən deyil. Xüsusilə də, aidiyyatı qurumlar, məsul şəxslər bu məsələdə son dərəcədə diqqətli, ehtiyatlı olmalıdırlar. Ani boşluq, ehtiyatsızlıq ciddi problemlərə səbəb ola bilər. Onlar bunu mütləq nəzərə, diqqətə almalıdırlar. Eyni zamanda, onu da deyim ki, son illər Azərbaycanın enerji, energetika sektorunda böyük inkişaf, irəliləyişlər, müsbət tendensiyalar baş verməkdədir. Bu sahədə əldə edilən müsbət nəticələri görməmək və qiymətləndirməmək də ədalətli olmazdı. Hər şey ədalətdən başlayır və bizlər də hər bir hadisəyə məhz ədalətin gözü ilə baxmalı, qiymət verməliyik. Ancaq son hadisə onu göstərdi ki, deməli, ortada hələ həllini gözləyən məsələlər var və onlar mütləq şəkildə öz çözümünü tapmalıdır. İnanıram ki, belə də olacaq. Bunun üçün böyük imkanlar, potensial var. Və son hadisə bir daha onu göstərdi və sübut etdi ki, bu dövlətin, bu cəmiyyətin taleyi etibarlı əllərdədir. Ölkə prezidenti hər zaman olduğu kimi, yenə də öz xalqı ilə bir yerdədir və hər bir məsələyə də hər kəsdən tez reaksiya verir. Bunun özü də çox önəmli bir məsələdir. Prezident artıq "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam da imzalayıb. Sərəncamda da Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb. Bundan başqa, Sərəncama əsasən, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək. Bu baxımdan da, tam və qəti şəkildə əmin olduğumu bildirmək istəyirəm ki, bu, son olacaq, bir də belə bir qəza yaşanmayacaq, təkrarlanmayacaq, təqsirkarlar məsuliyyətə cəlb ediləcək,  insanlarımız nigaran qalmayacaq".

Kamil HƏMZƏOĞLU

 





04.07.2018    çap et  çap et