525.Az

Rusiyalı siyasətçilərin Cocuq Mərcanlı səfəri erməniləri hiddətləndirib


 

"ERMƏNİLƏRİ BU REGİONA RUSLAR GƏTİRİB, İNDİ DƏ YOLA SALSINLAR"

Rusiyalı siyasətçilərin Cocuq Mərcanlı səfəri erməniləri hiddətləndirib<b style="color:red"></b>

Rusiyalı siyasətçilərin Cəbrayılın işğaldan tam azad olunmuş Cocuq Mərcanlı kəndinə reallaşdırdığı səfər erməniləri hiddətləndirib.

Düşmənlərimiz işğal etdikləri Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan edən Rusiya Dövlət Dumasının deputatına hücumlara başlayıblar.

APA-nın verdiyi məlumata görə, "Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S.Baqdasarov D.Savelyevi partiyadan qovmağa çağırıb: "Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir. Heç olmasa, bu deputatın məsələsini həll edin. Mən ümid edirəm ki, Vladimir Volfoviç bu məsələni həll edəcək".

V.Jirinovski isə cavabında S.Baqdasaryanın dedikləri ilə razı olduğunu söyləyib.

Verilişin müəllifi və aparıcısı, Ermənistanın fəxri vətəndaşı Vladimir Solovyov erməni ekspertə dəstək nümayiş etdirib. O, başını bulayaraq bunları deyib: "Deputat Savelyev Ermənistanın deyil, Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu bəyan edib. Qarabağ və dağlıq ərazilərin Azərbaycana verilməsini tələb edib və bunun yeganə düzgün qərar olduğunu söyləyib".

Hədələrə münasibət bildirən Rusiya Dövlət Dumasının deputatı D.Savelyev proqramda səslənən fikirləri sayıqlama adlandırıb: "Belə sayıqlamaları şərh etməyi gərəksiz hesab edirəm". 

"Ayrı vaxt Jirinovski nərildəyir, Baqdasaryanın qarşısında isə dovşana dönmüşdü" 

Mövzu ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Cocuq Mərcanlıya səfər edən rusiyalı deputat Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyasının üzvüdür: "Jirinovski proqramda deputatını müdafə etməkdənsə, Baqdasarovun "məhv edilməlidir" sərsəmləməsinə "razıyam" cavabını verib. Ayrı vaxt Jirinovski nərildəyir, Baqdasaryanın qarşısında isə dovşana dönmüşdü".

Politoloq bildirib ki, proqramın aparıcısı deputatı ölümə səsləyən ekspertini qanuna hörmət etməsini tələb etmək əvəzinə Baqdasarova dəstək verib: "O deyib ki, "necə olub ki, rusiyalı deputat Ermənistanı deyil, Azərbaycanı Rusiyanın müttəfiqi adlandırıb".

Mərkəz sədri Cocuq Mərcanlıya gəlib "Dağlıq Qarabağ Azərbaycanındır" deyən rusiyalı deputat Dmitri Savelyevi də anlamadığını deyib: "APA agentliyinin Moskvadakı əməkdaşı Fərid Əkbərov proqramda səslənən ölüm ittihamıyla bağlı Savelyevin reaksiyasını soruşub, verdiyi cavaba baxın: "Belə sayıqlamaları şərh etməyi gərəksiz hesab edirəm". Sənə qarşı ittihamı bir nəfər səsləndirməyib, partiya lideri də erməni ekspertə dəstək verib. Halbuki Savelyev APA-nın sualına cavab olaraq deməliydi ki, "mən öz fikrimdə qalıram, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir". Bu ifadəni Azərbaycanda demək böyük qoçaqlıq tələb etmir, əsl qoçaqlıq bu ifadəni Moskvada, o cümlədən, Dövlət Dumasının tribunasında və koridorlarında təkrarlamaqdır". 

