525.Az

“Azərbaycan tolerantlıq və multikulturalizm məkanı kimi dünyaya nümunədir”


 

QUBADA “MƏDƏNİYYƏTLƏRARASI ƏLAQƏLƏRİN İNKİŞAFINDA AZƏRBAYCAN TƏCRÜBƏSİ” MÖVZUSUNDA ELMİ-TƏCRÜBİ KONFRANS TƏŞKİL EDİLİB

“Azərbaycan tolerantlıq və multikulturalizm məkanı kimi dünyaya nümunədir”<b style="color:red"></b>

İyulun 17-18-də Qubada “Mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcrübəsi” mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirilib. Konfransa Azərbaycan, Rusiya, İsrail və ABŞ-dan olan dövlət və ictimai xadimlər, diplomatlar, respublikadakı 17 azsaylı xalqın nümayəndələri, milli-mədəni icma nümayəndələrinin, məşhur etnoqraf, filosof, antropoloq, kulturoloq, sosioloqları və mədəniyyət xadimləri qatılıblar. Konfrans “STMEGİ” xeyriyyə fondunun təşkilatçılığı ilə, Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin, Quba RİH-nin, Rusiya Elmlər Akademiyasının, Rusiya Fəlsəfi Cəmiyyətinin, Ariel Universitetinin iştirakı ilə təşkil olunub. Konfansın əsas məqsədi ayrı-ayrı xalqlar arasındakı dostluq əlaqələrinin, mədəni münasibətlərin daha da möhkəmləndirilməsi olub.

Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbiri açıq elan etdikdən sonra deputatlar Vahid Əhmədov və Yevda Abramov çıxış ediblər. Onlar keçirilən konfransın ölkə üçün əhəmiyyətindən danışıblar. V.Əhmədov Qubaya gələn qonaqların hər zaman burdakı tolerantlığa, yəhudi və ləzgi icmalarının mehriban şəkildə yaşamasına heyrət etdiklərini bildirib. Y.Abramov isə vurğulayıb ki, Azərbaycanda Heydər Əliyevin qoruyub saxladığı tolerantlıq mühitini, dini və milli dözümlülük xəttini bu gün Prezident İlham Əliyev və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uğurla qoruyur və davam etdirirlər.

İsrail diplomatı Ronen Kraus Azərbaycanın milli azlıqlara münasibətdə götürdüyü siyasi kursu yüksək qiymətləndirib. “Bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün layiqli nümunədir” – deyən R.Kraus bilirib ki, yəhudilər artıq 2 min ildən bəri Azərbaycan cəmiyyətinin bir hissəsidir və burada azad yaşayırlar. Azərbaycan dünyada antisemitizmin heç bir zaman mövcud olmadığı yeganə ölkədir”, – deyə R.Kraus vurğulayıb. O, respublikada yaşayan yəhudilərə göstərilən xoş münasibətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin “Rusiya-Azərbaycan tarixi dialoq” seriyasının məsul redaktoru, konfransın təşkilat komitəsinin üzvü Sergey Vanşteyn çıxışı zamanı bildirib ki, tədbirin gedişində Heydər Əliyevin ölkənin birləşdirilməsində rolu, azsaylı xalqların milli və mədəni ənənələrinin qorunması və inkişafı istiqamətində Azərbaycanın siyasəti və tolerantlıq kimi məsələlərə baxılacaq. Onun sözlərinə görə, qloballaşma şəraitində multikulturalizm problemləri həmçinin stabilləşmədən modernləşməyə keçidin əsas mərhələləri müzakirə olunan məsələlər arasında yer alacaq.

“Müasir Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatıdır. Çoxmilllətli və çoxfunksiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır”.- bunu konfransda çıxış edən Rusiya və Avro-Asiya yəhudi konqresinin vitse-prezidenti, “STMEGİ” fondunun prezidenti Sergey Zaxaryayev deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar müxtəlif hüquqların müdafiəsi sahəsi üzrə normativləri müəyyən edən müxtəlif aktlar, konvensiyalar, hüquqi sənədlər qəbul edir. Ancaq Azərbaycan milli və dini azlıqların müdafiəsi sahəsində artıq öz normativlərini hazırlayıb. Zaxaryayev həmçinin əlavə edib ki, Azərbaycanda milli azlıqların hüquqları dövlətin ərazi bütövlüyü, bərabərliyin təmin edilməsi, diskriminasiyaya yol verməmək, dövlətin doğma dil, mədəniyyət və milli ənənələri saxlamaqla ölkə əhalisinin bütün qruplarını dəstəkləmək öhdəlikləri kimi prinsiplərdən çıxış edərək həyata keçirilir.

