525.Az

Misir: "demokratik təzyiq" şəraitində hərbi çevriliş


 

Misir: "demokratik təzyiq" şəraitində hərbi çevriliş<b style="color:red"></b>

Yaxın Şərqin qədim mədəniyyətə və dövlətçilik ənənəsinə malik ölkələrindən birində indi hakimiyyət böhranı yaşanır. Burada hətta vətəndaş müharibəsinin meydana gələ biləcəyini istisna etmirlər. Belə bir vəziyyətin yaranmasında daxili amillərlə yanaşı, kənar təsirlərin də ciddi rol oynadığı güman edilir. O cümlədən, bəzi böyük dövlətlər demokratiya adı altında ordunun güc tətbiq etməsinə haqq qazandırmağa çalışırlar. Bu hadisələr nə ilə yekunlaşa bilər?

Zor tətbiq edənlərə 12 milyardlıq yardım

Misirdə prezidentin vəzifəsindən kənarlaşdırılmasından sonra yaranmış gərginlik səngimir. İnsanlar yenə "Təhrir" meydanında etiraz aksiyası keçirirlər. Ordu vəziyyəti nəzarət altında saxlamağa çalışır. Siyasətçilər isə yeni hökumət qurmaq səylərini davam etdirirlər.

Bunlara paralel olaraq, Yaxın Şərq ölkələrinin və böyük dövlətlərin hadisələrə münasibəti böyük maraq doğurur. Çünki meydana çox düşündürücü faktlar çıxır. Bəzi ölkələrin atdıqları addımlar isə kifayət qədər sualların yaranmasına səbəb olur. Məsələn, Qahirədə hakimiyyət çevrilişi baş verəndən dərhal sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üsyançılara dəstək verəcəklərini bəyan etdilər. İndi onların Misirə 8 milyard ABŞ dolları, Küveytin də 4 milyard ABŞ dolları miqdarında yardım ayırdıqları bildirilir.

Bununla da Körfəz dövlətləri Misirdə hərbi çevriliş edən qüvvələrə 12 milyard dollar yardım etmiş olur. "Müsəlman qardaşları”na dəstək verən Qətər isə öz yardımlarını dayandırıb. Ekspertlər bu faktları təhlil edərək belə qənaətə gəlirlər ki, Misirdə baş verən hakimiyyət dəyişikliyinin səbəbi təkcə həmin ölkənin daxili vəziyyəti ilə şərtlənmir.

Əvvəlcə, qeyd etmək lazımdır ki, "Müsəlman qardaşları” ölkəni tam demokratik səviyyədə idarə etmirdilər. Lakin onlar hakimiyyətə qanuni seçkilər yolu ilə gəlmişdilər. Söhbət demokratiyadan gedirsə, prezident M.Mursinin hakimiyyətdən gedişi yalnız seçki vasitəsi ilə ola bilərdi. Hazırda o, gizli bir yerdə saxlanılır, lakin istefa verməyib.

Buna baxmayaraq, Misirdə ordu yeni dövlət başçısı təyin edib (o, Konstitusiya Məhkəməsinin sədri Ədli Mənsurdur). Ə.Mənsur da öz növbəsində tanınmış maliyyəçi Həzim Bəblaviyə baş nazir postunu həvalə edib. Yeni hökumət başçısı bildirib ki, Nazirlər Kabinetini formalaşdırmağa başlayır (bax: Darbenin başbakanı konuştu // www.sabah.com.tr, 11 iyul 2013). Bununla da faktiki olaraq Misirdə yeni hakimiyyəti seçkisiz formalaşdırılır.

H.Bəblavinin ölkənin bütün siyasi qüvvələrini əməkdaşlığa çağırması bütövlükdə vəziyyəti dəyişmir. Çünki Misirdə hakimiyyət seçki yolu ilə deyil, hərbçilərin fəaliyyəti nəticəsində dəyişib. Bütün bunlara görə, dünyanın bir sıra böyük dövlətləri bu ölkədə baş verənləri hakimiyyət çevrilişi kimi qiymətləndirirlər. Onların sırasında Rusiya, Türkiyə və İran da vardır. Afrika İttifaqı Təşkilatı isə Misiri müvəqqəti olaraq öz sıralarından xaric edib.

