525.Az

Günnüt qələbəsi sərhəd kəndlərinin inkişafına və müdafiəsinə yeni güc verib


 

Günnüt qələbəsi sərhəd kəndlərinin inkişafına və müdafiəsinə yeni güc verib<b style="color:red"></b>

Tarixi Günnüt qələbəsi Azərbaycanın hərbi qüdrətini göstərməklə yanaşı, həm də onun istənilən an torpaqlarını düşmən tapdağından azad etməyə hazır olduğunu sübut etdi.
 
Milli Ordumuzun şücaəti, Qarabağ sevgisi ilə döyünən ürəyi, ərazi bütövlüyümüzü təmin etmə hədəfləri onun bu istiqamətdəki əzmini daha da artırdı. Qazanılan qələbə Lələtəpədə özünü təsdiq etdi. Lələtəpədə qələbə çiçəkləri əkildi. Bu yaxınlarda Günnütdən gələn yeni zəfər müjdələri şadlığımızı daha da artırdı. Uca Allahın izni ilə Lələtəpədə əkilən çiçəklər Günnütdə suvarıldı, Qarabağda açacaq. Yeni zəfərin müəllifi isə Naxçıvan Muxtar Respublikası oldu. Bütün sahələrdə olduğu kimi, hərbi sahədəki üstünlükləri ilə də tarix yazan muxtar respublikamız ölkəmizə baş ucalığı gətirməkdədir.

Azərbaycan Respublikasının genişmiqyaslı milli iqtisadi quruculuq proseslərinə inamla davam etməsi onun bütün regionlar üzrə yüksək perspektivlərə malik olmasını daha da stimullaşdırmışdır. 2003-cü ildən hüquqi əsasları yaradılan, 2004-cü ildən isə səmərəli icrasına başlanılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkənin bütün regionlarında güclü istehsal potensialının yaradılmasına stimul verdi. Bu isə makroiqtisadi zəmində böyük təminat potensialı formalaşdırdı. Məhz bu mənada ölkənin regional siyasətinin çox mühüm hərəkətverici qüvvəsinə çevrilən Naxçıvan Muxtar Respublikası müasir müstəqillik illərinin iftixarla dolu 22 ilindən artıq bir dövründə milli iqtisadi inkişafa ciddi töhfə verməkdədir. İqtisadi islahatların beşiyi kimi bazar münasibətlərinin ən təkmil mexanizmlərini səfərbər edən muxtar respublika iqtisadi idarəetmənin çevik istiqamətlərini müəyyən edə bilmiş və bu, milli iqtisadi inkişafa təkan olmaqla sosial-iqtisadi inkişafın çox mühüm göstəricilərinə çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası ölkənin uzaq gələcək üzrə müəyyən etdiyi prioritetlərinə uyğun olaraq, özünün şəhər, rayon, qəsəbə, kəndlərində genişmiqyaslı quruculuq və abadlaşdırma tədbirlərindən ibarət möhtəşəm inkişaf mənzərəsini yaratmaqdadır. Bu, öz pozitiv meyilləri ilə bir tərəfdən güclü infrastruktur təminatını ifadə edirsə, digər tərəfdən, davamlı istehsal prosesinin təminatı üçün əsaslar yaradır. Bunu infrastrukturun istehsal forması ilə yanaşı, onun sosial sahələrdəki perspektivləri ilə də xarakterizə edə bilərik. Cəmiyyət üzvlərinin artan tələbatlarının ödənilməsindən, insanların sağlamlığının qorunmasından, təhsil səviyyəsinin yüksəldilməsindən, dünyagörüşünün inkişafından və bu qəbildən olan digər üstünlüklərin əldə edilməsindən ibarət sosiallaşma siyasətinin səmərəli təşkili və idarə olunması muxtar respublikanın keçdiyimiz inkişaf mərhələlərində özünü göstərməkdədir. Təbii ki, bu potensial bütün bölgələrin müasir sosial-iqtisadi inkişafını daha da sürətləndirməkdədir.

