525.Az

Prezident Mingəçevirdəki qəza ilə bağlı ciddi tapşırıqlar verdi


 

"ƏLAVƏ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR Kİ, GƏLƏCƏKDƏ HƏR HANSI BİR QƏZA ÜMUMİ SİSTEMƏ TƏSİR ETMƏSİN"

Prezident Mingəçevirdəki qəza ilə bağlı ciddi tapşırıqlar verdi<b style="color:red"></b>

İyulun 2-dən 3-nə keçən gecədən başlayaraq Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə üzrə işıq sisteminin çökməsi ciddi narahatlığa səbəb olub və problemin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Prezident İlham Əliyev yaranmış vəziyyəti şəxsi nəzarətinə götürüb, Dövlət Komissiyası yaradaraq qəzanın səbəblərinin araşdırılması, günahkarların müəyyənləşdirilərək cəzalandırılmasıyla bağlı tapşırıqlar verib.

Hadisə baş verən gecə bir neçə saat ərzində ölkə üzrə işığın bərpa olunmasına nail olunsa da, ikinci dəfə eyni hal təkrarlanıb. İyulun 3-də, günortadan sonra işıq sistemi yenidən çöküb, müəyyən fasilədən sonra elektrik enerjisinin bərpası mümkün olub.

Yaranmış vəziyyətin ciddiliyini nəzərə alan dövlət başçısı İlham Əliyev iyulun 4-də ölkənin enerji sistemində baş vermiş hadisə ilə əlaqədar müşavirə keçirib.

Prezident çıxışında qeyd edib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranıb: "Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilib. Səhər mənim sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb və komissiya öz işinə başlayıb. Komissiya qarşısında bir neçə vəzifə qoyulub. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır".

Dövlət başçısı bildirib ki, iyulun 3-də axşam saatlarında enerjinin verilməsi yenidən kəsilib: "Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddət ərzində enerjinin verilməsi bərpa edilib. Qeyd etməliyəm ki, mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, biz bu vəziyyətdən şərəflə çıxa bilək. Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırılıb. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verilib, heç bir ağır hadisə baş verməyib". 

"Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur" 

Prezident vurğulayıb ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstəriblər: "Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilib. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstəriblər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur".

Dövlət başçısı tapşırıq verib ki, iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır: "Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılıb. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxıb. Bu məsələ çox ciddi suallar yaradır.

Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verilib, iqtisadiyyata böyük ziyan vurulub. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə.  Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurub. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək".

"Azərbaycan dövləti və vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunur" 

Mingəçevirdə baş vermiş qəzanın aradan qaldırılması istiqamətində prezidentin ciddi nəzarəti altında həyata keçirilən təxirəsalınmaz tədbirlər, eyni zamanda, müşavirədə səslənən fikirlər, dövlətin enerji sektorunda məsul şəxslərə tutulan iradlara münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyasında qəzanın baş verməsində günahı olan şəxslər prezidentin tapşırığı ilə cəzalanacaqlar. O, "Trend"ə bildirib ki, istənilən sahədə qəza baş verə bilər və heç kim bundan sığortalanmayıb: "Dünyanın aparıcı dövləti olan ABŞ-da il ərzində dəhşətli qəzaların baş verməsi ilə bağlı xəbərləri oxuyuruq. Həmçinin, Avropa ölkələrində bu kimi hadisələrin baş verdiyini eşidirik. Lakin nədənsə müxalifətdən olan şəxslər ən xırda hadisələri, təbii fəlakəti və ya yol qəzasını belə siyasi məqsədlər üçün istifadə etməyə çalışır".

Deputat təəssüflə qeyd edib ki, radikal müxalifətin bəzi şəxsləri ölkədə baş verən bütün hadisələr kimi Mingəçevirdə də baş verən qəzaya siyasi don geyindirmək, dövlət daxilində müəyyən çağırışlar etmək, düşünülməmiş fikirlər söyləməkdən yan keçmədilər: "Baş verənlərlə bağlı əsası olmayan fikirlər irəli sürənlərin məqsədi cəmiyyətdə dövlətə qarşı inamsızlıq yaratmaq olsa da, buna heç bir zaman nail ola bilməyəcəklər. Çünki Azərbaycan dövləti və vətəndaşlarının təhlükəsizliyi kifayət qədər dayanıqlı və yüksək səviyyədə qorunur. Bu cür iyrənc məqsədlər heç zaman reallaşmayacaq". 