Bunların fonunda Qərb dövlətlərinin hadisəyə münasibəti düşündürücü görünür. İndi KİV-də informasiyalar yayılır ki, rəsmi Vaşinqton bu və ya digər dərəcədə "Müsəlman qardaşları”nın hakimiyyətdən qanunsuz getməsinə yardımçı olub. Məsələn, "İsrael7” elektron nəşri "The New-York Times” qəzetinə istinadən yazır ki, çevrilişdən əvvəl ABŞ diplomatik üsulla Mursiyə xəbərdarlıq göndərib (daha ətraflı bax: Мила Грин. Египет: а все могло бы быть совсем не так // www.israel7.ru, 7 iyul 2013).

Rəsmi Vaşinqton Misir prezidentindən bir sıra nazirləri işdən azad etməyi, yerli hakimiyyət orqanlarında ciddi kadr dəyişikliyi həyata keçirməyi tələb edib. Bunu ərəb ölkələrindən birinin diplomatı vasitəsi ilə Mursiyə çatdırıblar. Misir prezidenti isə təqribən "ölərəm, ancaq bu tələbi yerinə yetirmərəm” cavabını verib. Eyni zamanda, rəsmi Qahirə diplomatik kanallarla Vaşinqtona etirazını bildirib. Məhz həmin hadisələrdən sonra "Təhrir”də etiraz dalğası yüksəlib.

Qətərin "Əl-Cəzirə" kanalı isə keçən ildən başlayaraq ABŞ Dövlət Departamentinin nəzdində fəaliyyət göstərən "Yaxın Şərqdə demokratiyanın inkişafı mərkəzi" tərəfindən "Müsəlman qardaşları”na müxalif olan qruplara milyonlarla dollar yardım edildiyi haqqında informasiya yayıb. Hazırda Vaşinqton Misir sahillərinə üç hərbi gəmi göndərib. Amerika hakimiyyəti bildirir ki, Misirdə xaosun yarana biləcəyindən ehtiyat edir.

Yuxarıda deyilənlərdən maraqlı bir nəticə çıxarmaq olar – Misirdə baş verən hakimiyyət çevrilişində kənar qüvvələrin ciddi rolu olub. ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt həmin prosesdə marağı olan tərəflər təsiri bağışlayırlar. Təbii ki, digər Qərb dövlətləri də bu sırada ola bilər. Lakin, görünür, onlara başçılığı Amerika edir. Onu deyək ki, Qərblə üsyançılara dəstək verən ərəb dövlətlərinin regiondakı geosiyasi maraqları heç də bütün punktlarda uyğun gəlmir. Bu səbəbdən məsələyə iki aspektdə yanaşmaq daha doğru olardı.

Qərb nələrdən ehtiyatlanır?

Doğrudan da ABŞ bir zamanlar dəstək verdiyi "Müsəlman qardaşları”nın hakimiyyətdən getməsində niyə maraqlı olmalıdır? Əvvəlcə, problemin tarixçəsinə qısa nəzər salaq. Tədqiqatçılar vurğulayırlar ki, "Müsəlman qardaşları”nın siyasi fəallığının pik nöqtəsi 2006-cu ildə olub (bax: məs., Ирина Царегородцева. Египетские «Братья-мусульмане» в конце ХХ – начале XXI вв.: история поражения накануне победы // В кн.: Хакимовские чтения «Россия и арабский мир: история и современность»: Материалы Всерос. науч.-практ. конф. Уфа: Информреклама, 2012. s.156-159). Bundan sonra onlar bir qədər kölgəyə çəkiliblər.

Lakin Hüsnü Mübarəkə qarşı etiraz aksiyaları başlayanda maraqlı situasiya yaranıb. Onu demək lazımdır ki, "Müsəlman qardaşları” əvvəlcə bir qədər gözləmə mövqeyi tutublar. Sonra H.Mübarəkin devriləcəyinə əmin olaraq ciddi şəkildə fəallaşıblar. Onlara həm də həmin dövrdə başqa mütəşəkkil siyasi qüvvənin olmaması yardım edib. Analitiklər hesab edirlər ki, bu səbəbdən ABŞ və Misir ordusu "Müsəlman qardaşları” üzərində dayanıblar.