Belə bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasının davamlı inkişafında mühüm əhəmiyyətə malik perspektivlər ortaya qoyan Babək rayonu və onun kəndləridir. Ölkəmizdə və muxtar respublikamızda davam edən islahatlar fonunda həyata keçirilən tədbirlər Babək rayonunun və onun kəndlərinin də simasını dəyişmiş və bu, sözün həqiqi mənasında inkişaf üçün baza təşkil etmişdir. Rayonun bütün ərazilərində, o cümlədən, aşağı və yuxarı Buzqov kəndlərinin timsalında bunu görə bilərik. Müxtəlif vaxtlarda ölkə başçısının muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair fərman və sərəncamlarının səmərəli icrasından öz payını alan bu kəndlər sakinlərin qürur yerinə çevrilmişdir.

Mənbələrə diqqət edəndə aydın olur ki, Dərələyəz silsiləsinin yamacında yerləşən bu kəndin keçmiş adı Buzqov olmuşdur. Müəyyən zaman müddətindən sonra bu kənddən yaranmış yeni bir kənd Aşağı Buzqov kimi adlandırılmış, bu yaşayış məntəqəsinin adı isə Yuxarı Buzqov kimi qalmışdır. Bu kəndin təmiz havası, insanlara sağlamlıq bəxş edən gözəl təbiəti, suyu, torpağı çox böyük dəyərləri özündə yaşatmaqdadır. Araşdırmalar göstərir ki, kəndin adı da elə ərazidən keçən çayın adına uyğun olaraq, daha doğrusu, Buzqov çayının sahilində yerləşdiyi üçün Buzqov adlanmaqdadır.

Buzqov bir qəhrəmanlıq rəmzidir. Tarixi düşmənlərimiz bədnam ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində bu kənd hücumlara məruz qalmış, lakin mərdliklə, qəhrəmanlıqla özünü təsdiq etmişdir. Məlumdur ki, Yuxarı Buzqov rayonun ən ucqar dağ və sərhəd kəndidir. Bu səbəbdən də düşmən təmas xətti mövqeyindən çirkin məqsədlər üçün istifadə edərək ötən əsrin 90-cı illərində kəndə ağır günlər yaşatmışdır. Nəticədə isə kənd faktiki olaraq düşmən işğalı ilə üz-üzə qalmışdı. Kəndin müdafiəsi uğrunda gedən döyüşlərdə Azərbaycan Milli Qəhrəmanı Mirəsgər Seyidov şəhid olmuşdur. Bu gün ulu öndərin xilaskarlıq və inkişaf ideyaları ilə muxtar respublikada əldə olunan siyasi sabitlik bu kəndlərin də tərəqqiyə olan yolu açılmışdır.

2009-cu ildə keçirilmiş əhalinin siyahıya alınması zamanı yuxarı Buzqov kəndinin 170 nəfərlik əhalisi olduğu məlum olmuşdur. Ölkənin və muxtar respublikanın yeni prioritetlərinə uyğun perspektivlərə malik olan kənd yeniləşən və güclənən potensialı ilə, eləcə də ölkənin mikroiqtisadi proseslərinin tənzimlənməsində mühüm əhəmiyyətə malik olan ərazi kimi daha da önəm daşımaqdadır. Məlumdur ki, milli iqtisadi quruculuq proseslərində daha da aktuallaşan məsələlərdən birini də turizmin inkişafı sahəsindəki perspektivlər təşkil etməkdədir. Bu sahədə istər ölkəmizin, istərsə də muxtar respublikamızın kifayət qədər təkmil olan hüquqi və iqtisadi tənzimləmə aktları mövcuddur. 2016-cı ildə ölkə başçısı tərəfindən təsdiq edilən strateji yol xəritələrində də yer alan ixtisaslaşdırılmış turizm sənayesinin inkişafına dair prioritetlərin müəyyənləşdirilməsi bu sahədə həm də regionların mövcud potensialının önəmli dərəcədə artmasına səbəb olmaqdadır. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri tərəfindən tarix və mədəniyyət abidələrinin, eləcə də turizm üçün əlverişli məkanların bərpa edilməsini özündə əks etdirən fərman və sərəncamların imzalanması bu sahədəki proseslərin səmərəliliyini daha da artırmışdır. Xüsusilə, 2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi turzim sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasının göstəricisi kimi dəyərləndirilməlidir. Məhz bu mənada çoxməqsədli turizm üçün zəruri infrastrukturun yaradılması muxtar respublikada, onun bütün ərazilərində, o cümlədən, Babək rayonunun Yuxarı və Aşağı Buzqov kəndlərində artıq öz nəticələrini verməkdədir. Artıq kənd turizminin, eləcə də yaşıl, hətta müalicə, yay və qış turizm məqsədli səfərlərin edilməsi ənənə halını almış, sakin və qonaqlar isə bunu yüksək dəyərləndirməkdədirlər. Buraya səfər edən turistlərdən Hüseynov Şahin, Hacıyev Sərvər, Hacıyeva Gözəl və digərləri yay mövsümündə istirahətlərinin səmərəli təşkili üçün gəliblər. Onlar kəndin mövcud inkişaf səviyyəsini yüksək qiymətləndirir, nəzərdə tutulan hədəflərin təminatı üçün zəruri infrastrukturun yaradıldığını ifadə edirlər. Səfalı yerləri, təmiz havası buranın önəmini daha da artırmaqdadır. Əlverişli kommunal təminatlara malik olan Yuxarı Buzaqov kəndi həm də daimi işığı, fasiləsiz qazı ilə sakinlərə rahatlıq bəxş edir. Digər tərəfdən, kəndin geniş və abad avtomobil yoluna malik olması onun rayon mərkəzi və Naxçıvan şəhərilə olan əlaqəsini daha da rəvanlaşdırmaqdadır.