"Cocuq Mərcanlıda Azərbaycan-Rusiya konfransının təşkil olunmasına dair son təşəbbüs qarşı tərəfdən gəlib" 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, rusiyalı siyasitəçilərin Cocuq Mərcanlıya səfəri mühüm hadisədir: "20-ci əsrdən başlayaraq ermənilər Rusiyaya kürəklərini dayayıblar. Hazırda onlar paralel olaraq ABŞ-la yaxınlıq etməyə çalışsalar da, həmişə Rusiya amilindən istifadə edərək, Amerikadan öz maraqlarına uyğun nəsə əldə etmək istəyirlər. Bu mənada, Azərbaycan dövlətinin diplomatiya sahəsində gördüyü iş ermənilərin əsl mahiyyətini ruslara tanıdıb".

M.Əhmədoğlu qeyd edib ki, rusiyalı siyasətçilərin Cocuq Mərcanlıya səfəri ciddi rezonans yaradıb: "Rusiya mətbuatında bu səfərlə bağlı xeyli sayda xəbərlər gedib və bundan sonra da Dmitri Savelyev, Maksim Şevçenko kimi siyasətçilər, ictimai-siyasi eskeprtlər erməniləri Rusiya televiziyalarında söküb-dağıdacaq".

Politoloq hesab edir ki, Cocuq Mərcanlıda Azərbaycan-Rusiya konfransının təşkil olunmasına dair son təşəbbüs qarşı tərəfdən gəlib: "Çünki rusiyalı deputatları qıcıqlandıran ermənilərin Dövlət Dumasının sədri Vyaçeslav Volodini söyməsi olub. Volodin bu yaxınlarda Bakıda səfərdə olanda Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin həmişə konstruktiv olduğunu bildirmişdi. Bu açıqlama ermənilərdə acıq yaratmışdı. Onlar Duma sədrindən Ermənistanın mövqeyini müdafiə etməyi gözləyirdi. Ona görə də, Volodinə qarşı ermənilər sosial şəbəkələrdə hücuma keçdilər. Bu səbəbdən Rusiya Dövlət Dumasının sədrinin komandası deputat və ekspertlərdən ibarət qrup yaradıb Cocuq Mərcanlıya gələrək, belə demək mümkündürsə, ermənilərin təhqirlərinə adekvat cavab veriblər. Yəni rusiyalı siyasətçilər bəyan edibər ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycana qaytarılmalıdır". 

"Rusiyalı siyasətçilər Zəngəzurun Azərbaycana qaytarılması məsələsini gündəmə gətirməlidirlər" 

"Rusiya üçün Cənubi Qafqazda ən vacib dövlət Azərbaycandır. Çünki rəsmi Moskva hazırda Yaxın Şərq istiqamətində siyasət aparır. Kremlin bu istiqamətdəki siyasəti Moskvanın Ankara və Tehranla münasibətlərindən asılıdır. Rusiyanın İran və Türkiyə ilə əlaqələrinin keyfiyyəti isə ancaq Azərbaycanla münasibətlərdən asılıdır. Əgər Moskvanın Bakı ilə münasibətləri pis olacaqsa, bu gün İranda kimlərinsə hansısa mövqedən çıxış etməsinə baxmayaraq, gec-tez cənub qonşumuzla da Rusiya arasında soyuqluq yaranacaq. Yəni əgər Azərbaycan Rusiyanın Yaxın Şərq siyasətini dəstəkləməsə, bir müddətdən sonra Türkiyə də, İran da bu siyasətə qarşı çevriləcək. Amma Azərbaycan-Türkiyə-İran formatına Rusiyanı da əlavə etsək, burada 10-a yaxın variantda proses gedə bilər. Bu proseslərin hamısının müsbət sonluqda yekunlaşmasının bir qaydası var: rus ekspertləri təkcə deməməlidir ki, Dağlıq Qarabağ Azərbaycana qayıtsın. Onlar ən başlıca Zəngəzurun Azərbaycana qaytarılması məsələsini qabartmalıdırlar", - deyə M.Əhmədoğlu qeyd edib.