Digər tərəfdən, Məhəmməd Mursi həmin təşkilatın əsas namizədi deyilmiş. Sadəcə, ondan öndə olan siyasətçi sıradan çıxıb. Bundan sonra Mursinin hakimiyyətə gəlməsi üçün şans yaranıb. Bəzi misirli jurnalistlər yazırlar ki, o, prezident kimi özünü yüksək səviyyədə apara bilmirdi. Məsələn, dövlət başçıları ilə görüşəndə qəfil qaşınırdı və s. (bax: Fatemah Farag. Beaten into Submission // www.foreignpolicy. com, 10 iyul 2013). Bundan başqa, onun rəhbərlik etdiyi təşkilatın üzvləri müxaliflərə qarşı amansızlıq nümayiş etdirirdilər, hətta bəzilərini binaların damından atırdılar. Ola bilsin ki, bütün bunlar həqiqətdir, lakin yenə də qanuni seçilmiş prezidenti hərbi yolla devirməyə əsas vermir.

Üstəlik, indi "Təhrir”də baş verən zorakılıqlar çox dəhşətlidir. Orada onlarla insanın həlak olduğu, yaralandığı və hətta 150-dən çox qadının zorlandığı haqqında informasiyalar yayılır. Belə çıxır ki, Misirdə çevrilişdən sonra siyasi mübarizə üsullarında heç bir dəyişiklik yoxdur. Reallıqda bir zorakılığı digəri əvəz edib. Məhz buna görə, hazırda həmin ölkədə baş verənlər daha çox hərbi çevrilişə, hakimiyyətə qanunsuz yiyələnmək prosesinə bənzəyir.

Bəs belə olan təqdirdə, nəyə görə hətta dünyanın ən qüdrətli dövləti antidemokratik qüvvələri dəstəkləyir? Qlobal miqyasda bu, ümumiyyətlə, müasir geosiyasətin böhranını ifadə edir. Dünyanın müxtəlif regionlarında baş verən hadisələrə Qərbin münasibəti göstərir ki, bir sıra hallarda ikili standart tətbiq olunur. Məsələn, Cənubi Qafqazda münaqişələrin həllində bunu görürük. Ermənistan açıqca Azərbaycan torpaqlarını işğal edib və təcavüzkarlığından əl çəkmir. Lakin başda ABŞ olmaqla Qərb dövlətləri hələ də rəsmi İrəvana qəti şəkildə təsir göstərməyib.

Hazırda Misirdə baş verənlərə Qərbin münasibətinə ikili standartın növbəti nümunəsi kimi baxa bilərik. Real demokratiya tərəfdarı olan hər bir dövlət qanuni yolla seçilmiş M.Mursinin ordu tərəfindən devrilməsini qınamalıdır. Eyni zamanda, Amerika kimi güclü dövlət yalnız sözdə deyil, konkret fəaliyyətdə çevrilişə qarşı hərəkət etməlidir. Təəssüf ki, hələlik Vaşinqton tərəfindən belə bir addımın atıldığı müşahidə edilmir. Məsələnin daha düşündürücü tərəfi ondan ibarətdir ki, hərbi çevriliş "domino effekti” kimi əksər Yaxın Şərq ölkəsinə yayıla bilər. Misir ordusuna haqq qazandıranların həmin prosesin qarşısını almağa mənəvi və hüquqi əsası olmayacaq. Bu da beynəlxalq münasibətlər sisteminin daha dərin böhrana sürüklənməsi anlamına gələcək.

Bütün bunlar onu təsdiq edir ki, Qərbin, ilk növbədə ABŞ-ın ehtiyatlandığı başqa geosiyasi məqamlar mövcuddur. Məsələ ondan ibarətdir ki, İslamın siyasiləşməsi prosesindən bəzi dairələr çox narahatdırlar. "Müsəlman qardaşları” hərəkatının keçən əsrin 20-30-cu illərində yaranmasına baxmayaraq, yalnız cəmi 25 il əvvəldən açıq siyasi fəaliyyət göstərə bilib. Onlar uzun sürən mübarizədən sonra İslami ideyalara dayanan təşkilat qismində Misirin siyasi mühitində özlərinə yer tuta biliblər. XXI əsrin əvvəllərindən digər dini qruplar da eyni qayda ilə siyasi fəaliyyətlərini gücləndiriblər. Nəticədə, müsəlman dövlətlərində Qərbin demokratik ideyaları ilə İslamın əsas qaydalarının sintezini yarada bilən bir neçə partiya (və ya ictimai hərəkat) meydana gəlmişdir. Əgər bu proses yüksələn sürətlə davam etsə, yaxın perspektivdə Qərbdə formalaşmış və qabaqcıl sayılan siyasi-ideoloji modellərə ciddi alternativlər yetişəcək. Vaşinqton böyük mənada məhz bu tendensiyadan narahatdır. Odur ki, həmin prosesin qarşısı alınmalı və ya sadə insanların gözündən salınmalıdır.