Elimiz, obamız bütün zamanlarda elmə, təhsilə və yüksək mədəni keyfiyyətlərə sahib olmuş, onu milli və mənəvi dəyərlərin tərkib hissəsi kimi qoruyub saxlamışdır. Bu mənada, muxtar respublikanın blokada vəziyyətində olmasına baxmayaraq, Yuxarı Buzqov kəndinin böyük quruculuq mərkəzinə çevrilməsi tam gücü ilə diqqətdə saxlanılmış, bundan sağlam gəncliyin formalaşmasında, etibarlı təhsilin verilməsində və elmin sirlərinin öyrənilməsində məharətlə istifadə olunmaqdadır. Bununla yanaşı, əhalinin yüksək səviyyəli kommunal təminatlarla əhatə olunması dövlətimizin gündəlik qayğısına aid edilməkdədir. Bütün bunların ən gerçək ifadəsi olaraq, bu dağ kəndində 56 şagird yerlik məktəb binasının tikilməsi, yolların abadlaşdırılması, kənd və xidmət mərkəzlərinin inşa olunması mövcud potensiala daha da güc qatacaqdır.

Babək rayonunda tikinti və quruculuq ünvanlarının sayı artmaqdadır. Bu, bir tərəfdən dövlətin iqtisadi potensialının ən gerçək göstəricisidirsə, digər tərəfdən onun müəyyən edilən hədəflərə böyük uğurlarla çatdığının ifadəsidir. Məhz belə bir şəraitdə rayonun Yuxarı Buzqov kəndi ilə yanaşı, həm də onun Aşağı Buzqov kəndinin də bu potensialdan yararlanması diqqətimizi çəkməkdədir və bu, davamlı hal almaqdadır. 2009-cu il əhali siyahıya alınmasının nəticələrinə görə əhalisinin sayı 1024 nəfər olan Aşağı Buzqov kəndi də düşmənə göz dağı olan inkişafı ilə sərhəddə məğrur dayanmaqdadır. Hər daşında, hər qarış torpağında qüdrətli Azərbaycan dövlətinin uzunəsrlik tarixini yaşadan Aşağı Buzqov kəndi sanki bütün ehtiyatlarını, resurslarını və potensialını ölkəmizin  və muxtar respublikamızın davamlı inkişafı üçün səfərbər etməkdədir. Yuxarı Buzqov kəndi ilə birlikdə muxtar respublikanın ölkənin milli iqtisadi quruculuq proseslərindəki iştirakının səmərəliliyini daha da artıran Aşağı Buzqov kəndi yaşıl turizmin perspektivliyinə töhfə verməkdədir. Kəndin təbiəti, yaradılan ən müasir infrastruktur turizmin davamlı inkişafı üçün zəruri olan amilləri əlçatan etməkdədir. Aşağı Buzqov kəndi də özünün cəlbediciliyi, iqtisadi fəaliyyət üçün səmərəliliyi ilə turist məmnunluğuna səbəb olmaqdadır. İnkişafın davamlılığı üçün stimul olan bu hallar turistlərin istər tək, istərsə də ailəvi olmaqla, istirahət üçün seçimlərində bu ərazilərə üstünlük verməsinə zəminlər açmaqdadır. Turistlərdən Zeynalov Şahvələd, Məmmədov Qadir ailələri ilə birgə Aşağı Buzqova gəlməklə vaxtlarına dəyər qatmışlar. Buradakı şəraiti yüksək qiymətləndirən turistlər kəndin bu sahədəki perspektivlərinin ümidverici olduğunu qeyd etmişlər.

