525.Az

"SABAH-ın məzunu” mərasimi keçirildi


 

"SABAH-ın məzunu” mərasimi keçirildi <b style="color:red"></b>

Dünən Bakı Konqres Mərkəzində "SABAH-ın məzunu" mərasimi keçirilib.

Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, administrasiyanın Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, dövlət və özəl qurumların rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, media rəhbərləri, təhsil ekspertləri və tələbələr iştirak edib.

Tədbirdən öncə iştirakçılar mərkəzin foyesində "Mən SABAHAM" adlı sərgi ilə tanış olublar. Sonra SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Mərasimdə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın "SABAHın məzunu" mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciəti Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Y. Məmmədəliyev oxuyub. Müraciətdə bildirilib ki, SABAH qrupları ali təhsil müəssisələrində yeni və fərqli bir akademik mühit yaradaraq savadlı, bacarıqlı, ən əsası əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirib: "Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaq. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız. Əminliklə deyə bilərəm ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilib və bu proses indi də davam edir. Bizim əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələbələrinə cavab verən məzunlar yetişdirməkdir. "Təhsil millətin gələcəyidir" - məhz bu fikri əsas tutaraq ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit ilk növbədə sizə - gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir. Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir şübhəsiz, bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir".

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir prezident İlham Əliyevin "qara qızılın insan kapitalına çevrilməsi" konsepsiyasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini, həyata keçirilən təhsil islahatlarının məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb: "Prezidentimizin qeyd etdiyi kimi, zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Güclü Azərbaycanı müasir düşüncəli, milli ruhlu, əməksevər vətəndaşlar yaşadır və irəli aparır. Ömürboyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclərimiz bizim qızıl insan kapitalımızdır".

Nazirin dediyinə görə, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Təhsilalanların tədqiqat aparmaları, yeni informasiya texnologiyalarından istifadə etmələri və xarici dilləri öyrənmələri üçün geniş imkanlar yaradılıb. Əsas hədəf müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarını üzə çıxarmaq, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasına şərait yaratmaqdır: "Təhsilin strateji hədəflərindən biri də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsidir".

C.Bayramov qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.

Təhsil naziri qeyd edib ki, SABAH layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış bir təhsil modelidir. 4 il öncə yaradılmış SABAH qruplarının ilk nəticələri haqqında danışan təhsil naziri bildirib ki, 2017-ci ildə ali təhsil müəssisələrini bitirmiş 721 SABAH məzununun 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistratura səviyyəsində təhsilini davam etdirir, 30 faizdən çoxu isə peşəkar həyata qədəm qoyub.

Nazir qeyd edib ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. 2017-2018-ci tədris ilində isə 842 SABAH məzunu təhsilini başa vurur.

Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən təhsil naziri bu yolda hər bir SABAH məzununa uğurlar arzulayaraq onları təbrik edib.

Daha sonra SABAH-ın məzunları SABAH-ın onlar üçün yaratdığı imkanlardan, bu qruplarda müasir dünyanın tələblərinə cavab verən yüksək hazırlıqlı mütəxəssislərin yetişməsi üçün münbit şəraitin olmasından danışıb, əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını qeyd ediblər.

Mərasimdə təhsil aldıqları müddətdə ən yüksək akademik göstəricilər əldə edən SABAH məzunlarına sertifikatlar təqdim olunub, həmçinin, simvolik SABAH açarı III kurs tələbələrinə verilib.

Sonda SABAH qruplarının himni səsləndirilib.

S.QARAYEVA

 





05.07.2018    çap et  çap et