"İlham Əliyev ölkə rəhbəri olduğu dövrdən indiyədək bütün məsələlərə operativ və dərhal reaksiya verib" 

Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, deputat Siyavuş Novruzov isə qeyd edib ki, ümumiyyətlə, Azərbaycan prezidenti İlham Əliyev ölkə rəhbəri olduğu dövrdən indiyədək bütün məsələlərə operativ və dərhal reaksiya verib. O, SİA-ya bildirib ki, Mingəçevir İES-də baş verən qəzanın aradan qaldırılması istiqamətində dərhal Dövlət Komissiyası yaradılıb: "Hazırda komissiya öz işini aparır. Hesab edirəm ki, Dövlət Komissiyası məsələni araşdırıb yekunlaşdırmayana qədər hansısa məsələ barəsində fikir söyləmək o qədər də düzgün olmazdı. Bəzən görürsən ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzanı biri təxribat, digəri terror, hava şəraitinin isti olması kimi qələmə verir. Düşünürəm ki, komissiya məsələləri araşdırıb lazımi məlumatları ölkə başçısına çatdırdıqdan sonra bu məsələlərə münasibət bildiriləcəkdir".

S.Novruzov əlavə edib ki, son dövrlər Azərbaycanda energetika sektorunda çox böyük işlər görülüb və xeyli sayda modul tipli stansiyalar, istilik elektrik stansiyaları tikilib: "Mingəçevir İstilik Elektrik Stansiyası da daxil olmaqla demək olar ki, digər bölgələrdə modul tipli istilik elektrik stansiyaları fəaliyyət göstərir. Doğurdan da Azərbaycanda istehsal olunan enerjinin miqdarı ölkəmizin tələbatından qat-qat artıqdır. Prezident də mütəmadi olaraq öz çıxışlarında, fikirlərində, ilin yekunlarında bu məsələyə toxunub. Biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, eləcə də digər ölkələrə enerjimizi ixrac edirik. Sadəcə olaraq bunları müasir standartlara cavab verəcək şəkildə qurmaq, bir-biri ilə əlaqələndirmək məsələsində görünür ki, hansısa problemlər yaşanıb. Azərbaycan artıq özü bu sahə ilə bağlı olan ləvazimatları istehsal edir. Xatırladım ki, hələ 2016-cı ildə prezident İlham Əliyev Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu"nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub. Eləcə də Sumqayıt şəhərində çox böyük energetika sahəsinə adi olan istehsal müəssisələri fəaliyyət göstərir. Hətta deyərdim ki, nəinki Cənubi Qafqazda, heç postsovet məkanında yüksək keyfiyyətli istehsala malik olan müəssisələr yoxdur. Yəni prezident bu sahəni çox gözəl bildiyi və hər zaman diqqət ayırdığı üçün ilk növbədə bu məsələlərə kifayət qədər vəsait ayırıb. Bir sözlə, istər qanunvericilik, istərsə də icra baxımından dövlət tərəfindən lazım olan bütün addımlar atılıb". 

"Prezident baş verən prosesləri ən incə detallarına kimi təhlil edib" 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirə mühüm əhəmiyyətə malik idi: "Prezidentin müşavirədə səsləndirdiyi fikirlər ilk növbədə Azərbaycan vətəndaşlarının mövqeyini və düşüncələrini ifadə edir".

Politoloqun sözlərinə görə, müşavirədə mövcud qəzanın bütün detallarına aydınlıq gətirilib: "Tam şəkildə aydın olub ki, ayrı-ayrı şəxslərin verdiyi müəyyən təqdimatlara rəğmən Azərbaycan prezidenti baş verən prosesləri ən incə detallarına kimi təhlil edib və bu problemdən çıxış yollarını, perspektivdə oxşar problemlərin mövcud olmaması üçün atılan addımların bütün istiqamətlərini müəyyənləşdirib. Şübhəsiz ki, dövlət başçısının da qeyd etdiyi kimi, hadisədə günahkar olan şəxslər öz layiqli cəzalarını alacaqlar. Müşavirədə hər şey açıq şəkildə ifadə olunub. Bu isə dövlətin vətəndaşlarla iç-içə olduğunu və mövcud problemlərin də vətəndaşlardan gizlədilmədiyi, əksinə, onların diqqətinə çatdırıldığını sübuta yetirir. Əslində,  bu, önəmli bir faktordur. Düşünürəm ki, problemin həlli istiqamətində atılan addımlar yaxşı nəticələrin əldə olunmasına zəmin yaradacaq. Bu fakt həm də bütün qurumların məsuliyyətlərinin dərk edilməsi üçün vacib məqamlardan birinə çevriləcək. Bütövlükdə, hesab edirəm ki, müşavirə bir çox məqamlara aydınlıq gətirib. Azərbaycan hər birimizin vətənidir, doğma evimizdir". 