Yuxarı Buzqov kəndində olduğu kimi, Aşağı Buzqov kəndində də təhsil sektorunun inkişafı yüksək göstəricilərlə ifadə edilməkdədir. Burada kənd məktəbinin yenidən qurularaq 3 mərtəbəyə çatdırılması nəzərdə tutulmuşdur. 154 şagird yerlik olacaq məktəbdə 11 sinif otağı, 2 elektron lövhə, idman zalı, müxtəlif laboratoriyalar yaradılacaq. Əhaliyə dövlət qayğısının ən yüksək ifadəsi olaraq, həmçinin, kənd və xidmət mərkəzlərinin inşa olunması da öz həllini tapmaqdadır.

Qeyd olunanlar kənd zəhmətkeşlərinin, qədirbilən insanların daha məhsuldar fəaliyyətinə stimul verməkdədir. Onların istehsal etdikləri məhsullar və təbii qidalar bərəkətli süfrələrin bəzəyinə çevrilmişdir. Kənddə təsərrüfat subyektlərinin fəaliyyətinin dəstəklənməsi ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlıq üçün münbit şəraitə zəmin yaratmaqdadır. Elə bunun nəticəsidir ki, arıçılıq inkişaf etmiş, istehsal edilən bal, cəviz, bar verən digər meyvə ağaclarının mövcudluğu Naxçıvan məhsullarının və brendinin şöhrətini daha da artırmaqdadır. Bu kənddə də rahat yol, surətli internet, kommunal təminatlar anlayışları artıq özünə kök salmış və bu, özünü sosial obyektlərin mövcudluğunda, eləcə də, işığın və qazın fasiləsizliyində göstərməkdədir. Bütün bunlar təbii ki, ölkəmizin malik olduğu ən mühüm nailiyyətin-siyasi sabitliyin, iqtisadi əminəmanlığın və sosial dayanıqlığın nəticəsidir.

Ölkəmizdə dövlət quruculuğu və bu sahədəki idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində də islahatların davam etdirilməsi müvafiq sahələr üzrə ən səmərəli və məhsuldar proseslərin əsaslarını qoymuşdur. Bunun tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidentinin 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanununa əsasən Mərkəzi Aşağı Buzqov kəndi olan Buzqov kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Aşağı Buzqov kənd inzibati ərazi dairəsi kimi təsdiq edilmişdir.

Beləliklə, Babək rayonu da kəndlərinin iqtisadi perspektivləri ilə muxtar respublikanın qətiyyətli addımlarına təkan olmaqdadır. Həqiqətən Günnüt qələbəsindən ruhlanan hər bir sərhəd kəndində olduğu kimi, Yuxarı və Aşağı Buzqov kəndlərində də həyata keçirilən genişmiqyaslı inkişaf tədbirləri dosta sevinc, düşmənə kədər olmaqla hər birimiz üçün qürurvericidir. Hazırkı inkişaf səviyyəsindən geriyə baxdıqda tam əmin oluruq ki, artıq 90-cı illər geridə qalıb və burada Azərbaycan əsgəri böyük qəhrəmanlıqla keşik çəkir. Buna əmin olan insanlar da həm firəvan yaşayır, həm öz torpağında rahat işləyir, həm də gələn qonaq-qaranı yaxşı qarşılayırlar. Qədirbilən buzqovlular bu dəyərlərlə daha da zənginləşməkdədir.

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 





04.07.2018    çap et  çap et