İndi Misirdə adi kəndli və təhsilli şəhərli "Müsəlman qardaşları”nın ölkənin siyasi həyatında müsbət rol oynaya biləcəyinə şübhə ilə yanaşırlar. Onlar bir il müddətində M.Mursinin ciddi islahatlar həyata keçirə bilməməsini yaddaşlarda saxlayırlar. Ancaq reallıqda Mursinin nəzərdə tutduqlarının həyata keçirilməsi qarşısına həm Misir daxilində, həm də kənarda böyük əngəllər çıxarırdılar.

Bu gün çevriliş tərəfdarlarına milyardlarla dollar xərcləyən Körfəz ölkələrinə "Müsəlman qardaşları” dəfələrlə müraciət etsə də, yardım əli uzatmadılar. Əksinə, M.Mursinin Tehrana səfərini qəzəblə qarşıladılar. Onlar regionda sünni-şiə qarşıdurmasının aradan qaldırılmasında maraqlı olmadıqlarını nümayiş etdirdilər. Bütün bunları okeanın o tayından aldıqları əmrlər əsasında yerinə yetirdilər.

ABŞ-ı ehtiyatlandıran başqa bir məqam müsəlman dövlətlərinin bir çoxunun sürətli inkişaf modeli tapması ilə bağlıdır. Sirr deyil ki, əsasən iqtisadi tərəqqiyə nail olan və güclü dövlətçiliyə sahib müsəlman dövlətlərində daxili çaxnaşmalar yaradılır. Bu prosesin getdikcə genişləndirilməsi təhlükəsi mövcuddur. Analitiklərin qənaətinə görə, burada İsrailin də geosiyasi maraqları rol oynaya bilər. Belə ki, Təl-Əviv Yaxın Şərqin müsəlman dövlətlərində sabitsizliyin hökm sürməsi ilə özünə qarşı təhdidləri xeyli azaltdığını güman edir. Digər tərəfdən, bu üsulla İranın İslam ölkələri ilə ittifaq yarada bilməsinə maneçilik törədilir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Yaxın Şərqdə baş verən münaqişələr müsəlmanlar arasındakı məzhəb intriqasını daha da dərinləşdirir. Artıq Suriya, Livan, İraq və son olaraq Misirdə məhz həmin aspektdə ziddiyyətlər dərinləşməkdədir. Belə şəraitdə İslam ölkələrinin əməkdaşlıq perspektivləri çox azdır. Düşündürcüdür ki, məzhəb savaşı səngimir, əksinə, yeni-yeni müsəlman cəmiyyətlərini əhatə edir. Burada narahatlıq doğuran bir məqam da bəzi müsəlman dövlətlərin həmin prosesi alovlandırmasından ibarətdir.

Nəhayət, maliyyə-iqtisadi böhran içində olan Qərb dövlətlərinin dünyadakı aparıcı mövqelərinin əldən çıxa bilməsindən ehtiyatlanmalarını vurğulamaq gərəkdir. Demoqrafik, sosial, iqtisadi və mədəni sahələrdə Avropa sivilizasiyası ciddi problemlər içindədir. Həmin prosesi dayandırmaq üçün inkişaf perspektivi daha çox olan ölkələri xaosa düçar etmək siyasətinin yeridildiyi duyulur. Müasir elmdə bunu həyata keçirməyə imkan verən kifayət qədər metodlar mövcuddur. Geosiyasətdə başqa dövlətlərdə yaradılan xaosdan istifadə edərək öz daxilində nizamlılığa nail olmağın fəlsəfəsi vardır.

Qərbin müsəlman dövlətlərə qarşı belə məqsədlərinin olduğu bir şəraitdə Yaxın Şərqin bəzi ölkələrinin yeritdikləri regional siyasət çoxlu suallar yaradır. O cümlədən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt hansı səbəblərdən öz müsəlman-ərəb qardaşlarının vətənlərində hərbi çevrilişin baş verməsində maraqlıdırlar?