"Azərbaycanın dövlət strukturları hadisəyə dərhal reaksiya veriblər" 

Deputat Aydın Mirzəzadə isə bildirib ki, elektrik enerjisinin kəsilməsi ilə bağlı məsələlər hələ də cəmiyyətin ciddi müzakirələr mövzusudur: "Yəqin ki, Mingəçevirdəki yarımstansiyadakı yanğından irəli gələrək baş verənlər sonradan da 3-4 iyul 2018-ci ildə Azərbaycanda enerji sisteminin çökməsi hadisəsi kimi dəfələrlə istinad tarixi olacaq".

A.Mirzəzadə qeyd edib ki, bu iki günün gedişatını Azərbaycanda dövlətin, cəmiyyətin sınağı hesab etmək olar: "Müşahidə göstərir ki, bu ağır və gözlənilməz sınaqdan uğurla çıxdıq. Heç bir dövlət texnogen hadisələrdən sığortalanmayıb və Azərbaycan da istisna deyil. Ancaq dövlətin gücü həmin hadisəyə hazırlığı və onun fəsadlarını tez və səmərəli halda aradan qaldıra bilməsindədir. İndiyə qədər dövlətimizin güclənməsi istiqamətində görülən işlər bu hadisələrdə özünü göstərə bilib. Azərbaycanın dövlət strukturları enerji kəsiminə dərhal reaksiya veriblər.

Yarımstansiyadakı mürəkkəb yanğın tez söndürülüb və bərpa işlərinə başlanılıb. Elektrik enerjisinin bərpası üçün işlər görülüb və mərhələ-mərhələ bütün ölkədə işıq bərpa edilib".

Deputatın sözlərinə görə, dövlət orqanları hadisə və onun aradan qaldırılması barədə mütəmadi məlumat veriblər və nəticədə cəmiyyət çaşqın qalmayıb: “3-4 iyul hadisələrinə cəmiyyətimiz yüksək hazırlığını ortaya qoyub. Sosial şəbəkələrdə panika yox idi, onu yaratmaq istəyənlərə qarşı isə çox sərt mövqe nümayiş etdirildi. İnsanlar öz dövlətinə, hakimiyyətə inamlarını göstərdilər.

Onlar dövlətin sınaqdan çıxacağına inanırdılar, hətta öz köməklərini də təklif edirdilər. Bu ağır sınaqdan hər kəs üzüağ çıxdı". 

"Strateji obyektlərdə generatorlar quraşdırılmalıdır" 

Ümumilikdə, prezident İlham Əliyev müşavirədə məlum hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvlərini dinlədikdən sonra bəzi nazirlərə, eləcə də "Azərenerji"nin sədri Etibar Pirverdiyevə öz iradlarını bildirib. Ölkə rəhbəri ümumrespublika üzrə işıq sisteminin çökməsi nəticəsində bir çox strateji əhəmiyyətli obyekt və müəssisələrdə, o cümlədən, metropolitendə, bəzi xəstəxanalarda generatorların olmamasını qəbuledilməz hal kimi qiymətləndirib. Bu problemlərin köklü şəkildə həll olunmasını tapşırıb.

Prezident yekun nitqində bildirib ki, strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır: "İlk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz. O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər". 

"Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır"

Prezidentin keçirdiyi müşavirənin ertəsi gün Mingəçevir İstilik Elektrik Stansiyasında üçüncü dəfə, lakin lokal xarakterli qəzanın baş verməsi haqlı olaraq narahatlığa əsas yaradır. Təsadüfi deyil ki, dövlət başçısı müşavirədə eyni halın təkrarlanmaması, hadisə baş verdikdə isə lokal xarakter daşıması, ümumi sistemin bundan zərər görməməsi istiqamətində tədbirlərin təcili şəkildə həyata keçirilməsini tapşırmış, bunu komissiyanın işində əsas əsas istiqamət kimi müəyyənləşdirmiş, məsul qurumların rəhbərlərinə ciddi xəbərdarlıq etmişdi: "Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən, beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır".

Ceyhun ABASOV

 





06.07.2018    çap et  çap et