525.Az

Yaponiyada Azərbaycanın biznes mühiti diqqət mərkəzindədir - Foto


 

Yaponiyada Azərbaycanın biznes mühiti diqqət mərkəzindədir - <b style="color:red">Foto </b>

Yaponiyanın cənubunda yerləşən Kaqoşima prefekturasının Amami adalarında Yaponiyanın 2000-dən çox biznes adamını özündə cəmləşdirən “Sərhədləri Ötənlər Klubu”nun (Cross Border Club) yaradılmasının 5 illiyinə həsr edilmiş seminar təşkil edilib.

Tədbirdə ən əsas diqqət Yaponiya və Azərbaycan mədəni əlaqələri, eyni zamanda hər iki ölkənin regionları arasında olan potensial biznes imkanlarına yönəldilib.

Ölkəmizi tədbirdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov təmsil edib.

Tədbirdə Ə.Məmmədov Azərbaycan və Yaponiyanın potensial biznes imkanlarından danışıb. O qeyd edib ki, Azərbaycanda Yaponiyanı sevən, ona hörmət edən insanların çoxluğuna baxmayaraq, Yaponiya və Azərbaycan arasında olan iqtisadi əlaqələr hələ arzuolunan səviyyədə deyil: “Əlbəttə, son illərdə olan inkişaf gözə çarpır. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr ən yüksələn xəttlə davam etdirilir. Amma bizim ölkələrimiz arasında olan potensial əməkdaşlıq daha böyük imkanlardan xəbər verir. Hələ çox işlər görülməlidir. Yaponiyada yaşayan hər bir yaponun Azərbaycan adını eşidəndə üzündə təbəssüm yarananadək bu işlər davam etdirilməlidir”.

Həmyerlimiz bildirib ki, Yaponiyada Azərbaycanı tanıyanlar, ölkəmizdə işləmək istəyən, buranın insanları ilə dost olmaq arzusunda olan yaponların sayı günü-gündən artmaqdadır: “Buna səbəb çoxdur. Amma ən əsas səbəb ölkəmizin dünyada və Yaponiyada doğru və məqsədyönlü təbliğatıdır. Ən sevindirici hal isə ondan ibarətdir ki, artıq azərbaycanlıların olmadığı yerlərdə belə yaponlar özləri müstəqil olaraq Azərbaycanın tanıtımı üçün seminar və tədbirlər təşkil edirlər”.

Ə.Məmmədov onu da qeyd edib ki, Yaponiya və Azərbaycan arasında əlaqələri sistemli və daha nəticəyə hesablanmış şəkildə davam etdirməyə ehtiyac var: “Bunun üçün həm siyasi, həm mədəni, həm təhsil, həm də biznes sahəsində bu əlaqələri sistemli və ardıcıl şəkildə görməyə ehtiyac var”.

“Özündə 200 nəfər yaponiyalı biznesmeni cəmləşdirən Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası olaraq bu işlərdə öz üzərimizə düşən işi var gücümüzlə davam etdirəcəyik. Yaponiyada bundan sonra da sönməz Azərbaycan alovu, durmaz Azərbaycan küləyi əsəcək”, - deyə həmyerlimiz bildirib.

Daha sonra tədbir barədə “525”ə açıqlamasında Ə.Məmmədov bildirib ki, “Sərhədləri Ötənlər Klubu”nun geridə qalan 5 illik fəaliyyəti müddətində əsas diqqət mərkəzində olan ölkə Azərbaycan olub: “Bu işdə sözü gedən klubun rəhbəri İşida Kazuyasunun xidmətləri danılmazdır. Onun rəhbərliyi altında bugünədək Azərbaycana 800-dən çox yaponiyalı biznesmen təşrif buyurub. 2014-cü və 2017-ci illərdə iki dəfə Bakıda Yaponiya məhsullarının sərgisi (Japan EXPO) keçirilib. Azərbaycanda Yaponiya məhsulları və mədəniyyəti təbliğ olunub. Eyni zamanda, İ. Kazuyasu yapon dilində 2014-cü ildə qələmə aldığı “Yaponların tanımadığı Azərbaycan” adlı kitabı ilə yerli insanlara Azərbaycanın mədəniyyəti, iqisadiyyatı ilə bağlı ətraflı məlumat verib. Onun kitabında ən əhəmiyyətli hissə ümummilli lider Heydər Əliyevin xidmətlərinə həsr edilmiş hissə olub. O, eyni zamanda dəfələrlə Yaponiyada Azərbaycanla bağlı geniş seminarlar təşkil edib və indi də bu istiqamətdə fəaliyyətini davam etdirir”.

Həmyerimizin sözlərinə görə, İ.Kazuyasunun fəaliyyəti hər zaman Azərbaycanın biznes və siyasi dairələrinin marağında olub: “O, hər zaman Azərbaycanda böyük hörmət və sevgi ilə qarşılandığını qeyd edir”. 

C.ABASOV

 





05.07.2018    çap et  çap et