Regional liderlik uğrunda savaşın amansızlığı

Hazırda Səudiyyə Ərəbistanı və Qətər Yaxın Şərqin lider dövləti olmağa çalışırlar. Bunun üçün külli miqdarda maliyyə xərcləməkdən çəkinmirlər. Ər-Riyad sələfiliyin vətənidir. Misirdəki "Əl-Nur” partiyası da bu ideologiyanın daşıyıcısıdır. "Müsəlman qardaşları”nın tərkibində sələfiliyə meylli kadrların olmasına baxmayaraq, tamamilə həmin ideologiyaya tabe deyil. Digər tərəfdən, "Müsəlman qardaşları” daxilində 2004-cü ildən mühafizəkarlarla modernistlər arasında mübarizə gedirdi. Bu savaşda mühafizəkarlar qalib gəlsələr də, yenilikçilər kölgəyə çəkilmədilər. Nəticədə, hərəkatda fikir ayrılığı qaldı. Bu da sələfiliyin həmin təşkilatda dominant rol oynamaq imkanlarını minimuma endirdi.

M.Mursi hakimiyyətə gələndən sonra Ər-Riyadın göstərişlərini yerinə yetirmədi. Əvəzində, ona müttəfiq olan qruplar Qətərdən ciddi maliyyə dəstəyi aldı. Beləliklə, Səudiyyə Ərəbistanı "Müsəlman qardaşları”ndan narazı idi. Onu da nəzərə almaq lazımdır ki, Misirdə hərbi çevrilişlə hakimiyyəti dəyişmək müsəlmanlar arasında siyasi müstəvidə ziddiyyətləri dərinləşdirmək deməkdir. Düşündürücüsü odur ki, üç ərəb dövləti bu təhlükəni göz önünə alaraq hakimiyyətə qanunsuz yiyələnənlərə yardım edir. Faktiki olaraq, bununla ərəb cəmiyyətlərinə siyasi nifaq salınır. Burada əsas faktorun Səudiyyə Ərəbistanı, Küveyt və Ərəb Əmirliklərinin öz hakimiyyətlərini qorumaq istəyindən ibarət olduğu fikri vardır.

Məsələ ondan ibarətdir ki, Misirdə qanuni seçki yolu ilə "Müsəlman qardaşları”nın hakimiyyətə gəlməsi digər ərəb dövlətlərində də oxşar proseslərin başlamasını stimullaşdıra bilər. Bu da tayfa-nəsil psixologiyasına və monarxiya idarə üsuluna dayanan Səudiyyə Ərəbistanı kimi ölkələrdə iqtidarlar üçün problemlərin yaradılması deməkdir. Həmin məqamın Ər-Riyadın Misir siyasətinə ciddi təsir göstərdiyini inkar etmək çətindir. Buradan okeanın o tayında özünə dayaq axtarmaq meylinin də bir sıra incəlikləri aydın olur.

Problemin başqa aspekti regional liderliyə iddialı digər dövlətlərin də mövcudluğu ilə bağlıdır. Biz İsrail, Türkiyə və İranı nəzərdə tuturuq. İsraildən fərqli olaraq, Türkiyə və İranı ərəb ölkələri içərisində dəstəkləyənlər vardır. Türkiyənin sünni icmalarla, İranın isə şiələrlə əlaqələri güclüdür. Lakin Misirdə baş verən hadisələr kontekstində Türkiyə və İran eyni mövqe tutdular – onlar məzhəb amilinə görə hərəkət etmədilər. Ankara və Tehran İslam dünyasının siyasi-ideoloji müstəvidə parçalanmasının mümkün fəlakətli nəticələrini nəzərə alaraq Mursinin devrilməsini pislədilər. Bunun fonunda Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri və Küveytin atdığı addımlar çox düşündürücüdür.

Bu təhlili müqayisələr onu göstərir ki, Misirdə baş verənlər son həddə İslam aləminin birliyi məsələsi ilə sıx bağlıdır. Məsələ sadəcə bir Yaxın Şərq ölkəsində hərbi çevrilişin baş tutmasında deyil, əsas odur ki, bu hadisə bütövlükdə müsəlman dünyasında ciddi siyasi kataklizmlərə yol aça bilər. Ərəb dövlətləri üçün isə yalnız seçki vasitəsi ilə hakimiyyətə gəlmək ənənəsinin başlanğıcda iflasa uğraması deməkdir.

Bütün bunlar Misir hadisələrinin ölkəni daxildən və xaricdən qaynaqlanan problemlərlə üz-üzə qoyduğunu göstərir. Proseslərin miqyası bütövlükdə Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklərlə əlaqədar olduğuna görə, bundan sonra hansı tendensiyaların meydana çıxa biləcəyi məsələsi maraq doğurur. Şübhəsiz ki, həmin kontekstdə Misirdə siyasi proseslərin hansı ssenari üzrə gedəcəyinin həlledici rolu olacaqdır. Analitiklərin proqnozuna görə, məsələnin bu aspekti də hələlik tam məlum deyil. Ümumilikdə Misirdə hadisələrin 6 ssenari üzrə inkişaf edə biləcəyini proqnozlaşdırırlar (bax: Abdullah Aydoğan Kalabalık. Mursi'nin Bir Yılı ve Güç Mücadelesi // www.setav.org, 2 iyul 2013).