Mərkəz sədri bildirib ki, Azərbaycan xalqının vaxtilə iki yerə bölündüyü kimi, müasir Azərbaycan Respublikası da iki yerə parçalanıb: "Yəni Naxçıvanı Azərbaycandan ayırıblar. Bunu Stalinin dövründə Sovet Rusiyası bilərəkdən edib. Əsas məqsəd Azərbaycanı zəiflətmək və Türkiyədən ayırmaq olub. Nəticədə, bu gün Naxçıvana quru yolla getmək üçün digər dövlətlərdən asılı vəziyyətə düşmüşük".

M.Əhmədoğlunun sözlərinə görə, əgər həqiqətən də rusiyalı siyasətçilər Azərbaycana qarşı səmimi münasibətdədirlərsə, ilk növbədə çalışmalıdırlar ki, ölkəmizin bütövlüyü təmin olunsun: "Yəni Zəngəzur Azərbaycana qaytarılmalıdır. Bu ərazilər tarixən bizə məxsus olub. Ümumiyyətlə, ermənilərin bizim regiona aidiyyatı yoxdur. Bu torpaqlardan çıxıb-gedib Yaxın Şərqdə öz dövlətlərini qursunlar. Onları bura ruslar gətirib, indi də yola salsınlar".

Qeyd edək ki, bir müddət öncə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinə "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilib.

Konfransda Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko, hərbi ekspert İqor Korotçenko və başqaları iştirak ediblər.

Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev Cocuq Mərcanlıda bildirib ki, Dağlıq Qarabağ və ətraf 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya bu münaqişənin həllində maraqlıdır: "Məhz Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna görə Ermənistan ölkəni dərin iqtisadi böhrana salan blokadadadır. Ancaq təəssüf ki, hələlik Ermənistan hakimiyyəti bunu başa düşmür".

Onun sözlərinə görə, Rusiya Ermənistan hökümətinin dəyişkən siyasətini görür və məyusdur. Eyni zamanda, Bakını isə Moskva etibarlı tərəfdaş kimi görür: “Biz Azərbaycanda yaxın tərəfdaş kimi əminik. Buna görə də biz milyardlarla dollarlıq silah satırıq, çünki bilirik ki, bu silahlar Rusiyaya tərəf heç vaxt dönməyəcək və hər iki dövlətin mənafelərinə xidmət edəcək".

D.Savelyev Azərbaycanın Rusiya ilə bir çox region ölkəsi arasında vasitəçi olduğunu vurğulayıb.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin isə qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir: "Bu, Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır. Lakin bu prosesə iki ölkənin ictimai xadimləri cəlb olunmamışdı, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var".

Onun sözlərinə görə, Rusiya və Azərbaycan xalqları ittifaqı - bütövdür, həqiqidir: "Biz Azərbaycanın sülh şəraitində yaşamaq hüququ ilə həmrəyliyimizi ifadə etmək istəyirik. Azərbaycan Qafqazda Rusiyanın yeganə və əsas müttəfiqidir".

A.Duqin qeyd edib ki, Rusiyanın strateji planlarında Azərbaycanın rolu artmaqdadır, ölkələr arasında bir sıra məsələlər üzrə ortaq mövqelər yaranıb.

O, suverenliyə və milli mənsubluğa hörmətlə yanaşmağın vacib olduğunu vurğulayıb: "Rusiya üçün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Eyni mövqedən dünya ictimaiyyəti də çıxış edir. Bu, bütün hüquqi dünyanın konsensusudur".

A.Duqin qeyd edib: "Beş rayonun qaytarılması danışıqlar prosesinin bərpası üçün yeganə alternativ həlldir. Tərəflər razılığa yaxın olublar. Azərbaycanı güzəştə getməyə hazır idi. Bu razılaşmalara əməl edilməlidir, bu, Rusiyanın, Rusiya prezidentinin mövqeyidir".

Rusiya Dövlət Dumasının deputatı, "Vahid Rusiya" partiyasının üzvü Aleksey Yebuzov bildirib ki, Azərbaycan və Rusiya - özlərini təmin edən dövlətlərdir və buna əsaslanaraq onlar öz münasibətlərini qururlar: "Rusiyanın Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalır, biz münaqişənin tezliklə həllinə ümid edirik".

Ceyhun ABASOV

 





05.07.2018    çap et  çap et