525.Az

Orta məktəblərdə təmayülləşmənin tətbiqi daha da genişləndiriləcək


 

Orta məktəblərdə təmayülləşmənin tətbiqi daha da genişləndiriləcək <b style="color:red"></b>

2017-2018-ci dərs ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorundan verilən xəbərə görə, İdarənin tabeliyindəki 233 məktəbdə 454 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub. Ümumi təhsil müəssisələrinin növbəti tədris ili üçün verdiyi proqnoza əsasən, 2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfinin açılacağı planlaşdırılıb.

Məlumatda bildirilib ki, qaydalara görə, təmayül siniflərində şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" və tədris dilindən asılı olmayaraq "Xarici dil", "İkinci xarici dil", "Fiziki tərbiyə". Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyunun sonunadək başa çatdırılır.

Xatırladaq ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda təmayülləşmə dörd istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə təşkil olunur. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və Azərbaycan tarixi fənləri bütün təmayülləşmədə tədris edilir. Təmayül siniflərində digər fənlər müvafiq ixtisas qrupuna uyğun olaraq müəyyənləşdirilir. Təhsil Nazirliyinin məlumatında isə bildirilir ki, 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27 005 nəfər şagird cəlb olunub.

S.QARAYEVA

 





05.07.2018    çap et  çap et