Yeni mərhələnin "yol xəritəsi”

Hələlik bütün tərəflərin qəbul etdiyi konkret bir ssenari yoxdur. Mümkün ssenarilərdən biri milli barış hökumətinin qurulmasıdır. Bunun üçün prezident yanında şura yaradıla bilər. Ora əl-Baradeyi, Hamdin Sabbahi və Amr Musa kimi liderlər daxil ola bilər. Onlar Milli Qurtuluş Cəbhəsini təmsil edirlər. Lakin belə bir variantda İslami hərəkat təmsilçiləri ilə də razılıq əldə olunmalıdır. Bu isə çətin həyata keçirilə bilən məsələdir. Çünki dini hərəkata daxil olan qruplar müxtəlif siyasi dairələr və xarici ölkələrlə əlaqəlidirlər.

İkinci ssenari Konstitusiya Məhkəməsi sədrinin texnokrat bir hökumət qurmasıdır. Hazırda baş nazir bu məsələ üzərində çalışır. Onun həyata keçib-keçməyəcəyi məlum deyil. "Təmərrüd” (Üsyan) hərəkatının və "Nur” partiyasının belə bir hökumətin qurulmasında iştirakçı olmaqdan imtina etdiyi haqqında informasiyalar yayılıb.

Digər ssenari "Müsəlman qardaşları”nın prezidentlikdən əl çəkib, hökuməti təşkil etməsi ilə əlaqəlidir. Ancaq bunun üçün 100 minlərlə insanın qoşulduğu etiraz aksiyaları təşkil etmək lazımdır. Ordunun son günlər dinc insanlarla davranışı onu göstərir ki, bunun baş tutması çox çətindir.

"Müsəlman qardaşları”nın sələfi hərəkatları ilə ittifaqa girərək ortaq müqavimət yaratmasına maraqlı variant kimi baxırlar. Onun reallaşması ehtimalı olsa da, xarici təsirlərin nəticəsində iflasa uğramasını da istisna etmirlər. Məsələ ondan ibarətdir ki, sələfi hərəkatları eyni mərkəzdən idarə olunmurlar. Bununla yanaşı, Səudiyyə Ərəbistanı "Müsəlman qardaşları”na dəstək vermir.

Beşinci ssenari daha az ehtimal edilir. Bu, Məhəmməd Mursinin erkən seçim qərarı alması və həmin müddətdə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqəlidir. Cəmiyyətin əksər hissəsinin artıq prezidentin dəyişdiyinə inanması bu ssenarinin reallaşma imkanlarını məhdudlaşdırır.

Nəhayət, ən qorxulu hesab edilən ssenari silahlı toqquşmaların başlaması mümkünlüyü ilə əlaqəlidir. Bu halda Misir Əlcəzair və ya Əfqanıstanın vəziyyətinə düşə bilər. Artıq bəzi Qərb analitikləri belə bir təhlükənin mövcudluğundan yazırlar (bax: Алвароде Васконселос. Недопустит повторения в Египте Алжирских событий // www.project-syndicate.org, 6 iyul 2013). Vətəndaş müharibəsi bataqlığına düşmüş Misirin xilası çox çətin olardı. Eyni zamanda, həmin prosesin bütövlükdə regionu əhatə etməsi ehtimalı yüksəlmiş olur. İlk növbədə Suriya və Livanda analoji proseslər şiddətlənə bilər.

Bütün bunlar Misirdə siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyinin məlum olmadığını göstərir. Bunun səbəbləri yalnız ölkənin daxili vəziyyəti ilə bağlı deyil. Daha çox xarici təsirlərin mövcudluğu narahatlıq doğurur. Hiss edilir ki, rəsmi Vaşinqton Misirdəki hadisələri xüsusi diqqətlə izləyir və tez-tez ora müdaxilə edir. Digər böyük dövlətlərin də sadəcə seyrçi qalacağını demək çətindir. Yaxın Şərqi böyük "siyasi silkələnmələr” uzun müddətə qarışıqlığa sürükləyə bilər. Region indidən xaosun astanasındadır.

Newtimes.az

 





19.07.2013    çap et  çap et