“Bu gün çoxmədəniyyətli Azərbaycan Respublikasının hüquqlarının həyata keçirilməsinin nəzəri və praktiki  baxımdan kompleks şəkildə öyrənilməsinə ehtiyac var. Düşünürəm ki, dünya ölkələri Azərbaycanın təcrübəsini öyrənməlıdir”. O əlavə edib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti bu gün ölkənin uğurlarının təməlidir. German Zaxaryayev bu tədbirin mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədi daşıdığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da konfransda məruzə ilə çıxış edib. Anar konfransın keçirilməsində əziyyəti keçənlərə təşəkkürünü bildirib. Daha sonra o, dünya elminə böyük töhfələr vermiş yəhudilər haqqında danışıb. Azərbaycanda yəhudilərə qarşı münasibətin hər zaman yüksək səviyyədə olduğunu vurğulayan xalq yazıçısı ölkədə antisemitizm meyllərinin olmadığını deyib.

AYB katibi, PEN-klubun prezidenti Çingiz Abdullayev çıxış edərək Azərbaycan tolerantlığının dünyada nümunə sayıla biləcəyini deyib. Onun dediklərinə görə, dünyada bir çox ölkələr multikulturalizmin inkişafı üçün səy göstərsələr də buna nail ola bilməyiblər: “Çox müsbət haldır ki, 25 ildir müharibə şəraitində olan bir ölkə multikulturalizm üzrə beynəlxalq konfrans keçirir”. Xalq yazıçısı Azərbaycanda antisemitizmin olmamasını çox böyük uğur və müsbət hal kimi qiymətləndirib. “Millətçilik, faşizm, irqçilik yoxdursa, antisemitizm də yoxdur. Məhz bu vaxt millətlər konkret bir dövlətdə dinc şəraitdə yaşaya bilərlər. Azərbaycanda müxtəlif millətlərin nümayəndələri yaşayırlar.Bizim dini münaqişələriin qeydə alınmadığı vahid dövlətimiz var. Yəqin ki, məhz buna görə də, bizim belə bir konfransı keçirməyə tam haqqımız çatır”.

AYB-nin sədr müavini Nazim İbrahimov da Azərbaycanın müxtəlif xalqların mədəniyyətlərinin qovşağı olduğunu vurğulayıb. O, ölkənin tolerantlıq baxımdan hər zaman seçildiyini, qədim ibadətgahların burda hələ də qorunub saxlanıldığını təsadüfi olmadığını qeyd edib. Daha sonra N.İbrahimov Quba ərazisində yaşayan dağ yəhudilərinin tarixi, onların yaşama arealı, adət ənənələri və kompakt şəkildə yaşadıqları Qırmızı qəsəbə haqqında məlumat verib.

Daha sonra tədbir alimlərin, professorların mühazirələri ilə davam edib. Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycanda yaşayan millətlərin həmrəy olmasında rolundan, ölkədəki  milli azlıqların dəyərlərinin qorunub saxlanması istiqamətində apardığı uğurlu siyasətdən danışıblar. Onlar ölkəmizin tolerantlıqda və multikulturalizmdə dünyaya nümunə göstərilən məkan olduğunu diqqətə çatdırıblar. Çıxışlarda bildirilib ki, ilk dəfə MDB məkanında bir zalda təkcə alimlər tərəfindən yox, həm də azsaylı millətlərin nümayəndələrinin iştirakı ilə aktual məsələlər üzrə müzakirələr aparılır. Tədbir iştirakçıları Azərbaycanda dini tolerantlığın bariz nümunələrindən sayılan dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə ilə də tanış olublar. Konfransın ikinci günü iştirakçılar yekun bəyanatla çıxış ediblər. Bəyanatda deyilir:

“Azərbaycan gündəlik həyatı sülh, sabitlik və qarşılıqlı anlaşma ilə yaşanan bir neçə ölkədən biridir. Qərbi Avropada, keçmiş Sovet İttifaqında, keçmiş Yuqoslaviya ölkələrində, Yaxın Şərq və Çində  müşahidə olan millətlərarası və dini münaqişələrin, artan gərginliyin fonunda  Azərbaycan öz sabitliyini qoruyub saxlayır. Konfrans iştirakçıları fikir mübadiləsi apararaq Azərbaycanın keçmişinə , tarixinə ekskursiya etdikdə mədəni və dini qrupların vahid dövlət çərçivəsində uğurlu yaşaması üçün optimal parametrləri tapdılar. Bütün bunlar özünüdərkin yüksək səviyyədə olduğunu göstərir”. Hesabatda deyilir ki, Azərbaycanda dil və dinlərin qorunması və inkişafı üçün möhkəm hüquqi baza var.

Konfrans yeni praktiki yolların öyrənilməsinə və millətlərarası münasibətlərin inkişafına,eləcə də etnik və mədəni qarşılıqlı münasibətlərin inkişafına yardım edəcək.

İki gün davam edən konfransın materialları çap olunaraq iştirakçı ölkələrdə paylanılacaq.

Pərviz SADIQOV

 





19.07.2013    çap et  çap et